Azad Vətən Partiyasının Zəfər günü ilə bağlı təbriki...
Cəmiyyət
495
14:00, Bu gün

Azad Vətən Partiyasının Zəfər günü ilə bağlı təbriki...

8 noyabr zəfər günümüzdür. Tariximizin ən keşməkeşli, torpaq həsrəti ilə yaşadığımız əzab-əziyyətli 30 ilə son qoyan  44 günlük İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın zəfərini  dünyaya çatdıran böyük qələbə günüdür. Azərbaycan xalqını ən məğrur, yenilməz xalq kimi, ordumuzu isə dünyanın ən güclü, peşəkar ordusu kimi təsbit edən bu gün tarixə qızıl hərflərlə yazılıb.  Tarixi zəfərimizin əsasında Azərbaycan xalqının səbri, dözümü və müdrikliyi, əsgərlərimizn döyüş meydanında qəhrəmanlığı, rəhbərlərimizin diplomatik müstəvidə qazandığı uğurlar durur. 
 
2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. 2018-ci il may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi. 2020-ci il iyul ayında Ermənistan ordusunun yeni təxribatlarına cavab olan  Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə xüsusi səhifə kimi daxil oldu və bizim zəfərimizə əsas təkan verən hadisəyə çevrildi. 2020-ci il 27 sentyabrda düşmənin təxribat cəhdlərinə cavab olaraq Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin torpaqlarımızın azadlığı uğrunda verdiyi döyüş əmri çoxdan gözlədiyimiz taleyüklü məsələnin həllini sürətləndirdi. 
 
Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ölkəmizin süverenliyinin bərpası uğrunda mübarizənin əsas devizi idi. 
 
Azərbaycanın dövlət başçısının hücum diplomatiyasına və milli maraqlara əsaslanan siyasəti sayəsində xalqımız qələbəyə köklənən platforma qazanmışdı. Prezident İlham Əliyevin qalib dövlət adından etdiyi çıxışların birindən sitat: "Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var".
 
Vahid Azərbaycan dövlətinin varlığını təsbit edın son nöqtə 2023-cü ildə qoyuldu. Süverenliyimiz, bütövlüyümüz tam bərpa olundu. Cünayət bataqlığında sürünən erməni tör-töküntüləri torpaqlarımızdan birdəfəlik qaçıb getdilər. Hətta xalqımızın və dövlətimizin hümanizm prinsipləri əsasında onları saxlamaq təşəbbüslərini də həmin cinayətkarlar qiymətləndirə bilmədilər. Çünki, yaxşı başa düşürdülər ki, Azərbaycan xalqına qarşı etdikləri bəşəri cinayətlər bağışlanmazdır.
 
Bu böyük zəfər günündə Azad Vətən Partiyası xalqımızı, ordumuzu, Prezident İlham Əliyevi, virse-prezident Mehriban Əliyevanı, bütün vətəndaşlarımızı təbrik edir, alqışlayır və gələcək işlərimizdə uğurlar arzulayır. Yaşasın Azərbaycan xalqı, Azərbaycan rəhbərliyi, Azərbaycan əsgəri! Biz qalib xalqın qalib övladlarıyıq!
 
Akif Nağı
Azad Vətən Partiyasının sədri
07 oktyabr 2024-cü il.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər