Son zamanlar tükürpədici cinayət xəbərlərinə tez- tez rast gəlirik. Maraqlısı da budur ki, bu cinayətlərin əksəriyyəti xəyanət səbəbindən baş verir. Məlum məsələdir ki, Azərbaycan milli mentalitetində kişinin xəyanəti nə qədər normal qəbul olunsa da, qadının xəyanəti isə o qədər şiddət və qınaqla qarşılanır. Ancaq çox az insan düşünür ki, nə üçün qadın xəyanət edib. Bunun səbəbi nədir? Elə bu sualla da "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovaya müraciət etdik.
-Mehriban xanım, ilk öncə bilmək istərdik ki, qadınları xəyanətə nə sövq edir?
-Düşünürəm ki, sevmədən ailə qurmaq xəyanətə səbəb olan amillərdəndir. Gənclərimiz vaxti ilə hansısa sevgidən aldığı zərbə nəıticəsində sevmədikləri bir insanla ailə qururlar. Bununla yanaşı insanlar ailə üzvlərinin rəyi, razılığı əsasında ailə qururlar ki, bu da bir müddət sonra ailədə soyuqluğa səbəb olur. Digər bir səbəb isə həyat kredosu ailə qurmaq olan gənclər var ki, onlar üçün qarşı tərəfin kim və necə olması maraqlı deyil. Bir sözlə, ailədə xəyanətin səbəbi biganəlikdən yaranır.
-Ola bilərmi ki, kişinin davranışı qadına xəyanət üçün rəvac versin?
-Qadının xəyanəti bir çox səbəblərdən ola bilər. Bunda təkcə kişiləri günahlandırmaq olmaz. Bəzi ailələrdə kişinin biganəliyi və soyuqluğu da qadını usandıra bilər, ailədən kənarda diqqət və qayğı axtarmağa meylləndirər.
Bu ictimai təsrilərdən, qadının iradəsinin zəifliyindən asılı ola bilər. Qadınlar daha çox fərqli həyat arzusunda olurlar. Bu da onları xəyanətə sövq edir.
Hər bir xəyanət fərdidir və onun öz səbəbi var.
-Əksər vaxtlarda qadın xəyanətə uğrayır, ancaq bu xəyanəti görməməzlikdən gəlir və bağışlayır.
-Bilirsiniz, qızlara verilən tərbiyə prinsipinin əsasını bağışlamaq köklü şəkildə uşaqlıqdan aşılanır. Bunda valideynlərin də böyük rolu var. Valideynlər çox zaman qızlarına bağışlamağı, ailəni dağıtmamağı tövsiyyə edirlər.
Lakin əksər vaxt qadınlar iqtisadi asılı olduğu üçün bağışlamaq məcburiyyətində qalırlar. Digər tərəfdən isə qadınlarda mənimsəmə hissi istənilən halda xəyanəti bəzən bağışlamaq üçün əsas olur. Keçmişdən qalan bəzi misallar da bu xəyanəti bağışlamaq üçün xüsusi təsirə malik olur. Həm də qadınların daha duyğusal və ailəyə bağlı olması xəyanəti bağışlamaq üçün ən əsas psixoloji hallardan biridir
Qadınlardan fərqli olaraq kişilərdə eqo qarşı cinsdən daha yüksəkdir. Sahiblik hissi onları bu xəyanəti bağışlamasına imkan vermir. O cümlədən ictimai rəydə bu cür bağışlamalar kişinin zəifliyi kimi qiymətləndirilir.
Belə kişilər ictimai qınaqla daha kəskin üzləşir. Lakin demək olmaz ki bütün kişilər bağışlamır. Son dövrlər əvvəlki davranışlardan fərqli olaraq xəyanət edən qadınların ərləri tərəfindən bağışlanması halları var. Bu geniş yayılmasa da amma mövcuddur.
İstənilən xəyanət bağışlanmamalıdır
-Maraqlısı budur ki, artıq cəmiyyətdə mövcud olan, lakin köhnəlmiş düşüncələr dəyişir. Məsələn, təkcə qadının yox, kişinin xəyanətinə pis baxan və qınayan kişi qrupu da yaranıb. Halbuki kişinin xəyanətini dəstəkləyən sosium artıq buna qarşı çıxmaga başlayıb. Qadın xəyanəti istənilən halda qəbul edilən deyil. Bu mənim subyektiv fikrimdir.
Hər halda istənilən xəyanət bağışlanmamalıdır.
Lalə Novruzlu