Ölkədə yaşıllıqları məhv etmə və ya zədələməyə görə sanksiyalar sərtləşdirilir. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər gözlənilir. Məsələ artıq Milli Məclisdə birinci oxunuşda təsdiqlənib. Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən yaşıllıqları məhv etmə və ya zədələmə min manatdan iki min manatadək miqdarda cərimə, bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması, bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
Səkkiz ilədək həbs cəzası
Yeni layihəyə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən yaşıllıqları məhv etmə və ya zədələmə xeyli miqdarda (beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu əməllər xüsusilə külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) ziyan vurmaqla törədildikdə dörd ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Layihəyə görə, yaşıllıqların məhvi yandırma və ya digər ümumi təhlükəli üsulla xüsusilə külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) ziyan vurmaqla törədildikdə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bəs, görəsən, cəzaların sərtləşdirilməsi ölkədə yaşıllıqlara qarşı neqativ davranışları azalda biləcəkmi?
İnsanlar cəzalardan xəbərdar olmalıdırlar
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İslam Mustafayev deyib ki, dünyada ətraf mühitin qorunması üçün iqtisadi mexanizmlərdən istifadə olunur. Onun sözlərinə görə, iqtisadi mexanizmlər təkmilləşdikcə, ətraf mühitin mühafizəsi istiqamətində daha effektiv nəticələr əldə edilir: "Amma neqativ halları yalnız sanksiyaların sərtləşdirilməsi yolu ilə aradan qaldırmaq da olmaz. Bu yöndə ciddi maarifləndirmə işləri davam etdirilməlidir. Əhali cərimələrin artırılması, cəzaların sərtləşdirilməsi barədə məlumatlandırılmalıdır. İnsanlar onları gözləyən cəzalardan xəbərdar olmalıdırlar ki, ətraf mühitə, yaşıllıqlara qarşı daha həssas davranış nümayiş etdirsinlər".
"Ədalətli yanaşma olmalıdır"
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynlinin fikrincə cərimələrin artırılmasının effektiv nəticələri olsa da, bəzən bu məsələdə sui-istifadə hallarına yol verilir: "Təbii ki, cərimələrin tətbiqi insanları daha məsuliyyətli və intizamlı olmağa vadar edir. Çünki cərimələrin məbləği artdıqca bu, hər bir vətəndaşın büdcəsinə maddi ziyan vurur. Buna görə də insanlar qaydaları pozmamağa çalışırlar. Amma bu məsələdə sui-istifadə hallarına yol verilməsi, vətəndaşların hüquqlarının pozulması istisna deyil. Tutaq ki, bəzən şəhər daxilində elə ağaclar olur ki, qəza şəraiti yaradır. Həmin ağaclar budanmalı və ya köçürülməlidir. Əgər şəhər təsərrüfatını idarə edənlər, bələdiyyələr bu işi icra etmirsə, bəzən insanlar özləri qəza vəziyyətini aradan qaldırmaq məcburiyyətdə qalırlar. Bu kimi situasiyalarda dövlət məmurları mövcud qanunvericiliyi əsas gətirərək sui-istifadə hallarına yol verirlər. Bu məsələdə ədalətli yanaşma olmalıdır. Təbii ki, 100 ağacı gecə ilə məhv edib yerində hansısa binanın özülünü qazanlara qarşı sərt cəza tətbiq edilməlidir. Qəzalı ağacı məcburiyyətdən kəsmiş və ya budamış vətəndaşa qarşı isə daha ədalətli yanaşma olmalıdır".
"Cərimələrin sərtləşdirilməsi dönüş nöqtəsi ola bilər"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, yaşıllıqları məhv edənlərə qarşı sanksiyaların sərtləşdirilməsi cəmiyyətdə bu məsələnin həssaslığına diqqəti yönəltməyə hədəflənib: "Müşahidələr göstərir ki, müvafiq maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq ətraf mühitə qarşı laqeyd münasibət davam edir. Bəzi hüquqi və fiziki şəxslər biznes maraqlarını üstün tutaraq yaşıllıqları məhv edirlər. Halbuki hər bir ağac bizim üçün qiymətli olmalıdır. Çünki Azərbaycan ərazisinin yaşıllıqla örtülmə nisbətini götürsək, Qafqazda ən az yaşıllığı olan ölkəyik. Hesab edirəm ki, cərimələrin sərtləşdirilməsi bu sahədə dönüş nöqtəsi ola bilər. Artıq insanlar biləndə ki, onları hansı cəza gözləyir, ağacın bir budağını kəsmədən əvvəl yüz ölçüb bir biçəcəklər. İnsanlar bu cəzalardan sonra özləri özlərinə qadağa qoyacaqlar".
"Ayrı-seçkiliyə yol verilsə..."
Hüquqşünas Əkrəm Həsənov da hesab edir ki, cəza ən effektiv təsir vasitələrindən sayılır. Lakin bu məsələdə ayrı-seçkiliyə yol verilsə, effektiv nəticələrdən danışmaq mümkün olmayacaq: "İnsanlar adətən ictimai qınaq və qanundan çəkinirlər. Amma etiraf edək ki, bizim cəmiyyətin böyük hissəsi ictimai qınaqdan qorxmur. Hansı cəmiyyətdə ictimai qınaq effekt vermirsə, bu halda sərt cəza mexanizmi işə düşür. Ona görə də cəzaların sərt olması vacibdir. Yaşıllıqların məhv edilməsinə qarşı ağır cərimələr tətbiq olunmasa, insanlar buna davam edəcək. Vətəndaşları bu kimi xoşagəlməz əməllərinə görə ağır cərimələrlə tərbiyələndirmək istəyi müsbət haldır. Lakin bu məsələdə qanun qarşısında hər kəsin bərabərliyi təmin olunmalıdır. Əgər ayrı-seçkiliyə yol verilsə, effektiv nəticələr əldə edə bilməyəcəyik. Qanunu saymayanlar yenə də öz bildiklərini edəcəklər. Bunun qarşısını almaq üçün cəmiyyət ayıq-sayıq olmalıdır. Ətraf mühitə ziyan vurulması və həmin hadisəni törədənlərin cəzasız qalması kimi faktlarla qarşılaşdıqda, onu ictimailəşdirməkdən çəkinməməliyik".