Üç yaşlı Nuray iki il əvvəl Bakıda açıq ürək əməliyyatı keçirib. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb, səhhəti pisə doğru gedib. Nurayın ailəsi bir il öncə övladlarının Türkiyədə əməliyyata ehtiyacı olması ilə bağlı saytımıza müraciət edib. Yardımsevər şəxslərin dəstəyi ilə Nuray Türkiyədə yenidən əməliyyat olunub, hazırda səhhəti qaydasındadır.
İki yaşlı Yusif ötən ilin iyul ayında üzərinə qaynar su tökərək ağır bədən xəsarətləri alıb. Yusifin ailəsi saytımıza müraciət edərək övladları üçün dəstək istəyib. Yardımsevər şəxslərin dəstəyi ilə Yusif bir dəfə dəriköçürmə əməliyyatı keçirib, uzun müddət isə müalicə alıb. Hazırda Yusifin səhhəti qaydasındadır, bədənindəki bütün yaralar tamamilə sağalıb.
Səkkiz yaşlı Zəhra anadangəlmə qapalı spina-bifida xəstəliyindən əziyyət çəkir. Onun bağırsaqlarının 90%-i çıxarılıb. Oxu.Az saytının izləyicilərinin dəstəyi ilə o, dörd dəfə Türkiyəyə gedərək müalicə və müayinələrdən keçib.
Üç yaşlı Rəna anadangəlmə sidik kisəsinin neyrogen disfunksiyası xəstəliyindən əziyyət çəkir. Beş ayında sağ böyrəyinin, doqquz ayında isə sol böyrəyinin sidik kanalları dəyişdirilib. Rənanın anası Oxu.Az saytına müraciət edərək övladına dəstək olunmasını istəyib. Yardımsevər şəxslər Rənaya da dəfələrlə dəstək olub, müalicələrini ediblər. Rənanın səhhəti hazırda stabildir.