Bizi sosial şəbəkələrdən izləyin:
“Nənəm məni bütün qastrol səfərlərinə özü ilə aparırdı. Mən düşünürəm ki, onun kimi aktrisalar indi çox az qalıb. Nənəm olduğu üçün demirəm, amma rejissorlar onunla çəkilişdə çətinlik çəkmirdilər. Obrazı o dəqiqə qavrayırdı, özününküləşdirirdi. Evdə də, yolda da həmin obrazla yaşayırdı. Sonuncu dəfə yadımdadır, “Qorxma, mən səninləyəm” filminin çəkilişlərinə onunla getmişdim. Bu filmi Yuli Qusman çəkirdi. Rejissor Nuriyyə xanımın obrazına, işinə olan məsuliyyətini yüksək qiymətləndirdi. Deyirdi ki, “bax, əsl azərbaycanlı aktrisa budur”. Bütün kiçik rolları böyük rol kimi oynayırdı. “Bəxt üzüyü” filmində epizod oynayırdı, amma indiki uşaqlar da onun dilindən söylənilən ifadələri əzbər bilirlər”
Bunu Moderator.az -a açıqlamasında xalq artisti Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə deyib. O daha sonra əlavə edib:
“Mən ondan nənəlik yox, analıq görmüşəm. Bir müddət elə bilirdim ki, həqiqətən də anamdır. Qonşu qadınların danışığından bildim ki, o mənim anam yox, nənəmdir. Ad günüdür, məzarını ziyarət etdim, ruhuna dualar oxudum. Bu həyatda çox əziyyət çəkdi, inanıram ki, o biri dünyada çox rahatdır. Bir ömür bala dərdi ilə yaşadı. Dayımı da itirəndən sonra bir-birimizlə baş-başa verib yaşadıq. Üzdə bildirməsə də içdə o acını, dərdi çəkirdi. Bütün bu dərdlər onun ürəyini partlatdı. Qayğıları çox idi” deyə sənətkarın nəvəsi bildirib.
Faiq deyir ki, nənəsi onun xoş günlərini görmədi:
“Deyirdi ki, səni də yerbəyer etsəydim daha dərdim olmazdı. Bu qədər dərdin içində mənimlə də maraqlanırdı. Çox təəssüf ki, xoş günlərimi görmədi. Mən artıq nişanlıyam. Təsəvvür edin, bu gün nişanlandığımı bilsəydi necə sevinərdi? Kaş uşaq olmazdım, həddi-buluğ yaşım olardı. Onu əziyyət çəkməyə qoymazdım. Heyf ki, zamanı geriyə qaytarmaq mümkün deyil” deyə aktrisanın nəvəsi Faiq İbadzadə deyib.