Muxtar Babayev:
3230
28 Sep 2023 | 18:27

Muxtar Babayev: "Anglo Asian Mining"in fəaliyyəti ilə bağlı monitorinqlər mütəmadi aparılacaq"

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan "Anglo Asian Mining Plc." şirkətinin fəaliyyəti ilə bağlı monitorinqlər mütəmadi olaraq aparılacaq.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bundan sonra yanaşmalar sərtləşdiriləcək: "Əgər monitorinqlər həftədə bir dəfə aparılırdırsa indi daha tez yoxlamalar həyata keçiriləcək. Şirkətlə yanaşı, nazirlik də nəzarəti gücləndirəcək".

M. Babayev qeyd edib ki, "Micon" şirkəti tərəfindən "Anglo Asian Mining"ə qısa, orta və uzunmüddətli planlar tövsiyə edilib: "Şirkətə bu istiqamətdə fəaliyyətini formalaşdırmağı üçün vaxt veriləcək. Onlar da müəyyən çatışmazlıqların olduğunu etiraf ediblər. Şirkətin bu tələb və tövsiyələrin həyata keçirilməsi üçün öhdəlik götürməsini şərt kimi qoymuşuq. Bundan sonra şirkətin işinin bərpası məsələsinə baxıla bilər".

Qeyd edək ki, "Micon" şirkəti Azərbaycan hökumətinin tapşırığı və "İqlim" Azərbaycan ekoloji şirkətinin dəstəyi ilə Gədəbəydə filiz hasilatı və emalı obyektlərinin tam ekoloji inspeksiyasını keçirib.

Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.

Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

Link kopyalandı!
Son xəbərlər