Azərbaycanlılar pul xərcləməkdə ərəbləri keçdilər - “Trendyol”un sirri...
Cəmiyyət
2578
20 Mar 2024 | 09:16

Azərbaycanlılar pul xərcləməkdə ərəbləri keçdilər - “Trendyol”un sirri...

Türkiyə şirkəti bu il xaricə satışı 2,2 milyard dollara çatdırmaq niyyətindədir.
 
Bu ilin fevral ayında Azərbaycan “Trendyol” vasitəsilə ən çox mal alan ölkələrdən biri olub. Bu barədə platforma rəhbərliyi Türkiyə mətbuatına məlumat açıqlayıb. Məlumatdan aydın olur ki, “Trendyol” vasitəsilə dünya bazarları ilə tanış olan türk istehsalçıları fevral ayında ən çox satışı Azərbaycana və Səudiyyə Ərəbistanına həyata keçirib. Fevral ayında Türkiyə daxilində ən çox e-ixrac edilən şəhərlər isə İstanbul, Bursa, İzmir, Ankara, Adana, Qaziantep, Dənizli, Aydın, Mersin və Antalyadır: “Almaniya ilə başlayan beynəlxalq genişlənmələrini Azərbaycan, Körfəz ölkələri, Mərkəzi və Şərqi Avropa bazarları ilə davam etdirən "Trendyol" türk məhsullarını və istehsalçılarını dünya bazarlarına çıxarmağa davam edir".
“Trendyol” şirkətinin idarə heyətinin sədri Erdem İnan bildirib ki, 2023-cü ildə şirkətin Azərbaycanda 1,3 milyon müştərisi olub və ölkəmizə 6,3 milyon ədəd sifariş çatdırıb.
Məlumata əsasən, “Trendyol” vasitəsilə xaricə ən çox satılan türk məhsulları köynəklər, paltar, idman ayaqqabıları və pijama dəstləri olub.
Qeyd edək ki, Türkiyədə e-ticarət çox böyük sürətlə inkişaf edir. 2023-cü ildə ölkənin onlayn satıcıları ümumi ticarəti 1,2 trilyon lirəyə çatdırmağı hədəflədikləri halda ilin yekununda 1,6 trilyon lirəlik nəticə əldə olunub. Ölkə üzrə ümumi ticarətdə e-ticarətin payı 22 faizə, pərakəndə ticarətdə payı isə 16 faizə çatıb. Bu il ərzində e-ticarətin həcminin 2,2 trilyon lirəyə çatması gözlənilir.
Türkiyə e-ticarətində mühüm payı olan “Trendyol Group” bir neçə platformadan ibarətdir. Şirkət ikinci əl malların alqı-satqısı platforması olan “Dolap”, nəqliyyat şəbəkəsi olan “Trendyol Express”, “Trendyol Go” və rəqəmsal transformasiyaya yönəlmiş “Ar-Ge” mərkəzi olan “Trendyol Tech” ilə birlikdə fəaliyyət göstərir. “Trendyol Ekspress” kuryer və xidmət sahəsində çalışanların sayı 4 mindən çoxdur.
Böyüməsi ilə paralel olaraq təklif etdiyi xidmət və məhsulları genişləndirərək bazar modelinə keçən “Trendyol” moda, ev və mebel, elektronika, ana-uşaq, qida və kosmetika kimi bir çox kateqoriyada istehlakçılarına hər il 300 milyondan çox məhsul təqdim edir. İl ərzində 15 milyondan çox müştərisi olan və orta hesabla aylıq mobil ziyarəti 180 milyon olan bu platformanın mobil tətbiqi təqribən 45 milyon dəfə yüklənib.
Şirkətin tərkibində olan “Trendyolmilla” və “Trendyol Man” 190 ölkəyə geyim məhsulları ixrac edir. Hazırda şirkətin bazar dəyərinin 17 milyard dollara yaxın olduğu bildirilir.
“Trendyol” rəhbərliyinin verdiyi məlumata görə, şirkət Almaniya, Azərbaycan və Körfəz ölkələrində ticarəti genişləndirməklə yaxın 3 ildə elektron platformalar üzərindən 10 milyard dollarlıq mal ixracına nail olmağı hədəfləyir.
Ötən il “Trendyol”un mal ixracı 650 milyon dollar təşkil edib. 2024-cü ildə bu göstəricinin 2,5 milyard dollara, 2028-ci ildə isə 5 milyard dollara çatdırılması nəzərdə tutulur. 2023-cü ilin mayından indiyədək “Trendyol” vasitəsilə 85 min Türkiyə satıcısı 149 min adda məhsulunu xaricə satmaq imkanı əldə edib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər