Bizi sosial şəbəkələrdən izləyin:
İqor Kşnyakin işlədiyi dövr ərzində sübuta yetirib ki, onun üçün ən əsas məsələ sərnişinlərin təhlükəsizliyi olub.
Bunu mərhum gəmi komandiri İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
“Atam böyük qəlbi olan, hər zaman öz işinə sadiq olan insan idi. O, çox təcrübəli pilot idi. O, işlədiyi dövr ərzində sübuta yetirib ki, onun üçün ən əsas məsələ sərnişinlərin təhlükəsizliyi olub. Atam hər zaman deyirdi, “mən havaya qalxanda təkcə öz həyatıma görə deyil, həm də bütün sərnişinlərin, ekipaj üzvlərinin həyatına görə məsuliyyət daşıyıram. O, son uçuşu ilə əsl qəhramının necə olduğunu sübuta yetirib.”, - o vurğulayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Dekabrın 25-də isə dövlət başçısı qəza ilə əlaqədar dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.