Bizi sosial şəbəkələrdən izləyin:
“Cəbrayıla növbəti köçün yola salındığı xəbəri məni hədsiz sevindirib duyğulandırdı. Oktyabrın 4-də Cəbrayılda təşkil olunan dövlət tədbirinə də mən getdim. Bütün ziyalılar orada idi. Cənab prezident Cəbrayıla köçənlərə evlərin açarlarını təqdim edirdi. Çox möhtəşəm tədbir idi. Cəbrayılda otel olmadığı üçün gedib bir gün Şuşada qaldıq. Gecə saat 4-də Şuşadan çıxdıq. Yenə də Şuşanın ab-havasını aldım, səhərə kimi pəncərəni açıq qoyub o havanı nəfəsimə çəkdim. İllər sonra Cəbrayılda, doğma şəhərimdə səhnədə oxumaq çox şükür ki, mənə qismət oldu. Bəzi dövlət adamları təyyarə ilə gəlmişdilər, biz isə avtobusla getmişdik. Geri qayıdanda nəzarətçi xanım yaxınlaşıb mənə dedi ki, Yaqut xanım, siz təyyarə ilə getmək istəyirsiz? Dedim ki, xeyr, niyə təyyarə ilə gedim ki? Mən avtobusla gedəndə hər yana, sağa-sola baxıram, gözəlliklər məni valeh edir”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış xanəndə Yaqut Abdullayeva deyib. O daha sonra əlavə edib:
“Ötən həftə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nərimanov şöbəsinə yaxınlaşdım. Dedim ki, məni də siyahıya ala bilərsiz? Orada mənə dedilər ki, sizə Cəbrayılda ev düşmür. Dedim ki, necə yani mənə ev düşmür? Bildirdilər ki, siz Bakıda qeydiyyatdasız, məcburi köçkünlərin hamısı orada yerləşəndən sonra sizə torpaq sahəsi verə bilərlər, özünüz orada ev tikə bilərsiz. Bu sözlərdən sonra nə hala düşdüm. Özümü çox pis hiss etdim. Mən Cəbrayılda doğulub boya-başa çatmışam, təhsilimi burada almışam, burada da işləyirəm. Heç olmasa mənə 1 otaqlı ev versinlər, doğma vətənimə gedib-gəlim. Hətta dedilər ki, kim ordan torpaq sahəsi istəsə gedib götürüb, ev tikə bilər. Hər bir işdə vətənim üçün çalışmışam. Bu mənim borcumdur. Vətənimin borcundan heç vaxt çıxa bilmərəm. Mənim valideynlərim, qohum-əqrabam, bacımın şəhid oğlu hamısı Cəbrayılda dəfn olunub. Lazım gələrsə bu işlə məşğul olan aidiyyatı qurumlara müraciət edəcəyəm” deyə sənətkar bildirib.
Mövzu ilə bağlı QAÇQINKOM-un mövqeyini dərc etməyə hazırıq.