
Moderator.az xəbər verir ki, bugünlərdə Rüfət Hüseynlinin müəllifliyi ilə “Gədəbəyin alimləri” adlı maraqlı kitab işıq üzü görüb.
Kitabda Gədəbəy əsilli elm adamlarının, yaradıcı şəxslərin həyat və fəaliyyətinə toxunulub, onların respublikanın elmi-mədəni həyatındakı rolundan bəhs edilib.
Kitabda “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyevanın elmi-tibbi fəaliyyətinə geniş yer ayrılıb. Yazgül Abdıyevanın tibb sahəsində əldə etdiyi uğurlar, bugünə qədərki kariyera yolu da xronoloji ardıcıllığa uyğun olaraq kitabda yer alıb.
Müəllif Yazgül Abdıyevanın ölkə daxilindəki fəaliyyəti ilə yanaşı, beynəlxalq arenadakı fəaliyyətinə də diqqət çəkib. Yazgül Abdıyevanın qatıldığı çoxsaylı beynəlxalq elmi konfranslarda ölkəmizi uğurla təmsil etdiyinə toxunan müəllif, onu haqlı olaraq həm də milli-mənəvi dəyələrə bağlı əsl vətənprəvər kimi xarakterizə edib.
Məlumat üçün qeyd edək ki, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınan Yazgül Abdıyeva bir sıra nüfuzlu beynəlxalq elmi-tibbi cəmiyyətlərin üzvüdür. Yazgül Abdıyeva pandemiya dönəmi və Vətən müharibəsi dövründə aztəminatlı ailələrə böyük dəstək göstərib, həm maddi, həm də mənəvi baxımdan onların yanında olub.
Seymur ƏLİYEV



























