“Sevdiyim xanım var idi, ailəsi boyuma görə razılıq vermədi” - qısaboylu aktyordan ETİRAFLAR
1909
05 Dec 2024 | 23:23

“Sevdiyim xanım var idi, ailəsi boyuma görə razılıq vermədi” - qısaboylu aktyordan ETİRAFLAR

“31 yaşım var. Saatlı rayonunda anandan olmuşam. Orta məktəbi bitirdikdən sonra Bakıya köçmüşəm. Hələ orta məktəb illərindən incəsənət sahəsinə həvəsim çox olub. 2012-ci ildə həvəskar kimi bir sıra serial və filmlərdə çəkilməyə başlamışam. Elə o illərdən də incəsənət sahəsi üzrə davam edirəm. Özümün şəxsi, kiçik biznesim də var”
 
Bunu Moderator.az -a açıqlamasında aktyor Pərviz Teymurov deyib. O daha sonra əlavə edib.
 
“Boyum 1 metr, 16 santimetrdir. Boyumun balaca olması mənim bu sənətə gəlməyimə yol açıb. Görüntü, tipaj olaraq rejissorlar məni görüb çəkiblər, kəşf ediblər. Bəlkə də normal boyda olsaydım ali təhsilsiz mənim bu günə gəlib çıxmağım çox çətin olardı. Bəlkə də çoxdan yarıyolda qoymuşdum. Qazanc da əldə edirəm. Şükür Allaha ki, heç kimə möhtac deyiləm” deyə o bildirib.
 
Aktyor Pərviz Teymurov bildirib ki, vaxtilə çox kompleksləri olub.
 
“Boyumla bağlı çox böyük komplekslərim olub. Cəmiyyət içərisində sıxıntılarım var idi. Bakıya gələndən sonra böyük bir toplum içərisində bunu daha çox hiss etmişdim. Müəyyən zaman ərzində o komplekslərdən azad olmuşam. Bu sahəyə gələndən sonra olan-qalan kompleksləri də atdım. Bəzən uşaqlar məni barmaqla göstərəndə valideynləri ucadan deyir ki, olmaz. Elə valideyn var ki, məni uşağına göstərib deyir ki, “balaca kişiyə bax, balaca kişiyə bax!” Allahıma çox şükürlər etmişəm. Heç vaxt ondan narazı olmamışam. Ətrafım, ailəm, dostlarım bunu mənə heç vaxt hiss etdirməyiblər ki, onlardan seçilirəm. Mənə görə pensiya alıblar. 18 yaşıma qədər ailəm bunu bildirməyib ki, birdən mən fikirləşərəm ki, xəstəyəm, fikir edərəm ki, məndə nə var görəsən? 18 yaşında kateqoriyaya keçəndə bilmişəm bunu” deyə aktyor bildirib.
 
Aktyor bildirib ki, həyata keçirmək istədiyi ideyaları çoxdur:
 
“Subayam. Qısa müddətdə ailə həyatı qurmağı planlaşdırıram. Sevdiyim xanım olub, amma nədənsə ailəsi razı olmayıb. Ona görə qovuşa bilməmişik. Bu da boyla bağlı olub. Hər bir insan arzuyla yaşayır. Mənim də reallaşdırmaq istədsiyim məqsədlərim var. Arzularımın içində bir şey də var ki, qısaboylular cəmiyyəti yaradım. Bizdə belə bir cəmiyyət yoxdur. Ucaboy adam görmüşəm ki, cəmiyyət içərisinə çıxmağa utanır. Yerişində, hərəkətində baxırsan ki, çox əziyyət çəkir. Amma bəzən mənim boyda olan insanın içində o qədər böyük özgüvən olur ki” deyə aktyor bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər