Prezident tərəfindən yazıçılara verilən torpaq sahəsi yazıçıların özünə qaytarılmalıdır
- Adıgözəl müəllim, müəllifi olduğunuz “Avrasiya uğrunda mübarizə. Psixogeopolitika” kitabınızın nəşri ilə əlaqədar sizi təbrik edir və kitab barədə oxucuları maraqlandıracaq fikirlərinizi öyrənmək istəyirik.
- Çox sağ olun. Əlbəttə, kitabın adından aydın olur ki, istənilən dövlətlərarası münasibətlərdə, yaxud beynəlxalq əlaqələrdə şəxsiyyətin rolu, insan amilinin vacibliyi danılmazdır. Məlum olduğu kimi dövlətdə şəxsiyyətin rolu və eyni zamanda birinci şəxsin əhəmiyyəti özünəməxsus bir faktordur və buna paralel olaraq həm də beynəlxalq münasibətlərdə və dövlətlərarası əlaqələr zamanı bu xüsusiyyətlər özünü daha çox büruzə verir. Danılmaz faktdır ki, son dövrlərdə xüsusən bizim regionun gələcək taleyi bir çox hallarda region dövlətlərinin siyasi liderlərinin təşəbbüslərindən daha çox asılı olmağa başlamışdır. Eyni zamanda bu hal özünü regionun ən aparıcı dövlətləri olan Rusiya və Türkiyə siyasi liderlərinin timsalında da bir daha əyani cəhətdən sübut edir. Ərdoğan və Putin münasibətləri konteksində biz istənilən halda regionda stabilliyin, təhlükəsizliyinin və logistik əlaqələrin daha da inteqrativ formada inkişaf etməsinin şahidi oluruq. Ümumiyyətlə Rusiya Federasiyası və Türkiyə Slavyan və Türk etnoslarının bir-biri ilə çulğalaşdığı ölkələrdir. Həmçinin Rusiya tarixi Türk dili tarixi ilə də sıx bağlıdır. Mədəniyyətlər də insanlar kimidir. Biz insanlar kimi onlar da bəzən bir-birləri ilə “savaşar”, sonra barışar, dost olar. Odur ki, qonşu mədəniyyətlər də həm də bir-biri ilə çatışar, bəzən də alış-veriş edərlər, qarışar, simbiozlaşar və eyni zamanda da hətta qız verər, qız alar. Yəni tarixi dövrlərlə xalqlar arasında belə olmuşdur. Bir xalqın eyni coğrafiyada bərabər yaşadığı digər xalqlarla qaynayıb-qarışması təbii haldır. Yəni bunlar bir daha onu göstərir ki, bizim xalqlar arasındakı ünsiyyətin tarixi kökü ötən əsrlərə gedib çıxır. Yəni ümumilikdə Baykal gölü və Qara dəniz arasındakı böyük arial Slavyan və Türk xalqlarının həyat fəaliyyəti üçün əsas məkan olub bu gün də beləcə qalmaqdadır. Əgər nəzərə alsaq ki, Qafqaz, İran, kiçik və orta Asiya, Rusiyanın özündəki bəzi muxtar qurumların əhalisinin böyük hissəsini türkdilli xalqlar təşkil edir, onda Slavyan-Türk xalqları arasındakı əlaqələri öyrənməyin nə qədər aktuallıq kəsb etdiyini başa düşmək olar.
Qısaca olaraq çox istərdim ki, - indi bunu nə qədər haqq etdiyimi bilməsəm də, - bu kitabı əsasən siyasətçilər oxusunlar.
- Adıgözəl müəllim, sonda sizə bir sualı verməyə bilmirik. Siz ədəbi və siyasi ictimaiyyət arasında, özü də təkcə Azərbaycan daxilində deyil, həm də ölkəmizin sərhədlərindən kənarda geniş tanınmış ictimai çəkisi olan bir şəxsiyyətsiniz. Onu da bilirik ki, Azərbaycan Yazıçılar Birliyinin də yetərincə fəal üzvlərindənsiniz.
Son günlərdə AYB ətrafında dolaşan bəzi məsələlər, xüsusən də yazıçılara ev verilməsi ilə bağlı nə deyərdiniz?
- Açığını deyim ki, ümumiyyətlə bu məsələlərə toxunmaq istəməzdim. Amma əgər sual verilibsə, onu cavabsız qoymaq istəmirəm. Bilirsiniz ki, uzun illərdir Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm və onun tədbirlərində həmişə fəal iştirak etmişəm. Elə AYB rəhbərliyi də mənim təşkil etdiyim tədbirlərdə iştirak ediblər. Amma bütün bunlarla yanaşı, deyim ki, son hadisələr həqiqətən də məni olduqca məyus etdi.
Bilirsiniz yazıçıların maddi vəziyyəti o qədər də ürək açan deyil. Amma dövlətimizin apardığı siyasət, xüsusən də dövlət başçımızın yazıçılarla bağlı mövqeyi, onlara qayğı ilə yanaşması göz qabağındadır. Yəni bu xətt heç bir halda fərdi qayda da deyil, ümumi şəkildə aparılır, yazıçılarımızın sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində təsirli tədbirlər həyata keçirilir. Məsələn, bir sıra yazıçılarımıza illik Prezident mükafatlarının verilməsi, yaxud da bu və ya digər qaydada onların məişət problemlərinin həlli istiqamətində aparılan siyasət buna bariz sübutdur. Bu yaxınlarda ölkə başçısı hörmətli İlham Əliyev, yazıçılarımızın sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müəyyən bir torpaq sahəsini ayırmışdı. Birlik də bu istiqamətdə ilkin olaraq müəyyən addımlar atmışdı. Hətta Azərbaycan Yazıçılar Birliyinə mənim özümü də dəvət etdilər ki, bəs Cənab prezidentin göstərişinə uyğun olaraq bizə torpaq sahəsi ayrılıb və bu torpaq sahəsində kooperativ bina tikmək istəyirik. Özü də çox güzəştli qiymətlərlə. Bazar qiymətindən çox aşağı. İstəyirik ki, yazıçılarımızın ortalama olaraq bu vəsaiti ödəmək imkanları yaransın. Həqiqətən də müəyyən yazıçı dostlardan da ərizələr yığıldı və bizim hamımızı arxayın etdilər ki, kooporativ təsis edirik və bir müddətdən sonra cənab Prezidentin ayırdığı torpaq sahəsində tikintiyə başlanılacaq. Amma sonra aydın olur ki, bizdən xəbərsiz Prezident tərəfindən yazıçılar üçün ayrılmış torpaq sahəsi hər hansı bir şirkətə verilib. Bu torpaq sahəsində bir bina tikilib buradanda cəmi 21 mənzil AYB üçün ayrılıb və nədənsə həmin mənzillərin əksər hissəsidə Birlikdə fəaliyyət göstərən administrativ və texniki işçilərə verilir. Bu gün bizi fakt qarşısında qoymağa çalışırlar, ancaq mən hələ də inanıram ki, bu addım Anar müəllimin dəst-xəttinə uyğun deyil. Bu, daha çox onun kölgəsində gizlənən bəzi işbazların təmiz olmayan əməlləridir. Onun yaşından irəli gələn kövrəkliyindən istifadə edib bu oyunbazlığı ediblər.
Çox istərdim ki, bu səhv qərardan geri dönülsün yenidən bu istiqamətdə əvvəldən nəzərdə tutulmuş şəkildə kooperativ sistemi yaradılsın ki, çoxsaylı yazıçılarımız bundan yararlana bilsinlər. Təkrar edirəm, bu torpaq sahəsi hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən yazıçılara verilmiş bir ərməğan idi. Bunu heç bir halda və heç vaxt yaddan çıxarmaq lazım deyildi.
Bu xoş niyyətli addım təhrif olunub və son nəticədə dövlətin yazıçılara qayğı siyasətinə kölgə salınıb. Çox qısa müddət ərzində bu səhvi Yazıçılar Birliyi aradan qaldırılmalı və Prezident tərəfindən yazıçılara verilən torpaq sahəsi yazıçıların özünə qaytarılmalıdır!