Müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır. Ümumdünya Metrologiya gününün tarixi 1875-ci ilin 20 mayından - Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökümət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb.
Konvensiyaya uyğun olaraq Çəkilər
və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM) yaradılıb, ölçmələr üzrə elm sahəsində
beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi
naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb.
Metrik Konvensiyası bütün
ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra
ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında
Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi
olan ölçmələrin vəhdətinin
bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir.
Müasir cəmiyyətin bütün həyat
və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, ən
yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və s.
ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Dünya ticarətinin
qloballaşdırılması, malların beynəlxalq səviyyəli birgə istehsalı, əhalinin
sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri -
bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini
beynəlxalq səviyyədə daha da gücləndirir. Çünki yalnız ölçmələrin düzgün nəticələri
məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə
təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır.
Bu il Ümumdünya Metrologiya
günü BMT-nin Baş Assambleyası tərəfindən elan edilən və YUNESKO tərəfindən təşkil
olunan “Beynəlxalq İşıq və İşıq əsaslı Texnologiyalar İli” tədbirləri ilə dəstəklənir.
Belə ki, “Ölçmələr və işıq” adlandırılan metrologiya günü münasibətilə keçiriləcək tədbirlərdə
işığın həyatımızdakı rolu, enerji mənbəyi kimi istifadəsi, foton texnologiyalar
üçün əsas olması və digər mühüm xüsusiyyətlərindən bəhs olunacaq. Daha effektiv
enerji hasilatında, iqlim dəyişikliyinin öyrənilməsində, şəhər və kəndlərin
müvafiq qaydada işıqlandırılmasında müstəsna xidməti olan işıq
texnologiyalarının tətbiqi və gələcək inkişafında metrologiyanın rolu, həmçinin
qabaqcıl ölçü texnologiyalarının vacib yeni
elementlərinin əsası kimi mövzular prioritet
təşkil edəcək.
Müəyyən edilmiş metroloji
norma və qaydalara riayət edilməsi Azərbaycan dövlətinin diqqətində olan ən
vacib məsələlərdəndir. Ümummilli lider Heydər
Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş "Ölçmələrin vəhdətinin
təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, daha sonra 13
iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
təsdiq edilmiş eyni adlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış
yeni Qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və
metrologiyanın inkişafına ciddi təkan olub. Hazırda Azərbaycan Respublikası
Prezidentinin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac
qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara
uyğunlaşdırılması işləri sürətlənib. Bütün bunlar isə metroloji təminatın inkişafından
xəbər verir.
Ölkəmizdə metrologiya sahəsi
üzrə dövlət siyasətini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi həyata keçirməkdədir. Bu sahənin beynəlxalq tələblər
səviyyəsində inkişafına nail olmaq məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə Komitə yanında Dövlət
Metrologiya Xidməti yaradılıb. Qısa müddət ərzində qurulmuş infrastruktur və
qanunvericilik bazası Komitənin bu sahədə mövcud olan əsas beynəlxalq təşkilatlara
üzvlüyünü təmin edib. Belə ki, Avrasiya Ölkələrinin Dövlət Metrologiya
Qurumlarının Əməkdaşlığı Təşkilatı (KOOMET), MDB-nin Standartlaşdırma,
Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (EASC), İslam Ölkələrinin
Standartlaşdırma və Metrologiya İnstitutuna (SMİİC) üzv olan Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 1
yanvar 2015-ci ildən Çəkilər bə Ölçülər üzrə Baş Konfrans (CGPM) və Qanunverici
Metrologiya üzrə Beynəlxalq Təşkilata (OİML) üzv olub.
Hazırda Azərbaycanda ölçmələrin
vəhdətini və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli
etalon bazasının təkmilləşdirilməsi üzrə işlər aparılır. Belə ki, Komitənin
Milli Etalon Mərkəzində kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik,
vaxt və tezlik, dozimetriya dövlət etalonları saxlanılır və adıçəkilən sahələr
üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür. Yaxın 2 il ərzində qaz
qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm,
yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon
laboratoriyalarının yaradılması planlaşdırılıb.
Məlumat üçün bildirək ki,
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin təşkilatçılığı ilə 20 may 2015-ci il tarixində Ümumdünya
Metrologiya gününə həsr olunmuş “Ölçmələr və İşıq” mövzusunda keçiriləcək beynəlxalq
seminarda Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BİPM) Beynəlxalq əlaqələr
şöbəsinin müdiri Endi Henson, Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın
(OİML) direktor müavini Yan Danmil və digər təşkilatların nümyəndələri iştirak
edəcək.