Təməllər güclü olanda...
Cəmiyyət
2313
26 Jan 2024 | 20:08

Təməllər güclü olanda...

 

“Bir millətin tərəqqi-tədənnisini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana düşürən Yaponiyanın bütün tərəqqiyyati-ciddiyyələri həp ibtidai məktəblər sayəsindədir”.(Hüseyn Cavid)

 

Xırdalan şəhər 9 saylı məktəb müasir dövrdə məktəbin, təhsilin yaşadığı bütün müsbət və mənfi xüsusiyyətləri özündə əks etdirən təhsil ocaqlarındandır. Burada ölkə təhsilində baş verən proseslər- maddi-texniki bazada, təhsilverənlərin və təhsilalanların fəaliyyətində inkişaf və durğunluqlara da, müəllim-şagird, şagird-şagird, müəllim-valideyn münasibətlərində baş verən bütün hallara da  rast gəlmək mümkündür. Etiraf edək ki, ziddiyyətlər olmayan yerdə inkişaf da ola bilməz. Ona görə də hamının tənqid etməyə və nöqsan axtarmağa meyilli olduğu bir zamanda nöqsanlara deyil, uğurlara üz tutmaq, dərs dediyi şagirdlərin həyat yolunu, uşaq dünyasını öz yorulmaz fəaliyyəti ilə nurlandıran müəllimlərimizdən biri haqqında söz açmaq istəyirəm. Həm də çalışacağam ki, yazımdan müəllimin əsl obrazını  mübaliğəsiz şəkildə öxucularıma tanıda bilim. Buyurun, tanış olun: Esmira Şahmar qızı Əliyeva.

 

O, 2006 -ci ildən  Xırdalan şəhər 9 saylı tam orta məktəbdə çalışır. Peşəsinin vurğunu olan Esmira müəllimin dərs dediyi sinfə daxil olanda özünü zəhmətkeş, yaradıcı bir pedaqoqun emalatxanasında hiss edirsən. Sinif otağındakı səliqə-sahman, məktəblilərin geyimi, intizamı, dərs otağındkı vətənpərvərlik duyğularını coşduran və insanın Vətən qarşısında məsuliyyətini dərk etdirməyə sövq edən tərtibat-bir sözlə, hər şey müəllimin işinə münasibətinin göstəricisi kimi  qabarıq görünür. Müəllimin peşəkarlığı onun sinifdə yaratdığı öyrədici mühitin təşkilində də yüksək şəkildə təzahür edir.Şagirdlərin baxşılarında inam, cəsarət, yüksək tərbiyə mədəniyyəti müəllimin gərgin əməyinin, onun valideynlərlə əlbir və sıx təmaslarının nəticəsidir. Uşaq qəlbinə, uşaq dünyasına, öz sənətinə məhəbbəti sayəsində müəllim daim sinfin diqqət mərkəzindədir. Şagirdlərlə rəftarında tələbkarlıq və mülayimlik, deyim tərzindəki ciddiyyət və mehribanlıq pedaqoji səriştə səviyyəsində  şagirdlərlə müəllim arasında qırılmaz bir bağlılıq yarada bilmişdir.

 

Müəllimin fəaliyyətini müşahidə etdiyim son beş il ərzində yuxarıda qeyd etdiyim keyfiyyətlərin istisnasız olaraq hər dəfə şahidi olmuş, müəllimdən, şagirdlərdən razılıq hissləri ilə ayrılmışam. Dəfələrlə Esmira müəllim öz şagirdləri ilə ümumməktəb tədbirlərində, tarixi və əlamətdar günlərdə, Abşeron rayonunda və Bakı şəhərində qeyd olunan Vətən müharibəsi qəhrəmanlarının, şəhidlərimizin anım günlərində fəal şəkildə iştirak etmişdir.Hər görüşü, hər ziyarəti məktəblilərin nəzərində vətənsevərlik dərsinə çevirməyə nail olmaq bacarığı ilə sinfindəki şagirdlərin hər birini həmin qəhrəmanların davamçısı kimi yetişdirməyə müvəffəq olmuşdur.Təsadüfi deyil ki, onun sinfini hamı məktəbin şəhid məzunu, 44 günlük Vətən müharibəsinin qəhrəmanı şəhid Afiq Qılamlının ardıcılları kimi “Afiqlər sinfi” adlandırır. Esmira müəllim məktəblilərin bu adın şərəfini yaşatmasını, şəhid Afiq Qulamlının valideynləri ilə məktəbdə və şəhidin doğulub böyüdüyü ailədə müntəzəm görüşlərinin təşkil olunmasını daim diqqətdə saxlayır.

 

Esmira xanım  müəlim kimi innovasiyalara meyilli və yaradıcı pedaqoq kimi də fərqlənir. Dərs dediyi sinifdə müasir texnologiyaların tətbiqi ilə yanaşı, məktəb tədbirlərində yaradıcı bir müəllim kimi də  şagirdlərinin hər dəfə fərqli biçimdə təqdimatına böyük səy göstərir. Məktəbdə keçirilən bütün geniş tədbirlərdə “Afiqlər sinfi” maraqlı və yaddaqalan təqdimatlar nümayiş etdirir.

 

Bu vaxtadək müəllimi olduğu siniflərin təhsil nailiyyətləri də ürəkaçandır. Indiyə kimi yetirmələrindən iki sinif tam orta təhsili uğurla başa vurub həyata vəsiqə qazanmışdır. 51 nəfər şagirddən  49-u ali məktəblərdə təhsilini davam etdirmək hüququ qazanmış, 2 nəfər texniki peşə təhsili məktəblərində peşələrə istiqamətlənmişdir. Hazırda müəllimi olduğu 1-ci sinifdə təhsil alan 29 şagirddən 27 nəfəri yüksək təlim nəticələri qazanmaq üçün inadla səy göstərir.

 

E.Əliyeva daim peşəkar inkişafı üzərində çalışan müəllimlərdəndir. O, müxtəlif kurslarda, seminar və konfranslarda iştirak edir, öz təcrübəsini daha da zənginləşdirmək qayğısına qalır. İllərlə təhsidə qazandığı təcrübələr haqqında Təhsil İnstitunda, “Təhsil” qəzetində öz fikir və mülahizələrini pedaqoji içtimaiyyətlə dəfələrlə məqalə və çıxışları vasitəsilə bölüşmüş, sertifikatlar qazanmışdır. Yaradıcı yazılarla ölkə daxilində və xaricdə pedaqoji yazılarla çıxış etmişdir.

 

Əməyi müxtəlif illərdə Abşeron RTŞ, Abşeron RİH tərəfindən Fəxri Fərmanlara layiq görülmüşdür. Ümid edirəm ki, müəllimin nailiyyətləri gələcəkdə daha yüksək səviyyədə rəğbətləndirləcəkdir.

 

Esmira Əliyeva həm də xoşbəxt anadır: o, üç övlad tərbiyə etmişdir, iki nəvəsi var.

 

Yazını Esmira xanımın daha yüksək uğurlar barədə fikirləri ilə yekunlaşdırırmaq istərdim: “İstərdim ki, təhsilimizin inkişafı naminə valideyn-müəllim münasibətlərində qarşılıqlı etibar və etimad, hər bir müəllimə hörmət göstərilsin. O zaman hər bir müəllim öz gərgin işindən daha artıq zövq alar. Məncə, təhsilin uğuru təkcə müəllimdən asılı deyil, güclü valideyn tərəfdaşlığı daha yüksək uğura təminat verir”.

 

Esmira müəllimə valideynlərin güvəncini qazanmış bir müəllim kimi daha yüksək uğurlar arzu edirəm.

 

Hüseyn Şahbəndəyev,

Xırdalan şəhər 9 saylı tam orta məktəbin təşkilatçısı,

Əməkdar müəllim

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər