
Yazgül Abdıyeva: “Qənirə xanım bütün həyatını Vətəninə, onun rifahına həsr etdi”
“Qənirə xanımın vəfatı mənim üçün ağır itkidir. Dəyərli dostumu itirdim. Bu gün gözlərimizə yaş, qəlbimizə hüzün doldu”.
Bunu Moderator.az-a açıqlamasında “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva bildirib. Yazgül Abdıyeva qeyd edib ki, mərhum millət vəkili bütün həyatını doğma Azərbaycana, onun çiçəklənməsinə həsr edib:
“O mənim tanıdığım ən güclü insanlardan biri idi.
O, xalqı üçün böyük xidmətlər göstərib, onların sevgisini qazanıb. Dövlətinə, Millətinə, Vətəninə bağlı bir türk övladı olub.
O, bir millət vəkili, vətənpərvər bir xanım kimi hamı üçün əsl örnək idi. Qənirə xanım demək olar bütün həyatını Vətəninə, həmvətənlərinə həsr etdi. Onun təkcə 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı beynəlxalq media platformasında apardığı mübarizə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlər xalqımız və dövlətimiz qarşısında necə böyük xidmətlərə malik olduğunun nümunəsidir.
O, sevgi, xeyirxahlıq və mübarizlik nümunəsi idi və hər zaman da belə xatırlanacaq.
Allah rəhmət eləsin, sevənlərinə səbr versin!”
Seymur ƏLİYEV





























