Aviaqəzada xəsarət alanlardan birinin sabah əməliyyatı planlaşdırılır.
Moderator.az "Report"a istinadla xəbər verir ki, bunu "Yeni Klinika"nın baş həkimi Eldar Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yaralananlardan birinə baldır sümüyündə açıq qəlpəli sınıq diaqnozu qoyulub:
"Həmin xəstə osteosintez əməliyyatına alınacaq".
Qeyd edək ki, "Yeni Klinika"ya gətirilmiş 14 xəstədən 13-ü palata şəraitində, biri isə reanimasiyada müalicə alır.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-nın ölkə ərazisində birgünlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda, dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.