Azərbaycan ərazisində noyabrın 1-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.