Bizi sosial şəbəkələrdən izləyin:
Təyyarə qəzasında həlak olan bələdçi Hökumə Əliyevanın iş yoldaşı Mənzərə Ağayeva onun həyatını aviasiyaya həsr etdiyini deyib.
O, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
M.Ağayeva vurğulayıb ki, Hökumə Əliyeva ilə tanışlığı 2016-cı ildə AZAL-da işə başlayanda olub:
"Qrupumuzun ən sakit xanımı idi. Lakin bütün Azərbaycana səs salaraq bizi tərk etdi. Həyatını aviasiyaya həsr etdi. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün daim çalışırdı".
O, təyyarə bələdçisi olmaq təkcə gülərüzlü olmaq deyil, sərnişinlərin təhlükəsizliyi daim priotetdir:
"Hökumə xanım nəinki peşəkarlıq, həm də həmkarları arasında səmimiyyəti ilə də seçilirdi. Başımız sağ olsun".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.