Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar-İDDİA+ARAŞDIRMA+ÖZƏL
Cəmiyyət
1001
11:01, Bu gün

Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar-İDDİA+ARAŞDIRMA+ÖZƏL

Bakıda fəaliyyət göstərən “Devin Medya Akademi”nin insanları aldatdığı iddia edilir. 
 
Bu barədə “facebook” sosial şəbəkə istifadəçilərindən biri paylaşım edib.  
 
“Facebookda “Devin Medya Akademi” adından verilmiş, film çəkilişləri üçün həvəskar şəxslər axtarıldığına dair elana rast gəldim. Oğlumun dərsdən sonra boş vaxtlarında başını qatması üçün müraciət etdim. Elə həmin gün qarşı tərəfdən zəng edib əlaqə saxladılar, oğlumu dəvət etdilər. Dünən bir neçə fotosunu çəkib, 20 manat da ödəniş aldılar ki, bəs sizi votsap qrupuna daxil edəcəyik, orada çəkiləcək filmlər barədə ətraflı məlumat veriləcək (halbuki kastinq ödənişsiz olur). Oğlum evə qayıdan kimi bu gün üçün yenə dəvət etdilər, bu dəfə də bildirdilər ki, bəs rejissor sizi filan fimdə filan obrazda görür, amma bunun üçün 3 aylıq kursda iştirak etməlisiniz, həftədə 1 dəfə Həmidə Ömərova kimi ustadlar sizə dərs keçəcək, hər ay üçün də 200 manat (cəmi 600) ödəməlisiniz. Gəldik zurnanın zonq dediyi yerə. Sayları yaz yağışından sonra artan göbələklər kimi peyda olan daha bir şəbəkənin toruna düşdüyümü anladım. Təsəvvür edin, votsap qrupundan 871 nəfər insan var, hərəsindən o qədər pul alanda görün nə qədər edir. Və Allah bilir ki, neçə elə qruplar var” - deyə sosial şəbəkə istifadəçisi yazıb.
 
 Moderator.az-a açıqlama verən şikayətçi sonradan onu da bildirib ki,  bu hadisədən sonra şirkətlə əlaqə yaratmağa çalışıb:
 
“Bu gün də zəng edib irad bildirdim. Telefonu üzümə söndürdülər. Fırıldaqçı olduqlarına bir daha əmin oldum. Sonradan geri yığıb kursun məcburi olmadığını, oğlumu başqa filmə dəvət edəcəklərini bildirdilər. Təbii ki, mən artıq bunların əsl məqsədini başa düşdüm, yəni məni ələ almağa çalışırdılar. Mən tora düşmüşdüm. Oğlum orada olanda Pərviz Malik Əjdər adında aktyoru görüb. Oğlumu yoxlayan şəxs isə guya türk aktyoru Recep imiş”. 
 
Hadisədə adıçəkilən Xalq artisti Həmidə Ömərova ilə əlaqə saxladıq. Aktrisa bildirdi ki, sözügedən kursdan ona yay aylarında zəng gəlib: “Təklif etdilər, şirkətlərinin yerini dedilər. Onlara dedim ki, mən hazırda çəkilirəm, vaxtım yoxdur, noyabr ayında mənə zəng edərsiz. O vaxtdan bəri mənə heç bir zəng olmayıb. Mən ümumiyyətlə özəl kurslarda dərs demirəm”. 
 
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdır. “Devin Medya Akademi” rəhbəri Atilla Uysal Moderator.az-a açıqlamasında qeyd etdi ki, artıq 4 aydır Bakıda fəaliyyətə başlayıblar:
 
“Fəaliyyətə başladığımız ilk andan etibarən Bakıda çəkilən film və seriallara aktyorlar göndəririk. Aktyorluq kursuna gələn insanlardan foto və video çəkilişi üçün 20 manat alırıq. Bunu özlərinə də söyləyirik. Biz film və seriallara aktyor yönləndirməkdən əlavə, özümüz də serial, film və reklam çəkirik. Dərslərimizə nə qədər şagird qatılıbsa, əlimizdə sübut da var, sizə göstərə də bilərik. Dərslərə qatılmaq istəyən şagirdlər isə təhsil üçün müəyyən miqdarda pul ödəyir. Təhsil almaq istəməyən şagirdlər isə qatılmır. Təhsilə qatılmırlar deyə kastinq xidmətindən məhrum olmurlar. Bəhs etdiyiniz 800 nəfərlik qrupda da hər gün iş paylaşırıq ki, kimə hansı çəkiliş uyğundursa, şəkilini göndərək, gedib çəkilsin. Bizim vasitəmizlə yüzlərlə aktyor gedib çəkilib. Bizdə aktyor dərslərini xalq artisti Pərviz Məmmədrzayev keçir. Yəqin ki, onu tanıyırsınız. Səhv bir iş görsək sizcə bu cür insanlar bizim kursumuzda dərs verərlər?” 
 
“O ki, qaldı Həmidə Ömərovanın bizim kursumuzda dərs deməsinə, Həmidə xanımla görüşdük, söhbətimiz oldu, amma hazırda dərs vermir. Çünki işləri çoxdur. Fevral ayında biz 44 günlük müharibə ilə bağlı bir film çəkmək istəyirik. Bunun üçün Xalq artisti Nurəddin Mehdixanlı bizi Müdafiə Nazirliyinin səlahiyyətli adamları ilə görüşdürəcək. Biz insanların xəyalları ilə oynamırıq, ortalığa iş qoyuruq”- deyə Atilla Uysal bildirib.
Link kopyalandı!
Son xəbərlər