Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
Cəmiyyət
3166
25 Apr 2024 | 18:57

Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO

Aprelin 25-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Respublikası Prezidentinin təqdimatına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilmiş Ceyhun Cəlilovu Nazirlər Kabinetinin kollektivinə təqdim edib.
 
F.Nəcəfli qeyd edib ki, təyin edilmiş hər hansı bir dövlət məmuru öz işinin öhdəsindən gəlməli, dövlət başçısının qarşıya qoyduğu vəzifələri layiqincə icra etməlidir. Dövlət məmuru ətrafda ətalətin yaranmasına yol verməməli və öz üzərinə düşən vəzifələri vaxtında yerinə yetirməlidir.
 
F.Nəcəfli bildirib ki, Nazirlər Kabinetinin vəzifəsi sosial- iqtisadi proqramların vaxtında və keyfiyyətli icra edilməsidir. Ancaq, bir çox hallarda müvafiq proqramların icrası zamanı gecikmələr yaşanırdı. Nazirlər Kabineti fəaliyyətini düzgün istiqamətdə qurmaqda çətinlik çəkirdi. Bu da Naxçıvan Muxtar Respublikasında bir sıra işlərin ləng getməsinə səbəb olurdu. Güman edirəm ki, artıq bu kimi hallar tez bir zamanda aradan qaldırılacaq, bütün gücümüzü, səylərimizi birləşdirib muxtar respublikanın inkişafına mühüm töhfələr verəcəyik.
 
Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Adıçəkilən Proqram çox əhəmiyyətli sənəddir. Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Muxtar respublikanın müasir yol xəritəsi sayılan bu Dövlət Proqramı iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, sosial sektorun, insan kapitalının və infrastruktur təminatının inkişafı, elektrik enerjisi istehsalının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutan sənəddir.
 
F.Nəcəfli onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 2023-cü il 30 dekabr tarixdə Sərəncam imzalayıb. Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi muxtar respublikanın tarixində mühüm hadisədir. Ümummilli Lider Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi hadisədir” fikrini diqqətə çatdıran səlahiyyətli nümayəndə onu da bildirib ki, addımlarımızı elə atmalıyıq ki, Prezident cənab İlham Əliyevin muxtar respublikanın inkişafı ilə bağlı verdiyi tapşırıqları vaxtında və layiqincə yerinə yetirək.
Link kopyalandı!
Son xəbərlər