Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
Cəmiyyət
2690
23 Apr 2024 | 14:40

Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik
 
- Qüdrət bəy, Hesablama Palatasının Milli Məclisə hesabatı zamanı parlamentin büdcənin icrasına daha ciddi nəzarət etməli olduğunu, bunun üçün qanunla hüquqi müxanizmlərin yaradılmasını təklif etdiniz. Fikirlərinizi daha ətraflı şərh etmənizi xahiş edirik.
 
- Konstitusiyanın “Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər” adlanan 95-ci maddəsinin 5-ci bəndinə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət haqqında qanun qəbul etməlidir.
 
Əslində bu qanunun tənzimləmə predmetini büdcənin təsdiq ediləməsi proseduru və onun icrasına nəzarətin necə təmin edilməsi təşkil etməlidir. İctimai münasibətləri tənzimləyən hər hansı sənədin qanunla təsdiq olunması onun qanun qüvvəsi alması deməkdir. Normativ hüquqi aklar haqqında Qanuna görə qanun - tənzimləmə predmeti olan,qeyri-müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir.
 
Konstitusiyada büdcənin icrasına nəzarət haqqında qanunun qəbul olunması tələb olunsa da biz hər il “Büdcənin icrası haqqında” qanun qəbul edirik. Bu qanun hansı münasibətləri tənzimləyir? Qanunun heç bir tənzimləmə predmeti yoxdur və dəfələrlə tətbiq üçün nəzərdə tutulmur. Ona görə Konstitusiyanın 95-ci maddəsinin 5-ci hissəsinə bügünkündən fərqli hüquqi yanaşma olmalıdır. Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır. Konstitusiyanın 95-ci maddəsinin 14-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edir. Beynəlxalq təcrübəyə əsasən hökumətə etimad məsələsi yalnız hökumətin fəaliyyəti nəticəsində böhranlar yarandıqda, onun fəaliyyətində ciddi qanun pozuntuları aşkarlandıqda gündəmə gəlir və hökumətə etimadsızlıq göstərilərsə, o istefaya göndərilir. Bizdə isə “Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatı haqqında” Konstitusiya Qanunu qəbul edilib. Həmin qanuna görə, hökumət hər il Milli Məclisə hesabat verir, amma etimadsızlıq göstərilərsə hansı hüquqi nəticələrə səbəb olmasına dair heç nə yoxdur. Həm də hesabatla hökumətə etimadsızlıq məsələsi eyniləşdirilirsə belə çıxır ki, biz hər il hökumətə etimad məsələsini müzakirəyə çıxarırıq. Bu da doğru deyil. Ümumiyyətlə, Konstitusiyada Nazirlər Kabinetinin Milli Məclisə hesabat verməsi nəzərdə tutulmayıb. Konstitusiya qanununda nəzərdə tutula bilər ki, Baş nazir ildə bir dəfə Nazirlər Kabinetinin fəaliyyəti və büdcənin icrasına dair Milli Məclis qarşısında çıxış edir. Əgər hökumətin fəaliyyəti qeyri-qənaətbəxş hesab edilərsə hökumətə etimad məsələsi gündəliyə salına bilər. Bu qanunda hər bir hökumət üzvünə ayrılıqda etimad məsələsi də təsbit oluna bilər.
Link kopyalandı!
Son xəbərlər