“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə, Qanuna şağıdakı məzmunda 15.3-1-ci maddə əlavə edilib:
“15.3-1. Bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı aşağıdakı xidmətlərə görə tarif müəyyən edilir:
15.3-1.1. gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi;
15.3-1.2. dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, habelə məntəqələr arasında gəminin bələdçi vasitəsilə keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi və bələdçinin fəaliyyətinin təşkili;
15.3-1.3. gəmilərə məlumatların çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən tanınmasının həyata keçirilməsi;
15.3-1.4. gəmilərin lövbər ərazilərində yerləşdirilməsi, gəmilərin lövbərdə dayandığı dövrdə dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından daimi müşahidədə saxlanılması”.
Bundan başqa, dövlət başçısı “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1070-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.