Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai Fənlər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Türk dünyası “Onur” və “Altın yıldız” medallı, "Humay" Milli Mükafatı laureatı, Qırğızıstan Respublikası “Çingiz Aytmatov" adına medal sahibi, Qırğızıstan Təhsil Nazirliyinin "Altın qələm" mükafatı laureatı, "Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, "VİP Milan Hospital"ın təsisçi direktoru Xuraman xanım Muradovanın Zəfərimizin memarı, Azərbaycan Ordusunun "Dəmir Yumruq"lu Qürur Simvolu, Şuşa Qalamızın xilaskarı, Könüllərimizin Fatehi, şərəfli ömrünün Cumhurbaşqanlığa həsr olunan 20 ilini əsrə bərabər yaşamış Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin xalq üçün yaşanmış ömür yolundan bəhs edən "Əsrin qəhrəmanı olan Komandan”kitabı işıq üzü görüb. "Elm və Təhsil" nəşriyyatında yüksək nəfis tərtibatda çap olunan bu dəyərli kitabın redaktoru Xalq yazıçısı Çingiz Abdullayev, rəyçi Xalq yazıçısı Natiq Rəsulzadədir.
Kitabda Cənab Ali Baş Komandanın ordumuza etdiyi sərkərdəlik, ölkəmizə rəhbərlik, prezidentlik fəaliyyətinə işıq tutan, dəqiq faktlara söykənən bir-birindən maraqlı məqalə və müsahibələr yer almışdır. "Əsrin qəhrəmanı olan Komandan" kitabının müqəddiməsi Xuraman xanım Muradovanın Cənab Ali Baş Komandana həsr etdiyi "Əsrin Qəhrəmanı olan Komandan" şeiri ilə başlayır.
Kitabın Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Azərbaycan Ordusunun "Dəmir Yumruq"lu Qürur Simvoludur!, "Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev könüllərimizin fatehidir!" , "Uca Rəbbim müzəffər xalqımızın Müzəffər oğlunu qorusun!" adlı fəsilləri cənab prezidentimizin, "Tarix yazan Sərkərdənin arxasında dayanan qeyrətli Türk Xatunu" fəsli isə Ali Baş Komandanla ən çətin yollarda çiyin-çiyinə addımlayan Mehriban xanımın işıqlı fəaliyyətindən bəhs edir.
“Azərbaycanın birinci xanımı, əzizimiz, ölkəmizdə xeyriyyəçiliyin simvoluna çevrilən Mehriban xanım Əliyevanın xeyirxahlıq yolunu mən həmişə böyük rəğbət hissi ilə dəstəkləmiş və ürəkdən alqışlamışam...”, "Xilaskarı dəstəkləmək milləti dəstəkləmək deməkdir!" başlıqlı fəsillərdə müəllifin dövlətçiliyimizə dair parlaq fikirləri öz ifadəsini tapmışdır.
Kitabda yer alan "Ürəklərdə ölümsüzləşən Öndər Şəxsiyyət" məqaləsini müəllif Ulu öndər, ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə, "Türk dünyamıza müzəffər Oğul bəxş edən Ana" məqaləsini isə bu məmləkət üçün İlham Əliyev böyüklükdə şəxsiyyət yetişdirən müqəddəs Ana, görkəmli həkim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edib.
"Biz hamımız möhtərəm Ali Baş Komandanımız Cənab İlham Əliyevin əsgərləriyik!" məqaləsində müəllif müəllimindən həkiminə, alimindən memarına qədər bütün xalqımızın "Dəmir Yumruq" ətrafında sıx birləşməyindən qürur hissi ilə söhbət açır. "Azərbaycan - Türkiyə Cumhurbaşqanlarının qardaşlığı Turanın ayaq səsləridir" məqaləsində Xuraman xanım Cənab İlham Əliyevlə Cumhurbaşqan Rəcəb Tayib Ərdoğanın sıx dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərindən bəhs edir və Qarabağ zəfəriylə, "Şuşa bəyannaməsi"nin bu qardaşlığın zirvəsi olduğunu vurğulayır.
"Əsrin qəhrəmanı olan Komandan" kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və yüksək nəfis tərtibatda çap olunmuşdur.
Kitabın müəllifi Xuraman Muradova Möhtərəm prezidentimiz, müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin siyasi kursuna ən fədakar əsgər kimi sadiq bir insandır. Azərbaycanın birinci xanımı, ölkəmizdə sevginin, şəfqətin, gözəl əməllərin və xeyirxahlığın simvoluna çevrilmiş dəyərli Mehriban xanımın işıqlı yolunu hər zaman rəğbətlə alqışlayan və dəstəkləyən Xuraman xanım uzun illərdir ki, gənclərimizin ali təhsil alması, müxtəlif xəstəliklərdən əziyyət çəkən körpələrimizin müalicə olunması, xüsusilə də rəhbətlik etdiyi "Vip Milan" Hospitalda şəhid ailələrimizin və qazilərimizin sağlamlığı istiqamətində böyük ürəklə çalışan, vətəndaş borcunu layiqiylə yerinə yetirən ziyalı, xeyir əməllər sahibidir.
İşgüzar fəaliyyətləri ilə bərabər Xuraman xanım həm də ədəbi yaradıcılıqla məşğuldur. Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvüdür. Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru və Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professorudur. II Türk Dünyası Beynəlxalq Ədəbiyyat festivalında "Türk Dünyası Onur medalı" ilə, 2023-cü ildə Azərbaycan Yazıçılar Birliyinin "Humay Milli Mükafatı" və Türkiyə Elmlər Akademiyasının "Uluslararası Altın yıldız" medalı ilə təltif olunmuşdur.
2021- ci ildə Azərbaycanda "Sənə məktub yazacam..." adlı ilk kitabı, 2023-cü ildə Türkiyənin Ankara şəhərində "Ay Laçın, can Laçın" adlı ikinci kitabı işıq üzü görüb. 2024-cü ildə "Kimim var ki dağlarda" şeirlər kitabı Azərbaycanda, "Yarım qalan məktublar" kitabı Türkiyədə, "Özbəkistanım da Vətənimdir!" adlı şeirlər kitabı qardaş Özbəkistanda nəşr olunub. 2024-cü ildə Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib. Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai Fənlər Akademiyasının fəxri akademiki, Qırğızıstan Təhsil Nazirliyinin "Altın qələm" mükafatı laureatı fəxri adlarına və Qırğızıstan Respublikası “Çingiz Aytmatov" adına medala layiq görülüb.
Müzəffər Ali Baş Komandanımız, Cənab İlham Əliyevin xalq üçün yaşanmış şərəfli ömür yolundan bəhs edən "Əsrə bərabər 20 il" və "Əsrin qəhrəmanı olan Komandan" kitabları Xuraman xanım Muradovanın möhtərəm Prezidentimizə böyük sevgisinin və vəfa borcunun izharıdır.