2024-cü il Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar oldu. Bu il Rusiya və Azərbaycan ali rəhbərlərinin razılaşması əsasında sülhməramlı hərbi kontingent Qarabağı vaxtından tez tərk etdi. Bu, diplomatiyamızın növbəti uğurlu gedişlərindən biri idi.
Digər hadisə Ermənistanla ilk dəfə sərhədin Qazax istiqamətində delimitasiya və demarkasiya aparılması, həmçinin işğalda olan 4 kəndin qaytarılması oldu. Bu ilin digər ən yaddaqalan hadisələrindən biri, sözsüz ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi konfransı - COP29 oldu. Azərbaycan özünün beynəlxalq imicinə növbəti mühüm xallar əlavə etdi.
2024 Azərbaycan üçün həm də seçkilər təqvimi idi. Bu il növbədənkənar prezident və növbədənkənar parlament seçkiləri keçirildi. İlin sonuna sayılı günlər qalmış isə Azərbaycan xalqını sarsıdan təyyarə qəzası baş verdi.
Ümumilikdə ölkəmiz üçün taleyüklü bir dövr oldu və Azərbaycan dövləti, xalqı bu sınaqlardan, mürəkkəb siyasi şəraitlərdən başıuca çıxmağı bacardı.
Aydın Mirzəzadə
Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, hər il olduğu kimi 2024-cü il də uğrlarla və Azərbaycan dövlətinin inkişafında növbəti müsbət il kimi yadda qalacaq. Yenə də cəmiyyətimiz və dövlətimiz müstəqilliyimizin, suverenliyimizin keşiyində durdu: “44 günlük müharibədə və bir günlük anti-terror əməliyyatında qazandığımız qələbənin bu gün və sabah üçün nə qədər əhəmiyyətli olduğunun bu il bir daha fərqində olduq. 2024-cü ildə bütün sahələrdə inkişaf getdiyini deyə bilərik. 2024-cü il üçün parlament tərəfindən qəbul edilən dövlət büdcəsinin bütün maddələr üzrə yerinə yetirilməsini gördük. Azərbaycan manatı yenə də sabitdir. Qeyri-neft sektorunun inkişafı 2024-cü ildə də davam etdi. İqtisadi inkişaf mərkəzi tədricən reguonlara keçməkdədir. İnfrastrukturun yaxşılaşması üçün növbəti addımlar atılır. Regionlarda iş yerləri açılır, sosial obyektlər tikilir, təhsilin, səhiyyənin keyfiyyətinin artırılması üçün dövlət tərəfindən böyük işlər görülür. Özəl sektorun inkişafına dövlət tərəfindən diqqət oldu. Vaxtaşırı iqtisadi qanunvericiliyə edilən dəyişikliklər özəl sektorun inkişafına yeni şərait yaradır. Siyasi hadisələrdən isə mən növbədənkənar prezident və parlament seçkilərini xüsusi vurğulamaq istərdim. Bu il prezident seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün ərzisində keçirildi. Seçicilər Prezident İlham Əliyevə mütləq şəkildə səs verdilər. Parlament seçkiləri də demokratik, şəffaf, rəqabətli keçdi. Parlament bu gün seçicilərlə sıx işləməklə dövlət üçün vacib olan qanunların qəbulu ilə diqqəti cəlb edir. Eyni zamanda Azərbaycanda COP29 kimi çox nüfuzlu beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq birlikdə artan nüfuzunu göstərdi. İlk dəfə idi ki, dünyanın 197 ölkəsindən 76 min iştirakı, 80-dən çox ölkənin prezidenti, vitse-prezidenti, baş naziri Azərbaycanda keçirilən bu tədbirdə iştirak etdi. Çox təəssüf ki, ilimiz aviasiya qəzası ilə də yadda qaldı. Azərbaycan dövləti cənab Prezidentimizin simasında bu ağır məqamda lazımi addımları atdı. Azərbaycan vətəndaşları dövlətinin daim onun üçün çalışdığının bir daha fərqində oldu”.
Arzuxan Əlizadə
Deputat, AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, 2024-cü il Azərbaycan üçün bir sıra məsələlərlə xüsusi diqqətdə qalan il oldu: “Bütövlükdə 2024-cü ili Azərbaycan üçün uğurlu il hesab edrəm. Bu il fevralın 7-də ilk dəfə idi ki, Azərbaycanın bütün suveren ərazilərində Prezident seçkiləri keçirildi. 2024 bu hadisə ilə tarixdə qalan əlamətdar il oldu. Eyni zamanda 1 sentyabrda müstəqillik tariximizdə ilk dəfə bütün ölkəmizin ərazisində parlament seçkiləri keçirildi. Həmçinin bu il COP29 kimi nüfuzlu beynəlxalq tədbirə hazırlıq və tədbirin keçirildiyi il kimi də Azərbaycanın tarixində yer alacaq. Azərbaycan məhz bu il D-8 Təşkilatına üzv oldu. Bu da qürurverici hadisədir. Təəssüflər olsun ki, 2024-cü il dekabrın 25-də Azərbaycanın mülki təyyarəsinin Rusiya havası məkanında vurulması və çoxlu sayda insanın həyatını itirməsi kimi hadisə ilə də tarixdə qalacaq”.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, 2024-cü il Azərbaycan üçün uğurlu il oldu: “Ümumi şəkildə belə demək olar ki, 2024 Azərbaycanın 2023-cü ildəki çox ciddi uğurlarının möhkəmləndirilməsi ili oldu. Həm daxili siyasət sahəsində, həm xarici siyasətdə uğurlar əldə edildi. İqtsadi, sosial siyasət sahəsində, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində addımlar atıldı. Azərbaycan sosial dövlət olduğunu nümayiş etdirdi. İşğaldan azad edilmiş rayonlarımızda quruculuq işlərinin və qayıdış prosesinin sürətləndiyini də bu il müşahidə etdik. 2024 daha çox siyasi hadisələrin zəngin olduğu il kimi yadda qalacaq. Prezident seçkiləri, parlament seçkiləri keçirildi, bələdiyyə seçkiləri kampaniyasının bir hissəsi məhz bu ilə düşdü. Seçkilərdə bizim partiya da özünü sınaqdan çıxardı. Partiyamız parlament seçkilərində ilk dəfə olaraq partiya kimi iştirak elədi. 14 partiyanın içərisində 4-5-ci yerdə olduq. İndi isə bələdiyyə seçkilərində iştirak edirik. Azərbaycan üçün bu il yadda qalan il oldu. Rusiya sülhməramlı qüvvələri məhz bu il Azərbaycanın Qarabağ ərazindən çıxıb getdi. İl COP29 kimi böyük beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi baxımından da yaddan qalan oldu. Azərbaycanda bir sıra mühüm qanunlarda bu il vacib dəyişikliklər edildi. Məsələn, həqiqi hərbi xidmət keçmə yaşı qanunvericilikdə 35 yaşdan 30 yaşa endirildi. Bu addım da cəmiyyətmizdə atılması vacib addım kimi gözlənilənilirdi və həyata keçdi. Azərbaycanın türk dövlətləri ilə, eləcə də dünyanın bir sıra dövlətləri, təşkilatları ilə əməkdaşlığı istiqamətində də müsbət proseslər yaşandı. Azərbaycan bu il gələn il üçün bir çox uğurların təməlini qoymağı bacardı. Bununla yanaşı 2024-cü il Azərbaycana qərəzli beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən təzyiqlərin də çox olduğu il kimi keçdi”.
“Yeni Müsavat”