Kəlbəcər Şəhər Günün Mübarək!
Cəmiyyət
5319
25 Nov 2024 | 16:25

Kəlbəcər Şəhər Günün Mübarək!

Qürbətin isti ocağından 
Od alıb qızmaz canı.
Övlada isti gələr
Vətən torpağındakı 
Qara daşların soyuq qucağı...
Salam ata ocağı!
 
Pir atanın Pir oğlu,
Salam, Qəmbər Şəmşiroğlu!
 
Ruhum qəribsəyəndə, dərdlərimi bölüşməyə ehtiyac hiss edəndə maşını sürüb şəhərdən çıxır, məzarın üstə gəlirəm. Heç kimlə bölüşə bilmədiklərimi səninlə bölüşürəm, az da olsa yüngülləşirəm... 
Ötən çağlar düşür yadıma, xatirələrə qapılıram. Böyük Rus yazıçısı Dostoyevski belə deyirmiş: - Anam həmişə deyərdi ki, atanız evə gələndə onun üzünə gülümsəyin, çöldə həyat vahiməlidir, ataları taqətdən salır”.
Xatırlayıram, hər dəfə sizinlə görüşəndə Dostoyevskinin o möhtəşəm, sirrli-sehirli sözləri düşərdi yadıma, gülümsəyərdim...
Dərd-dərdi, söz-sözü çəkər deyirlər. Ruhumda bir bayatı səslənərdi.
 
Duman, gəl keç bu dağlardan
Dağlar yeni bar eyləsin.
Nə gözlərim səni görsün
Nə könlüm qübar eyləsin!
Gözlərimdən duman çəkilərdi, sinəmdə qübar əriyərdi hər dəfə səninlə görüşəndə...
 
Söylədiyin acılı-şirinli xatirələr ruhumu göynədərdi. Gülümsəyə - gülümsəyə, içində qovrula-qovrula danışdığın xatirələrdən təsirlənib ağrılı bir şer yazmışdım. Qəbrin üstə pıçıldaya-pıçıldaya oxudum o şeri sənə.  Əminəm ki, eşidirdin, dinləyirdin...
Əsrlər boyu formalaşmış insani dəyərləri, milli adət-ənənələri özündə, əməllərində yaşadan içi işıqlı, üzü nurlu tək-tük kişilərdən biriydin...
 
“O, ağlayan kimdi, elə” şerini sənə yazmışdım...
 
O ağlayan kimdi elə?
Ağlaya-ağlaya gülür...
Sinəsini qan aparır,
Yarasının düyməsini
Bağlaya-bağlaya gülür...
 
Ocağı kül, közü gülən...
İçi yanıb, üzü gülən,
Göz yaşında gözü gülən
O ağlayan kimdi elə?
 
Sığınıb qərib dağlara,
Batıb qalıb uzaqlara.
Qısılıb ötən çağlara
O ağlayan kimdi elə?
 
Baxıb şəkil düşən daşa,
Göydə süzən tənha quşa...
Uşaqlığıyla baş-başa
O ağlayan kimdi elə?
 
Dayanıb yolayrıcında,
Gözünün yaşı ovcunda.
Son Söz dilinin ucunda
O ağlayan kimdi elə?
***
 
Dərdi dərd çəkən bilər...
 
Böyük qüdrətli Allah bəzi adamlara bu dünyanı borc kimi verdiyini anladır. Onlar borclarını verib bu dünyadan rahatca gedə bilirlər”.  “- Allahı tanıyan onu sevər. Dünyanı tanıyan onu özünə düşmən hesab edər”. (Müqəddəs İmam Həsən Bəsri) 
 
Qəlbimdə, dilimdə bu ecazkar kəlamlar səslənəndə ilk öncə gözlərim önündə Qəmbər Şəmşiroğlunun işıqlı çöhrəsi canlanır...
Əlim, ünüm yetmədi deyə quru dillə də olsa ad gününü, 88 yaşını təbrik edə bilmədim, Qənbər kişi! Hacıkənddəki evinizin həyətindən Kəlbəcər tərəfə zillənmiş qürbət dolu gözlərin  düşür yadıma... Və Toğanadan Kəlbəcərə qalxan torpaq, ensiz maşın yolu...
 
Baban aşıq Qurbanın, dədən Aşıq Şəmşirin yurdu, yuvası Ağdabanda kimləri nələri itirdiyini bilənlər bilir...Düşdüyün sarsıntılar, çəkdiyin əzablar böyük bir nəslin faciəsi ilə üz-üzə, diz-dizə qalıb yaşamaq hər kişinin işi deyil. Tikdiyin, qurub-yaratdıqların bir andaca viranəyə  çevrilir, od vurub yandırılır, daşı daş üstündə qalmır...
 
Söz tapıb səni ovundurmaq fikrindən uzağam, dərdi dərd çəkən bilər... O, acıları hamılıqla yaşadıq, hamılıqca:
 
Tikdiyin qalanın özülü uçdu, 
Daşı daş üstünə qalandı, Xalıq!
Bilirdin dünyanın axırı puçdu...
Bilirdin ki, dünya yalandı, Xalıq!
 
Deyərlər əridi bir-bir aşındı,
Var-dövlət də torba torba daşındı...
Daşınanlar, öz torpağın daşındı, 
Baxanda gözlərin sulandı, Xalıq!
 
Yüz yol, sinənə vur, yaxanı yırt da, 
Öz içindən yeyər meyvəni qurd da, 
Gör nələr yaşandı qurduğun yurdda, 
Sağdan da, soldan da talandı, Xalıq!
 
 
Qocalıq yetişdi nəfəs təntidi,
Dövran ömür biçən bir kərəntidi.
Xoş gün, xoş güzəran bir görüntüdü,
Düz yolun son ucu dalandı... Xalıq!
 
 
Zakir Fəxri, var üstündə yarışdı, 
Nəfslər milçək tək bala daraşdı...
Halal, haram bir qazanda qarışdı...
Dup-duru sular da bulandı, Xalıq!
 
Maddiləşib bulanıq hala düşmüş bu dünyada dəyərlər də bulanır, əriyir, yox olub itir...damla-damla.
 
- Qənbər Şəmşiroğlu, milli kimliyi, insani dəyərləri ruhunda qoruyub, əməllərində dup-duru yaşadan Adam!
- İçi Vətən, Dövlət, Bayraq, sevgisi ilə dolu, aşıb-daşan Kişi!
Yaşadığın ömrü duru yaşadın, kimsənin haqqını yemədin. İllərdi o dağlara - Kəlbəcərə gedən yollar bağlı qaldı üzümüzə. Südü, qatığı, qaymağı, adicə şoru başqa dad verirdi, çiçəklərin tamı gəlirdi...
Sac lavaşı, sac fətiri-yanında da motal pendiri, doymaq bilmirdi adam. Sübh tezdən şeh düşmüş çəmən, çiçək ağ tül pərdə kimi yamaclarda sürünən duman...
Uşaqlıq illərim yay aylarında qənşərində durub heyran-heyran baxdığım dağlar...
 
Gör nə vaxtdır, nə zamandır, 
Düşmür sizə yönüm, dağlar!
Halım yaman pərişandır, 
Başınıza dönüm, dağlar!
 
Cığırlar yamacda ləkdir,
Sağı- solu gül çiçəkdi, 
Ruhuna bir sığal çəkdi,
Bir cənnətdir önüm, dağlar!
 
Gül - çiçəklər iraq olub...
Gözlərimə qəm dağ olub...
Ətəyimdə çıraq olub,
Yanım dağlar, sönüm dağlar
 
Beş gün ömür düşdü ələ,
Şerə uyub verdim yelə...
Dərdlərimi tutun dilə...
Mən də bir yol dinim, dağlar!
 
Rüzgardı ağlı, qaralı, 
Zakir Fəxri tək yaralı...
Düşəli sizdən aralı, 
Batdı səsim, ünüm, dağlar!
 
Şükürlər olsun, Qarabağımızın düşmən tapdağlndan azad olunduğu, bizləri qürurlandıran, başımızı ucaldan möhtəşəm qələbəni Uca Allah bizlərə nəsib etdi. Bu tarixi qələbəni bizlərə bəxş edən hər kəsə - əsgərlərimizə, zabitlərimizə, generallarımıza eşq olsun! Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizə rəhmətlər, qazilərimizə şəfa və can sağlığı arzulayıram. 
 
Dünyanın indiki mürəkkəb durumunda siyasi təlatümlərin, ikili oyunların baş alıb getdiyi indiki zamanda özünü, ailəsini riskə atmış Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarına min alqışlar olsun! Türk qardaşlarımıza, cənab Ərdoğana eşq olsun! Bizə dəstək verən, yanımızda olan hər bir dövlət var olsun! Gün o gün olsun ki, dünyanın ən dilbər guşəsində - Kəlbəcərdə, bulaq başında yığışıb görüşmək nəsibimiz olsun, Qənbər müəllim! Dədə Şəmşirin oğlu, Bəy Kişi! Allah himayədarın və köməyin olsun, Amin! Bir daha təbrik edirəm, ömrün uzun olsun!
 
Təbrik olaraq son zamanlar yazdığım şeirlərdən birini Sizə ərmağan edirəm:
 
Gözlərində qara yaş...
Əyin-başın belə nimdaş...
Yol gedirsən ağır-ağır, 
Yolun haradır, qardaş?
 
Addım-addım dünyadan,
Səni qoparır bu yol...
Tək ruhun bilir, ancaq
Hara aparır bu yol...
 
Səni dünyaya bağlayan
Kəmər belindən qopur...
Əl uzadıb, əl tutduğun,
Əllər...Əlindən qopur...
 
Boylanırsan geriyə...
Arxanca atılan daşları...
Yuyur... yuyur...görürsən,
Uşaqlıqda... axıtdığın,
Dup-duru göz yaşları...
 
Yovuşa bilmədiyin
Dünya qalır arxada
Bilməzə yovuşursan
Təkliyə, tənhalığa.
Qaranlıqlardan qopub
Qovuşursan işığa,
İşığa  qovuşursan!
 
P.S.: Yazı Aşıq Şəmşirin övladı Qənbər Şəmşiroğlunun dünyaya gəlişinin 91-ci ildönümünə həsr olunur
 
Zakir Fəxri
 
Link kopyalandı!
Son xəbərlər