- Arzu xanım, özünüzü oxucularımıza necə təqdim edərsiniz?
- Mən 1994-cü il iyunun 18-də Bakıda dünyaya göz açmışam. 83 saylı orta məktəbi fərqlənmə ilə bitirmişəm. Daha sonra Bakı Slavyan Universitetinə qəbul oldum. Ali məktəbi də fəxri məzun kimi bitirdim. Universitetdə oxuduğum illərdə fərdi şəkildə dərs keçirdim.
Elə həmin vaxtdan könüllü olaraq xeyriyyə işlərinə başlamışam. Bunu nəinki Azərbaycanda, xaricdə də həyata keçirmişəm. Hazırda üç dil tədris edirəm. Azərbaycan və rus dilini əcnəbilərə, ingilis dilini yerlilərə tədris edirəm. Heç bir müəssisəyə aid deyiləm. Sərbəst çalışıram. Altı dildə danışa bilirəm. Dil öyrənməyə hələ də davam edirəm.
- Sosial şəbəkələrdə sizinlə bağlı paylaşıma rast gəldik. Qeyd olunurdu ki, yeddi aydır, uşaq sığınacağında tam təmənnasız ingilis dilini tədris edirsiniz. Təklif edilmişdi, yoxsa öz təşəbbüsünüz idi?
- Hindistanda 2018-ci ildə kasıb ailələrin uşaqlarına dərs demişəm. Elə yoxsul ailələr Azərbaycanda yoxdur. Özüm könüllü şəkildə getmişdim. Həmişə arzum olub ki, Azərbaycanda da bunu edim. Uşaq evlərinə gedib onlarla yaxından tanış oldum. Hiss etmək istəyirdim ki, harada missiyamı yerinə yetirməliyəm. Bunu ürəyimdə hiss etməliydim. Ötən ilin iyul ayında Orxan Heydərovun xeyriyyə komandası ilə sığınacağa getdim. Bir sinif otağına daxil oldum. Orada hiss etdim ki, burada dərs demək istəyirəm. Kiməsə demədim. Hələ heç tələbələrimi də tanımırdım.
Tədbir bitəndən sonra mən işçiyə yaxınlaşdım. Nəyə ehtiyacları olduğunu soruşdum. Dedilər ki, ingilis və rus dili müəllimləri lazımdır. Bir həftə sonra uşaqlarla yaxından tanış oldum. Avqust ayında ilk tədrisə başladım. 2023-cü ilin dekabrına qədər müddət qoydum. Düşünürdüm ki, geri dönüş olacaqsa, davam edəcəyəm. Dekabra qədər gördüm ki, uşaqlarda güclü geri dönüş var. Həvəslə oxuyurlar. Bir il də uzatdım.
- Sığınacaqda tədris prosesi necə keçir?
- Dərs həftədə bir saat yalnız bazar günləri olur. Tədrisimiz sırf danışıqdır. Müxtəlif həyat hadisələri haqqında danışırıq. Əsas bilikləri verirəm ki, gələcəkdə vəziyyətdən özlərini çıxara bilsinlər. Yazılı işlərimiz olur. Onların qorxularını dəf etməyə çalışırıq. Ən birinci psixologiyalarına təsir edirəm. Güclü olduqlarını bildirirəm. İngilis dilinin ən asan öhdəlik olduğunu aşılayıram.
- Tələbələrinizdən razısınızmı?
- Uşaqlardan çox razıyam. Allah heç kəsə götürə bilməyəcəyi yükü vermir. Onlara deyirəm ki, əgər bu cür yük verilibsə, həyatda siz güclüsünüz. Mən güclü insanlardan güclü nəticə gözləyirəm. Çox çətin taleli uşaqlardır. Mən də onlara deyirəm ki, yaxşı öyrənin, siz bunu edə bilərsiniz. Daim motivasiya edirəm.
- Dərs prosesində neçə tələbə iştirak edir?
- Yeni başlayanda 14 yeniyetməyə dərs keçirdim. Bir neçə ay sonra səviyyə fərqinə görə ayırdım. Dil öyrənəndə elədir ki, fərqli səviyyəli uşaqları bir arada saxlamaq olmaz. Peşəkarlıq bunu tələb edir. Ona görə böldüm və digər qrupa da bir könüllü müəllimi cəlb etdim. Üçüncü müəllim də olacaq. Çox şükür ki, təmənnasız dərs demək istəyən müəllimlər var, mən tək deyiləm. Uşaqları yaşa görə bölməmişəm, yalnız dil səviyyəsini əsas götürmüşəm.
- Yeddi aya hansı səviyyədə dil biliyinə yiyələniblər?
- Biz A1 səviyyəsini bitirmişik, A2 səviyyəsinə keçmişik. Hazırda tədris etdiyim qrupda 10 nəfər var. Biz artıq orta səviyyəyə irəliləyirik.
- Hansı şəkildə qiymətləndirmə aparırsınız?
- Bal sistemi ilə qiymətləndirmə aparmıram. Motivasiya prinsipi üzərində qiymətləndirirəm. Ayın fəallarını seçirəm. Ay ərzində inşanı yaxşı yazan, yaxşı danışan, fəal olanları kiçik hədiyyələrlə mükafatlandırıram. Ayrı-seçkilik olmasın deyə uşaqlar hədiyyələri qutudan özləri götürürlər. Kiməsə daha yaxşı hədiyyə verildiyini düşünmələrini istəmirəm. Onlar çox həssasdırlar. Məndən öncə də sığınacağa müəllimlər gəliblər, amma çıxıb gediblər. Uşaqların həyatında itkilər çox olub. Yeni itki olmaq istəmirəm. Psixologiyalarına uyğun həssas yanaşıram.
- Müəllimliyə marağınız uşaq yaşlarından başlayıb?
- Uşaqlıqda həmişə deyirdim ki, heç vaxt müəllim olmaram. Universitet illərində müəllimliyə marağım başladı. Amma işə başlayanda anladım ki, mənim həyatda sevdiyim iş elə öz biliyimi və təcrübəmi kiminləsə paylaşmaqdır. Çox böyük zövq alıram. Çox sevirəm. Dilləri də sevirəm. Ona görə də dil müəllimi oldum. Ən böyük zövqü uşaqlar geri dönüş edəndə alıram. Bu, ən böyük mükafatımdır.
- Uşaqlarla bağlı hədəfləriniz nədir?
- Mən ingilis və digər dilləri bildiyim üçün çox qapı üzümə açılıb. Hədəfim odur ki, uşaqlara dil biliyini mükəmməl səviyyədə ötürüm. O biliyi elə ötürüm ki, gələcəkdə yaranacaq imkandan istifadə edə bilsinlər. İnsan bilməzlikdən məhv olur. Bacarıq və bilik varsa, çox qapı açılır. İstəyirəm ki, qarşılarına çıxan imkandan yararlana bilsinlər.
Məqsədyönlü biriyəm. Sığınacaqdakı uşaqlarla bağlı məqsədlərim var. Heç bir zaman demirəm ki, öyrəndik, daha işimiz bitdi, xeyr. Düşünürəm ki, uca nöqtə var. Oraya çatmalıyıq. Daha yaxşı olmaq istəyirəm.
Tələbələrimin layiqli vətəndaş olmaları üçün özüm layiqli olmalıyam. Çünki uşaqlar hər zaman böyüklərin etdiklərini edirlər. Çalışıram ki, nümunə götürsünlər. Bilirəm ki, nə zamansa onlar da mənim etdiyimi edəcəklər.
- Ən balaca və ən böyük tələbənizin neçə yaşı var?
- Ən kiçik tələbəmin 11, ən böyüyünün 16 yaşı var.
- Sığınacaqda dərs keçmək təşəbbüsünüzə qarşı çıxanlar olubmu?
- Neqativ rəy olmayıb. Əksinə, dəstək olublar. Qürurla danışıblar. Mənə daim yaxşı iş gördüyümü xatırladırlar. Çoxlu sayda mesajlar, təriflər alıram. Çox xoşdur. Bunlar gəldi-gedərdir. Qalan gördüyümüz işlər olacaq. Haqqımda xəbərin yayılmasında belə iştirakım yoxdur. Sığınacaq özü yazıb.
Ən böyük mükafatım, əslində, onların uğurudur. Onların yaxşı gələcəyində payım olacaqsa, bu, ən böyük mükafatdır.
- Sonda nə demək istəyərdiniz?
- Arzulayıram ki, hər bir insan gördüyü işi ictimailəşdirsin. Çünki biz danışmadıqca unudulur. Gənc nəslə nümunə olaq ki, yaxşılıq etməyi unutmasınlar. Çünki hər şey yaxşılıq üzərində dayanır.