Bu gün Kəlbəcər Şəhəri Günüdür
Cəmiyyət
174
01:26, Bu gün

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Azərbaycanda 25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür.
 
Moderator.az xatırladır ki, 2023-cü il iyulun 31-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.
 
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
Bu əlamətdar günün təsis olunması Kəlbəcər şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün şəhərin erməni işğalçılarından təmizlənməsindən dörd il ötür.
 
Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
 
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı.
 
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatıb, işğalçılardan təmizlənən şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımız ucaldılıb.
 
Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
 
Kəlbəcər 1993-cü ilin aprel ayından Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilməli olub.
 
Rayon ərazisində bir şəhər, bir qəsəbə və 145 kənd olmaqla, 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayıblar.
 
Kəlbəcər rayonu ərazisində qalmış 13 minədək fərdi mənzil, 37 min 852 ha meşə sahəsi ermənilər çıxarılanadək talan edilib, günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulublar.
 
Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub.
 
Kəlbəcər rayonunun təbii sərvətləri - sənaye əhəmiyyətli ehtiyatları 112.5 ton olan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib.
Link kopyalandı!
Son xəbərlər