Kəlbəcərin zəngin çəmənlikləri...
Cəmiyyət
2182
18 Jul 2024 | 16:28

Kəlbəcərin zəngin çəmənlikləri...

Kəlbəcər həm də relyefi qayalıqlarla və çəmənliklərlə zəngin rayonlardandır. Rayonun əksər kəndlərinin, həmçinin ən böyük kəndlərindən olan Başlıbelin ərazisində çoxlu sayda qayalar, çəmənliklər yerləşir. Bu qayalıqlar ərazinin gözəlliyinə əlavə rəng qatmaqla yanaşı bəzi heyvanlar üçün sığınacaq rolunu da oynayır. Məsələn, “Qırmızı kitab”a adı düşən bezuar keçisi Kəlbəcərdə qayalarda yaşayır.  Bezuar dağ keçiləri bəbirlərin əsas yem bazası kimi tanınan heyvanlardandır. Ona görə də Kəlbəcərdə artıq bəbir də yaşayır. Həmçinin bu qayaların üzərində nadir bitki növlərindən sayılan və dərman sənayesində istifadə edilən həmişəyaşıl ardıc ağacları da bitir. 
 
Nadir ayı fındığı meşəliyi də Kəlbəcər ərazisində mövcuddur. Ayı fındığı iri gövdəli, hündürlüyü 30 metrə qədər uzanan ağac növüdür. Botanika mütəxəssislərinin rəyinə görə, bu ağacın məhsulu digər fındıq növlərindən daha faydalıdır. 
Kəlbəcərin meşələri giləmeyvələrlə də zəngindir. Məsələn, Azərbaycanda nadir itburnu növünə aid enliləçək itburnu növünün ən çox yayıldığı bölgə Kəlbəcərdir. Onun meyvəsi C vitamini ilə zəngindir, böyrəkdə daşların, duzların qənimidir.  Yalnız Kiçik Qafqazda rast gəlinən bu bitki növünün çiçəklərindən cənnət ətri gəlir. Parfüm sənayesində çiçəkləri əvəzsiz rol oynaya bilər. 
Bu rayonun və kəndlərinin ərazisindəki meşələrin zəngin giləmeyvə və meyvə növləri həmçinin meşə ərazisində yaşayan fauna növləri üçün əvəzsiz qida mənbəyidir. İşğaldan öncə rayonun əhalisi də meşələrdəki bu sərvətlərdən istifadə edidilər. Bundan sonra da istifadə edəcəkləri şübhəsizdir. Ancaq bu sərvətləri də daimi istifadə etmək üçün kəsməməli, yandırmamalıyıq.
Kəlbəcərin çox geniş subalp və alp çəmənlikləri mövcuddur. Təkcə rayonun Başlıbel kəndi ərazisindəki yaylaqlarda çəmənliklərdə SSRİ zamanında 10-dan yuxarı digər rayonların kolxoz və sovxozlarına məxsus ümumi sayı on minlərlə olan qoyun sürüləri  yay aylarında yerləşirdi. Eləcə də kəndin əhalisinin şəxsi təsərrüfatlarına aid qoyun sürüləri, iribuynuzlu heyvanlar, kəndin kolxozunun bir neçə min baş xırda və iribuynuzlu heyvan sürüləri məhz bu bərəkətli çəmənliklərdə bəslənirdilər. Bu böyük bitki resurslarına malik çəmənliklər yay otlaqları üçün olduqca əlverişlidir. Heyvan sürülərini otarmaq üçün bu çəmənliklər çox məhsuldar və relyefi çox əlverişlidir. Xüsusulə də qeyd etdiyimiz kimi, rayonun Başlıbel kəndi bu cür çəmənliklərin daha geniş olduğu kəndlərdəndir. Dəniz səviyyəsindən 2400 metr yüksəklikdə böyük əraziləri əhatə edən alp çəmənliklər təsəsrrüfat fəaliyyəti ilə yanaşı rəngəbərəng çiçəkləri ilə yaratdığı mənzərələrlə valehedicidir. Arıçılıq təsərrüfatları üçün də bu cür çəmənliklər əvəzsiz sərvət hesab olunur. Təsadüfi deyil ki, Kəlbəcər balı keçmiş SSRİ məkanında tərkibinə görə ikinci ən yüksək keyfiyyətli bal kimi rəsmən tanınırdı. Azərbaycanda isə Kəlbəcər balı tərkibinə görə birinci sırada qərarlaşır. Artıq azad Kəlbəcərə dördüncü yay fəslidir sakinlərin heyvandarlıq və arıçılıq təsərrüfatları doğma yurdlarına köç edir mövsümü orada keçirirlər. Yerli fermerlər və arıçılar bu zəngin təbiətdən daha yüksək və daha keyfiyyətli məhsul əldə edə bilirlər. Odur ki, qarşımızda dayanan vəzifələrdən biri bu sərvətin də müdafiəsi, qorunması olmalıdır. Ot örtüyünün qədərindən artıq sıradan çıxmasının qarşısı alınmalıdır. Mütəxəsisilərin təklifinə görə, çəmənlərdə, dağ ətəklərində heyvanların otarılmasında bu incə nüansa diqqə edilməlidir. Yamacların, çəmənlərin tamamailə torpağa çıxana qədər otarılmasına şərait yaradılmamalı, yanğın hadisələrinə yol veriləcək hərəkətlərdən çəkinməli və bitki örtüyünü mümkün qədər qorumaq mütləqdir. Torpağın bitki örtüyünün yox olmasının erroziyaya və sel daşqınaları kimi fəsadlara da yol açdığını unutmamalıyıq. Ekosistemin pozulmasının fəsadları böyük olur.  Bu ərazilərə qarşı qayğı ilə yanaşmaq bər birimizin borcumuzdur. Təbiəti qoruyaq ki, təbiətdən həmişə faydalana bilək.  
 
Böyük turizm potensialı olan Kəlbəcər rayonunun gələcək inkişafı həm də bölgənin zəngin təbiətinin qorunub saxlanmasından asılıdır. “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin “Təbiətin qorunması üçün icmalarla iş” layihənin ideyası da Kəlbəcərdə aparılan quruculuq işlərində çalışanların, Kəlbəcər rayonunda, Başlıbel kəndində arıçılıqla, maldarlıq və qoyunçuluq təsərrüfatları ilə məşğul olan şəxslərin, doğma yurdlarına ziyarətə gedən Kəlbəcər rayon sakinlərinin ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirilməsindən ibarətdir.
 
Qeyd: “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təbiətin qorunması üçün icmalarla iş” layihəsi çərçivəsində hazırlanıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
Xalid Kazımov 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər