- Valideynləriniz ali təhsillidirlərmi? Nə işlə məşğuldurlar?
- Bəli, hər ikisi ali təhsillidir. Atam riyaziyyat elmləri namizədidir. Sankt-Peterburqda təhsil alıb. Hal-hazırda Fizika-riyaziyyat təmayüllü liseyin direktorudur. Anam isə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin məzunudur. Evdar xanımdır.
- Həyat yoldaşınız necə, o da elm sahəsindədir?
- Həyat yoldaşım kompüter və data elmləri sahəsindədir. Amma o, akademik sahədə çalışmır. Yəni professor deyil. O da Miçiqan Universitetində iki fərqli magistratura təhsili alıb - dövlət idarəçiliyi, kompüter və data elmləri üzrə. Hazırda isə Vanderbilt Universitetində elmi mərkəzlərdən birinin elmi məsələlər üzrə rəhbəridir.
- Harvardda işləyəcəyiniz barədə xəbəri necə aldınız?
- Telefon zəngi ilə.
- Gözlənilməz oldu, yoxsa əmin idiniz?
- Xeyr, əmin deyildim. Əslində, belə işlərdə əmin olmaq mümkün deyil. Çünki müsbət təklif almaq şansı çox azdır. İlkin mərhələdə çıxış etmək üçün dəvəti mən ötən ilin avqust ayının sonlarında almışdım. Öncə təklifə yox demişdim. Səbəb isə Vanderbilt Universitetində işə yeni başlamağım idi. Hesab edirdim ki, hələ bir az tezdir. Lakin ikinci təklifdən sonra, sentyabr ayında, qəbul etmək qərarına gəldim və noyabr ayında Bostona səfər etdim. Mənimlə bərabər, ABŞ və dünyanın müxtəlif yerlərindəki universitetlərdən səkkiz alim də dəvət almışdı. Harvardda professor vəzifəsində işləyəcəyim barədə xəbəri isə dekabrın 20-də aldım. Qeyd etdiyim kimi, telefon zəngi ilə. Tamamilə gözlənilməz oldu yəni.
- Azərbaycana dönməyi düşünürsünüzmü?
- Birdəfəlik geri dönməyi düşünmürəm, amma beş ilə yaxındır, Azərbaycana ayaq basa bilmədiyim üçün ölkəyə səfər etmək fikrim var.
- Hazırda əsas hədəfiniz nədir?
- Əsas hədəfim öz elmi sahəmdə araşdırmalarımı davam etdirib inkişaf etməkdir.
- Röya xanım, sosial şəbəkədə yazırlar ki, Harvardda professor kimi dərs demək üçün orada olan hansısa fonda pul köçürmək lazımdır. Bu nə dərəcədə doğrudur?
- Xeyr, bu, doğru məlumat deyil. Böyük universitetlərdə professor kimi işə götürülə bilmək üçün hər il avqust-sentyabr aylarında başlayan seçim prosesinə qoşulmaq lazımdır. Qeyd edim ki, söhbət yalnız bir neçə ildən bir iş axtarışı olduqda açılan yerlər üçün olan seçimdən gedir. Yüzlərlə doktorantura dərəcəsi əldə etmiş şəxslərin içindən yeddi, səkkiz alim seçilir və çıxış etmək üçün dəvət alır. Həmin bu seçilmiş şəxslər ayrı-ayrılıqda (yəni ayrı-ayrı həftələrdə) iki, üç günlük Bostona səfər edib Harvardın professor və tələbələri önündə öz araşdırma mövzuları ilə çıxış edirlər. Eyni zamanda, professor heyəti ilə təkbətək görüş və müsahibələr keçirirlər.
Bundan sonra professor heyəti bir neçə həftə içində toplanır və bu yeddi, səkkiz alim içindən iş təklifini kimə təqdim edəcəklərinə qərar verir. Bu proses bəzən aylarla uzana bilir. Harvardda və yaxud digər xarici universitetlərdə professor olmaq fonda pul köçürməklə olsaydı, dünyanın bütün alimləri orada professor vəzifəsində olardılar.
- Adətən, Harvardın uğurlu tələbələri böyük karyera qurduqda Harvard onları dəvət edir və onlar qazanclarından bir hissə ianə edirlər və orada dərs deyirlər - bəs bu iddia nə dərəcədə doğrudur?
- Bu da tam doğru məlumat deyil. Yəni ianə məsələsi var, amma hamıya aid deyil. Burada məzunlar illər sonra böyük imkan sahibinə çevrilirlərsə, o zaman öz universitetlərinə könüllü şəkildə ianə edirlər. Bu ianələr isə tamamilə əvəzsiz və qarşılıqsız ianələrdir. Bu cür ianə etmək imkanı heç də hamıda olmur. Çünki çox vaxt bu ianələr bəzi ölkələrin ümumi büdcəsindən daha artıq ola bilir. Bu cür ianə qarşılığında universitetin verə biləcəyi yeganə qarşılıq isə həmin şəxsin adını universitet binalarına, otaqlarına və ya kitabxanasına verilməsi ola bilər. Amma professorluq adını və vəzifəsini ABŞ-də pulla almaq mümkün deyil.