“Şuşa xəyalımda qaldı, ora çataçatda 2 km qalmış...” - FİLM KİMİ HƏYAT HEKAYƏSİ - ÖZƏL
Cəmiyyət
593
19:18, Bu gün

“Şuşa xəyalımda qaldı, ora çataçatda 2 km qalmış...” - FİLM KİMİ HƏYAT HEKAYƏSİ - ÖZƏL

“Noyabr ayının 2-də mənim taboruma Şuşanın arxasına keçmək və Xankəndindən gələn yolu bağlamaq, ən sonda Şuşaya girmək  tapşırığı verilmişdi. Heyətimlə birlikdə səsiz, düşmənin ağlına belə gəlməyəcək, heyvan ayağı belə dəyməmiş yollardan keçərək Laçın koridoruna yaxınlaşdıq. Laçın koridorunun üstü erməni mənfurları ilə dolu idi, həmçinin polisləri belə cəlb etmişdilər. Müşahidə etdiyim bir neçə texnika mövqelərdə gizlədilmişdi. “İrəli” əmrini gözləyirdim. Nəhayət ki, o irəli komandası gəldi. Düşmən artıq duyuq düşmüşdü. Meşədə olduğumuz ərazi minaatan və ağır haubitsalardan atəşə tutulurdu. Məskunlaşdığımız yeri bilməsələr də ətrafımızı darmadağın etmişdilər. Mən taborumla birgə Laçın koridoruna yaxşnlaşdıq. Onlar strateji yüksəkliklərdə idilər, daş belə atsalar bizə dəyəcəkdi. Düşmən bizim olduğumuz yeri güllə yağışına tutmuşdu. Mən bütün ağır çaplı silahları  tək-tək daşların arxasına yerləşdirdim. “Bu dəqiqə onların nəslini kəsəcəyik” dedim. Əlimizdə olan kamikadze dronunu işə hazırlatdırdım. Şəxsi heyətin ruh yüksəkliyi birəbeş artmışdı. Kamikadzeni yönləndirən əsgərə qaldırıb vışkaya vurmasını istədim. Pulemyotçulara mən hərəkətə başlayan kimi yuxarı atəş açmalarını, onları atəş altında saxlamalarını söylədim. Yalnız bir şeyi deməmişdim ki, onu da mən bilmədən etdilər. Onun səbəbi idi ki,  keçid yeri tam bəlli oldu.  Düşmən səpələmə atəşi açırdı. Biz keçənə macal digər heyətdən biri tüstü şaşakası atdı . Bütün atəşlər bir istiqamətə yönləndi. Mən öndə solda olduğuma görə düşmənin 7.62 mm-lik gülləsinə tuş gəldim (yolun 10 metrliyində 5 metr irəlilədim və güllə dəydi). Güllə sanki bir şillə kimi dəymişdi. Güllə dəyən kimi yerə yıxıldım”
 
Bunu Moderator.az-a özəl açıqlamasında ehtiyyatda olan kapitan Elvin Məmmədov deyib. O daha sonra əlavə edib:
 
“Hər yaralanan olanda şoka düşürdü. Mən hər dəfəsində içimdə düşünürdüm ki, görəsən məni vursalar şoka düşəcəm? Amma şok deyiləsi bir şeyi yaşamadım. Vurulduğum an kasqa başımdan yanıma düşdü. Hardan vurulduğumu bilmirdim, ama düşən kimi qrup komandiri  yanıma qaçdı. “Komandir vuruldun” dedi. Onun gözləri dolmuşdu, mən ona “ağlamaq yeri deyil sürün daşın dibinə” dedim. Kaskanı başıma qoyub yolun kənarındakı daşa tərəf süründüm . Sanitar morfini gətirib ayağıma vuran kimi, hər kəsə yolu keçməli olduğumuzu, mənim ardımca gəlmələrini söylədim. Qalxıb ayağa yolu keçdim. Mən bilirdim ki, biz yolu keçən kimi hər biri qaçıb oradan gedəcək. Düşündüyüm kimi də oldu. Düşmən bizim heyəti görən kimi olduğu əlverişli mövqeləri qoyub qaçmağa başladı. Yaram qanayırdı, amma ağrı hiss etmirdim. Yolu tam şəkildə götürmüşdük, digər dəstələrimiz də yola qalxmış, məruzələri etmişdilər. Sanitar yaxınlaşıb yarama tibbi yardım göstərdi və çənəmi bağladı. Heyətlə bir qədər irəlilədim (500 metrdən çox). Qan itirməm çox olduğu üçün (həm daxilə, həm xaricə), (halsızlıq, baş gicəllənməsi ) heyətin hərəkətini ləngidirdim. Həm surətini, həm də fikri mənim yanımda qalırdı. Tək xəyalım olan ŞUŞA artıq xəyalımda qalmışdı. ŞUŞAYA çatmağa 2 km qalmış yaralanmışdım. Mənim də yolum ora kimi idi. Hərəkət fəaliyyətim zəifləmişdi. Oturub bir yerdə  dincəlmək istədim. “Komandir, getmə burada gözlə, təxliyyə çağırmışıq gəlir” dedilər. Amma təxliyyənin gəlməyəcəyini bilirdim. Heyəti ləngitdiyimi bilirdim, ona görə də həmin yerdə oturub təxliyə haçan gələcəksə qayıdaram dedim. Şəxsi heyəti istiqamətləndirib, GPS-ə koordinatları yükləyib yola saldım. Həmin gün orada tək idim, düşmən hər tərəfdə ola bilərdi, ona görə də silahımı hazır şəkildə saxlamışdım. Düzdü heyətimizin bir hissəsi yuxarıda dağlarda mövqelənib yolu nəzarətdə saxlasa da, mənfur düşmən əraziyə dağılmışdı. Gecəni orada qalmaq məcburiyyətində idim. Daşaltı götürülməmişdi. Yanıma 2 nəfər yaralı hərbi qulluqçu gətirdilər. Mən ağrıdan koridorun üzərində o tərəfə, bu tərəfə gedib gəlirdim. Güllə sol  çənə nahiyyəmdən dəymiş, dilimin ucunu yandırmış, sağ tərəfdəki damaq və dişləri qırmış, çənəmi  5 sm aşağı salaraq deşib çıxmışdı. Həm daxilə, həm də xaricə qan axırdı. Boğazım şişmiş, nə yemək, nə su içə bilirdim. Həm ağzımın açılıb bağlana bilməməsindən, həm də laxta qan boğazımı tutmuşdu. Qanın iyini burnumda hiss edirdim. Laxta qanı çıxartmaq üçün ağac taxtasının üstünə pambığı bağlayıb ağzıma salır, laxta qanı onunla çıxartmağa çalışırdım. 3  gün yol üzərində ac susuz qalmalı oldum, ŞUŞA hələ də alınmamışdı, mən hələ də yolda qalmışdım. Təxliyyə 3-cü günü gəlmişdi. Mən hərəkət edə bilirdim, ama qan itirmə çox olduğundan baş gicəllənməm var idi. Gələn təxliyyə mənə kömək etmək istəsə də, onlara “mənim köməyə ehtiyacım yoxdur, qarşıda yaralılarımız var, onları götürün” dedim. Sadəcə dedim ki, mənə harada yerləşdiyinizi deyin, mən gedib taparam. Yanımdakı 2 nəfəri də götürüb ordan çıxdım. Təxliyyə dağın o tərəfində idi. (150-200 metr aşağıda). 2 gün orda qaldıq. 70- ə yaxın yaralımız var idi. Ağrılarım günü-gündən daha da kəskinləşirdi. Bir insan öz ölümünü necə hiss edər, mən o günü yaşadım. Durmadan yağan yağışlar daha da ağrılarımı kəskinləşdirirdi. 5 gün idi ki, dilimə nə su, nə də yemək dəyirdi. Hələ əvvəldən də təminat gələndə tez çıxdığımızdan nə su nə də yemək yeməmişdik. Düşünmüşdüm ki, gedib yerimə çatım rahat yeyərəm . O da elə oldu ki, ağzımdan yaralandım. Yağış bütün bədənimi su eləmişdi. Alt paltarına kimi su idim. Soyuq bir tərəfdən, ağrı bir tərəfdən məni yıxırdı. Noyabr ayının 7-si idi, rəhbər şəxsə briqada ilə əlaqəyə çıxmasını istədim. (Koridorda olandan danışa bilmirdim, vərəqə yazırdım). Onlara yolu tanıdığımı, mənimlə yüngül yaralıların təxliyyə olunmasını, qaldıqca yaralıların qan itirmədən şəhid olduqlarını deməsini yazdım. Briqada komandiri təxliyəyə icazə vermədi. “Yollar açılmayıb, gözləyin” deyə məlumat verdi. Bir qədər keçəndən sonra yenə əlaqəyə çıxmalarını istədim. Bu səfər icazə vermişdi. Qarşıda yenə məsuliyyətini götürdüyüm ağır bir vəzifə dururdu. Xəritəsiz və GPS-siz 40 nəfər yaralını və 10 nəfər təminat heyətini 10 km arxaya cəmləşmə rayonuna aparmalı idim. Hər kəsə “kim hərəkətimizi ləngitməyəcəksə oblar gəlsin” dedim. 40 nəfər yaralı canını qurtarmaq üçün arxama düzüldülər. Bir qədər getdik. Çatana yaxın yol üzərində 2 maşın olduğunu gördüm. Üstləri palçıqlandığından bizim maşın olduğunu bilirdim. Aama içində nə heyət, nə də yan yörəsində adam var idi. Onların bizim üçün gəldiyini bilirdim .Amma onları durub gözləməyə səbrim də yox idi. Yola düzəlib istiqamət üzrə hərəkəti davam etdim. Hardasa 1 km ə yaxın yolum var idi. Dizlərimdə taqət qalmamışdı. 200-300 metr getmişdik ki, əsgərlər arxadan maşın gəldiyini söylədilər. Hər kəsə sağa sola çıxmasını, maşına yol vermələrini söylədim. 2 sanitarka idi. Şəxsi heyəti maksimum dərəcədə maşına mindirib yola saldım. Özümlə birgə 10 əsgər yer çatmadığından ayaqla davam etməli idik. Həmin vaxt Laçın istiqamətindən yoldan keçən maşın və texnikaları vururdular. Elə həmin ərəfədə yolla hərəkət edən sanitarkamız artilleriyadan atılan minaatan mərmisinə tuş gəldi. Nə yaxşı ki, mərmi sanitarkanın təkər olan yerinə torpağa dəymişdi. Şəxsi heyət maşından düşüb qaçan zaman əsgərimizin biri qəlpə yarası almışdı. Mənim haqda briqadaya məlumat getmişdi ki, vəziyyəti pisdir, onu təcili hospitala çatdırın. Heyətlə birlikdə cəmləşməyə çatdıqdan sonra məni qarşılayan həkim yaramın ağır olduğunu, infeksiya tuta biləcəyini, təcili arxaya təxliyyə olunmamı dedi. Məni sanitarka ilə yola salmaq istədilər. Amma mən o qədər yaralını orada qoyub gedə bilməzdim. Əlaqəyə çıxıb səhər 2 kamaz göndərmələrini istədim. Səhər saat 05:00 da 2 kamaz gəldiyini gördüm. Məni səsləyən sürücü və maşın başçısı tez olmamızı, hava işıqlaşmamış çıxmamız gərəkdiyini söylədi. Mən heyətin 20 nəfərini bir kamaza, 20 nəfərini isə digərinə yığıb yola düşdük. Keçdiyim yerləri kamazla geri qayıdırdım. Kəndlərin içində yaşayış yerlərində bizim əsgərlərimiz idi. Biz o kəndlərin alınmasında nə əziyyətlər çəkmiş, necə igid qardaşlarımızı şəhid vermişdik. Kamazla Füzulinin Abdurrəhmanlı kəndində (ermənilərdən götürülən hospitalda) səyyar xəstəxana qurulmuşdu. Orada mənə baxdılar. Mən ilkin müalicə alıb geri qayıtmaq niyətində idim. Amma həkimlər bu halda gedə bilməyəcəyini, rentgendə çənəmin 5 sm aşağı düşdüyünü dedilər. Ordan Əhmədbəylidəki hospitala göndərildim. Əhmədbəylidə həkimlər yarama baxıb yaramın ağır olduğunu, əməliyyat olunmalı olduğumu dedilər. Mən bu gün yaşıyıramsa göydə Allah, yerdə də dəyərli dostum, qardaşım,  həkimim üz-çənə cərrahı  Vüqar Qurbanov və həkim kollektivinin sayəsindədir. Zəfərimiz mübarək! Bu vətən şəhidlərlə bütövləndi” deyə kapitan Elvin Məmmədov deyib.
 
Qeyd edək ki, Elvin Məmmədov “Azərbaycan bayrağı” ordeni, Kəlbəcər, Füzuli, Xocavənd, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə medallarla təltif olunub. O bundan başqa hərbi sahədəki uğurlarına görə “100 illik” yubiley medalı, “90 illik” yubiley medalı, “Hərbi xidmətdə fərqlənmə” medalı, “Qüsursuz xidmətə görə”, medalı, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər