1754
05 Dec 2024 | 23:38

"Gürcüstan müxalifətinin Saakaşviliyə ehtiyacı var" - Hikmət Cavadov

"Müasir dünyanın ən parlaq siyasətçilərindən biri, Gürcüstana dünya şöhrəti qazandıran Saakaşvili azadlıqda olsaydı, seçkilərin nəticələri tamamilə başqa cür olacaqdı..."
 
Artıq bir neçə gündür ki, dünyanın diqqəti Gürcüstandan gələn xəbərlərə dikilib. Tbilisi küçələrində polis və etirazçılar arasında toqquşmalar baş verir. Müxtəlif kateqoriyalı gürcülər arasında qarşıdurma gedir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu" ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov "gordonua.com" nəşrindəki bloqunda yazıb.
 
"Onların bir hissəsi ölkəni, xüsusilə gəncləri Avropa və demokratik gələcəkdən məhrum etməkdə özünü haqlı hesab edir. Gürcü cəmiyyətinin digər hissəsi bu cəhdlərə müqavimət göstərir. 
 
Dərhal qeyd edim ki, bu yaxınlarda Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini bu seçkilərdən sonra baş verənlərdən ayırmaq vacibdir. 
 
Məlum olduğu kimi, seçkilərdə Rusiya-Gürcüstan oliqarxı Bidzina İvanişvilinin başçılıq etdiyi "Gürcü arzusu" partiyası özünü qalib elan edib. Bəli, bu seçkilərin nəticələri ilə bağlı suallar olub, ilk növbədə ona görə ki, "Gürcü arzusu" uzun illər boyunca planlı şəkildə siyasi meydanı təmizləməklə məşğul olub.
 
Təkcə onu xatırlatmaq kifayətdir ki, Gürcüstanın sabiq prezidenti, müasir dünyanın ən parlaq siyasətçilərindən biri, Gürcüstana dünya şöhrəti qazandıran bir çox islahatların müəllifi hazırda həbsxanadadır.
 
Aydındır ki, o, azadlıqda olsaydı, parlament seçkilərinin nəticələri tamamilə başqa cür olacaqdı. Saakaşvili çox gözəl natiqdir, tərəddüd edənləri və hətta özünün siyasi opponentlərini inandırmaq qabiliyyətinə malikdir.
 
Ayrıca qeyd edim ki, bu gün gürcü polisinin hakimiyyətin əmrilə qəddarcasına dağıtdığı mitinqlərdə məhz ona ehtiyac var. Gürcüstan hakimiyyəti müxtəlif ölkələrdən olan siyasətçilərin xalqı, xüsusilə gəncləri Avropa və demokratik gələcəkdən məhrum etməmək çağırışları da daxil olmaqla hər şeyi görməzdən gəlməyə qərar verib.
 
Bunu həm də bir çox tanınmış gürcülər, o cümlədən dəfələrlə mitinqçilərə ölkənin Avropa gələcəyi uğrunda birmənalı dəstək verən futbolçu Xviça Kvaratsxeliya da xahiş edib.
 
Hakim "Gürcü arzusu" partiyası məhz bu gələcəyin üzərindən xətt çəkməyə qərar verib. Məhz bu partiya Avropa İttifaqına daxil olmaq üzrə danışıqların müzakirəsinin 2028-ci ilədək dayandırılması barədə qərar verib.
 
Bu qərar Ukraynanın qaçaq prezidenti Viktor Yanukoviçin hərəkətlərinə çox bənzəyir, məhz onun Ukraynanın Avropaya inteqrasiya edilməsi üzrə gələcək addımlardan imtina etməsi Ləyaqət İnqilabına gətirib çıxarıb.
 
Məhz ona görə də hakimiyyətin qəddar repressiv maşınına qarşı dayanan Gürcüstan vətəndaşlarının motivləri bizə yaxın və anlaşılandır. Ukraynada hər şey daha da qəddar və qanlı olub.
 
Lakin biz tab gətirdik, biz Ukraynanın Avropa, demokratik gələcəyi hüququnu müdafiə etdik. Əminəm ki, bu hüququ Gürcüstan vətəndaşları da müdafiə edə biləcək. İgid və vətənpərvərlə dolu olan bu gözəl ölkə ən yaxşılarına layiqdir".
 
Müəllif: Hikmət Cavadov
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər