Bizi sosial şəbəkələrdən izləyin:
“Biz hazırda Qroznıdayıq. Bu gün səhər saat 7-yə işləmiş qeydiyyat başladı. Rusiya vaxtı ilə saat 09:20-də uçuş həyata keçiriləcəkdi. 7-də qeydiyyatdan keçib gözlədik. Hava bir az dumanlı idi. Uçuşun vaxtından keçdi, çox narahat olduq. Təyyarənin gec gəlməsi bizi şübhəyə saldı. Bir qədər sonra bildik ki, bizi Qroznıdan götürməyə gələn “Azal” şirkətinin təyyarəsi qəzaya uğrayıb. Bizə belə dedilər ki, pilot qəza siqnalı verib, Maxaçqalaya enmək istəyib, onlar da enişə icazə verməyiblər. Çəkilişlərdən də aydın görünür ki, təyyarənin içərisində nəsə partlayır. İlkin ehtimallara görə matorxanada nəsə partlayıb. Pilot idarəetməni itirdiyinə görə qəza baş verib”
Bunu Moderator.az-a özəl açıqlamasında baş vermiş qəzaya görə hazırda Qroznıda qalan və vətənə qayıda bilməyən Mirsamir Seyidzad deyib. O daha sonra əlavə edib:
“Hadisə baş verəndən sonra bizə dedilər ki, yarım saat gözləyin, ola bilsin ki, ehtiyyatda olan təyyarə gəlib sizi götürdü. Bir qədər gözlədik, amma təyyarə gəlmədi. Bizi Qroznıda hotelə yerləşdiriblər, yemək təşkil ediblər. Hazırda şirkət tərəfindən hər kəsin təhlükəsizliyi təmin edilir. Qroznı aeroportu bildiyim qədərilə hava şəraiti ilə bağlı fəaliyyətini dayandırıb. Sabah saat 1-də bizi Qroznıdan götürüb Vladiqafqaz hava limanına aparacaqlar və saat 16-55-də uçuş gerçəkləşdiriləcək. Hələ də baş verən faciənin təsirindən çıxmamışıq. Çox üzücü xəbərdir. Hər kəs maraqlanır, hər kəs kömək etməyə çalışır. Qəzada həyatlarını itirən insanlara Allahdan rəhmət, yaxınlarına səbr arzulayıram” deyə Qroznıda olan vətəndaşımız bildirib.