“Siniflər soyuqdur, uşaqlar kurtkada oturur, pul yığıb peç almışıq”-valideynlərdən Aşağı Mollu məktəbi ilə bağlı İDDİA
Cəmiyyət
412
26 Nov 2024 | 22:55

“Siniflər soyuqdur, uşaqlar kurtkada oturur, pul yığıb peç almışıq”-valideynlərdən Aşağı Mollu məktəbi ilə bağlı İDDİA

“Sumqayıt şəhəri, Bağlar massivi, Aşağı Mollu kənd tam orta məktəbində övladım təhsil alır. Məktəbdə qızdırıcı radiator olsa da, bu sadəcə görüntü üçündür. Çünki həmin məktəbdə istilik yox səviyyəsindədir. Demək olar ki, siniflərin əksəriyyəti soyuqdur. Koridordakı radioatorların əksəriyyəti işləyir. Bir otaqda iki qızdırıcı varsa birini bağlayırlar ki, o birinə istilik getsin. Bu zaman isə sinif soyuyur. Çünki aparat balacadır”
 
Bunu Moderator.az-a açıqlamasında adının çəkilməyini istəməyən şikayətçi valideyn bildirib. Daha bir valideyn isə iddia edib ki, özləri məktəbi peçlə təmin edib:
 
“Uşaqlardan pul yığıb otaqlara qızdırıcı alıblar. Bu təşəbbüs də əslində uşaqlardan, valideynlərdən gəlib. Çünki otaqlar soyuq olur. Məktəblilər ez-tez xəstələnirlər. Hətta soyuq olanda uşaqlar isti üst geyimləri ilə dərsdə otururlar. Qış hələ qarşıdadır. Birazdan vəziyyət daha dözülməz olacaq. Çox istərdik ki, məktəbimiz üçün əlavə istixana tiksinlər” deyə şikayətçi bildirib.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, bütün məktəblər artıq 10 gündən çoxdur ki, istilik sistemi ilə təmin olunub.
 
“Təhsil müəssisələrində istilik sistemi ilə bağlı tədbirlər hər il noyabr ayının 15-dən həyata keçirilir. Bu səlahiyyət “Azəristiliktəchizat” ASC-yə aiddir. Elə ucqar bölgələr var ki, orada istilik odun sobası vasitəsilə təmin edilir. Həmin qurumla Elm və Təhsil Nazirliyi arasında müqavilə imzalanır. Ola bilər ki, bəzi məktəblərdə istilik təchizatı ilə bağlı gecikmələr olsun. Yaxşı olar ki, həmin şəxslər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, Elm və Təhsil Nazirliyinə məlumat versinlər. Xətdə yaranan hansısa problemlə bağlı isə “Azəristiliktəchizat” ASC-nə müraciət edə bilərlər” deyə təhsil eksperti bildirib.
 
“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, sözügedən məktəb qurumun balansında deyil. 
 
Mövzunu davam etdirəcəyik.
Link kopyalandı!
Son xəbərlər