Hipermarketdə silahlı basqın törədənlərə hökm oxundu - YENİ DETALLAR
Cəmiyyət
258
20:55, Bu gün

Hipermarketdə silahlı basqın törədənlərə hökm oxundu - YENİ DETALLAR

2023-сü il martın 9-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Xətai rayonunda yerləşən hipermarketdə baş vermiş silahlı insidentlə bağlı birgə məlumat yayıb.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, martın 4-də basqın edən naməlum şəxslər açdığı atəşlərlə bankın əməkdaşı Samir Şeydayevi yaralayıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimovu isə öldürüblər.
 
Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin qrup halında, xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Ruhlan İsmayılov tanışı Dəyanət Qüdrətovla söhbət edərkən ona Ağcabədidəki qohumu Babək İsgəndərovdan "M37" markalı tapança alaraq yaşadığı ünvanda saxladığını bildirib.
 
Ruhlan Dəyanətə inkassatorlara atəş açıb, külli miqdarda pul vəsaitlərini ələ keçirməyi və aralarında bölməyi təklif edib. Onlar qərara gəliblər ki, Xətai rayonunda yerləşən hipermarketə basqın etsinlər. Bundan sonra dəstə üzvləri avtomobillərə saxta nömrə nişanları taxıb, eyni zamanda hədəfi məhv edəcək gücdə odlu silahları müxtəlif yollarla əldə ediblər.
 
Martın 4-də saat 09:30-da Dəyanət və Ruhlan görüşüb və birlikdə hipermarketin qarşısına gəliblər. Saat 12:15-də "Ford Transit" markalı zirehli avtomaşının hipermarketin qarşısında dayandığını, əməkdaşların əllərində pulla dolu çanta ilə içəri daxil olduqlarını görüblər. Dərhal oturduqları avtomobildən düşərək arxalarınca hipermarketə daxil olublar. Razılaşdıqları kimi, əvvəl Ruhlan mühafizəçini öldürmək məqsədilə ov tüfəngini çıxarıb atəş üçün hazır vəziyyətə gətirərək başı ilə Dəyanətə işarə verib. Sonuncu arxadan yaxınlaşaraq Rüfət Həşimovun başına bir dəfə atəş açıb, lakin o, cəld kənara çəkildiyindən güllə hədəfdən yayınaraq qarşıda quraşdırılmış bankomatın monitoruna dəyib. O, növbəti dəfə atəş açmaq istəyərkən silahın tətiyinin ilişdiyini və atəşin açılmadığını, habelə Rüfət Həşimovun xidməti "Makarov" tapançasını çıxarmaq istədiyini və Samir Şeydayevin döşəməyə yıxılaraq onun ayaqlarını tutub saxlamağa çalışdığını görüb.
 
Tapançanın arxası ilə üzünə bir dəfə zərbə endirərək hadisə yerindən çölə qaçıb. Daha sonra Ruhlan İsmayılov odlu silahdan açdığı atəşlərlə Rüfət Həşimovu qəsdən öldürüb. Bankomatın qarşısında döşəmə üzərində içərisində 16 835 manat və 20 100 dollar məbləğində pul olan çantanı götürərək qaçıb.
 
Həmin gün saat 19 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində silahlı basqını törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini 21 yaşlı Dəyanət Qüdrətov saxlanılıb. Onun üzərindən tapança və 11 ədəd qurğuşun başlıqlı patronlar götürülüb.
 
Bundan 2 saat sonra Səbail rayonu, H.Z.Tağıyev küçəsi, ev 19, mənzil 2-də polis əməkdaşlarına silahlı müqavimət göstərən Ağcabədi rayon sakini 22 yaşlı Ruhlan İsmayılov zərərsizləşdirilib. Mənzildəki çantaya baxış keçirilərkən içərisində 16 835 manat və 20 100 dollar məbləğində pul vəsaiti tapılıb. Davam etdirilən əməliyyatlardan sonra Qəbələ rayon sakini Azər Məmmədov, Bakı şəhər sakini Səbuhi Qurbanov və Goranboy rayon sakini İbrahim İbrahimov saxlanılıblar.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dəyanət Qüdrətov ömürlük, Azər Məmmədov və İbrahim İbrahimov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, Rövşən İsmayılov 4 il 11 ay 28 gün, Babək İsgəndərov 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər. Rövşən İsmayılov və Babək İsgəndərov məhkəmə zalında həbs ediliblər.
 
Link kopyalandı!
Son xəbərlər