Cəmiyyət
2211
11 Jul 2024 | 19:50

"Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan"

Ulu öndər Heydər Əliyev Kəlbəcər rayonu haqqında danışarkən bu bölgənin təbiətinin zənginliyinə xüsusi vurğu edirdi: “Kəlbəcər Azərbaycanın çox dəyərli gözəl guşəsidir. Böyük əraziyə malik Kəlbəcər rayonu Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Çox zəngin təbiəti, tarixi abidələri mövcuddur. Allah Kəlbəcərə hər cür nemətlər-gözəl təbiət, zəngin sərvətlər  veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yerüstü sərvətləri, həm yeraltı sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir.  O gün gələcəkdir ki, Kəlbəcər Ermənistan silahlı qüvvələrinin işğalından azad olunacaq və Kəlbəcər sakinləri öz doğma yurdlarına qayıdacaqlar”. 
 
Ata vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev isə 2021-ci il 16 avqustda azad Kəlbəcərə ilk səfərində rayonun təbiətinin füsunkarlığına heyranlığını belə ifadə etmişdi: “Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Bundan sonra daha da cənnətə  çevriləcəkdir”.
Həqiqətən də Kəlbəcər bir təbiət möcüzəsidir. Bu Allahın Azərbaycana bəxş etdiyi bir hədiyyədir. Kəlbəcər haqqında danışmağa nə sözlər, nə də zaman yetər. Kəlbəcərin hər daşı tarixdir, Kəlbəcərin hər qarışı qızıldır, Kəlbəcərin hər bir bulağının suyu dərmandır, Kəlbəcərin hər qarış torpağı bərəkətdir, ruzidir. İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, 100-lərlə adam şikəst oldu. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət ocağı, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə müəssisəsi, 1 muzey darmadağın edildi. 
İndi isə Kəlbəcər yenidən qurulur, Ulu öndər Heydər Əliyevin bir zamanlar böyük uzaqgörənliklə dedikləri reallaşır-kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar.  
Otuz il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür.
Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi, əslində, özü-özlüyündə tarixi qələbədir. 
 
 
Kəlbəcər işğal altında olan ən böyük rayonumuz idi və ümumiyyətlə, Azərbaycanın ən zəngin rayonlarından biridir. Məsələn, Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi var. Bu, bizim böyük sərvətimizdir. Sovet dönəmində bütün sovet respublikalarında məşhur olan İstisu müalicəvi suyunun mənbəyi də məhz Kəlbəcərdədir. Vaxtilə ora böyük kurort zonası idi. Kəlbəcər, həmçinin yeraltı təbii sərvətlərlə zəngin ərazilərdən biridir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanmışdır. Həmin faydalı qazıntı yataqlarından biri də rayonun Başlıbel kəndi ərazisindədir.  O cümlədən bu rayonun ərazisində qızıl, gümüş, tellur, selen, civə kimi qiymətli metal yataqları var. Kəlbəcərin zəngin flora və faunası da onu fərqləndirir. Lakin 30 illik işğal ərzində erməni vandalları bütün bu sərvətlərimizi vəhşicəsinə talayıblar. Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa etdiyi müraciətində bu məsələyə toxunaraq deyib: “Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər”.
 
 
Ermənilərin ağır zərbələr vurduğu Kəlbəcər təbiətini qorumaq, dirçəltmək isə dövlətlə yanaşı ilk növbədə oraya qayıdan və qayıdacaq yerli sakinlərin, icmaların, hər bir vətəndaşın əsas vəzifələrindən biri olmalıdır. Rayonun kəndlərinin gələcək iqtisadi inkişafı üçün hər bir kənd sakini flora və faunaya, təbii sərvətlərə həssas yanaşmalıdır. Ermənilər yadelli işğalçıydılar, bu gün Kəlbəcərə qayıdan və bundan sonra qayıdacaq bizlər isə bu yerlərin əsl sahibləriyik. Bu isə hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Bu məsuliyyətimizi dərk etməli, gələcək nəsillərə daha gözəl Kəlbəcər qurmalıyıq. Təbiəti qorunan, zənginləşən istənilən bölgənin, istənilən kəndin, rayonun əhalisinin iqtisadi, sosial durumunun da yaxşı olması faktını da unutmamaq lazım.  Gələcəyimiz üçün Kəlbəcər təbiətini qoruyaq, inkişaf etdirək!
 
Qeyd: “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təbiətin qorunması üçün icmalarla iş” layihəsi çərçivəsində hazırlanıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
Xalid Kazımov 
Link kopyalandı!
Son xəbərlər