Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Komitənin sədri Tahir Mirkişili əvvəlcə Azərbaycan iqtisadiyyatının son səkkiz ayının bəzi göstəricilərini açıqlayıb. Diqqətə çatdırıb ki, keçən ilin müvafiq dövrünə nisbətdə ÜDM qeyri-neft sektorunda 3,4 % olmaqla, 0,7 % artıb. Azərbaycan iqtisadiyyatının artım potensialına toxunan komitə sədri iqtisadi sabitliyin və maliyyə dayanıqlılığının saxlanması tendensiyalarından danışıb.
Sonra komitə sədri gündəliyin 1-ci məsələsini - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatını müzakirəyə çıxarıb. O, bildirib ki, hesabat dövründə komitənin 29 iclası keçirilib, bu iclaslarda 223 məsələyə baxılıb, o cümlədən 97 qanun layihəsi və 1 hesabat (Hesablama Palatası) müzakirə edilib. Həmçinin komitənin ünvanına daxil olmuş ərizə və müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb.
Komitənin bu ilin payız sessiyası üçün iş planı ilə bağlı komitə sədri bildirib ki, qarşıdakı sessiyada büdcə zərfi və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Qeyd olunub ki, planda artıq bir neçə yeni qanun layihəsi, o cümlədən Rəqabət Məcəlləsi layihəsi öz əksini tapıb. Eyni zamanda, qarşıdakı sessiyada komitədə aidiyyəti təşkilatların nümayəndələri ilə görüşlərin, ictimai dinləmələrin və digər tədbirlərin keçirilməsi planlaşdırılıb.
Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Fərid Əhmədov iclasın gündəliyində olan “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O bildirib ki, preambuladan və 30 maddədən ibarət Sazişin məqsədi tərəf dövlətlər arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və vergi münasibətlərində əməkdaşlığın gücləndirilməsidir. Sazişin müddəaları tərəf dövlətlərin birinin və ya hər ikisinin rezidenti olan şəxslərin Azərbaycanda fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisinə, Slovakiyada isə fiziki şəxslərin və hüquqi şəxslərin gəlir vergisinə münasibətdə tətbiq edilir.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı komitə sədri diqqətə çatdırıb ki, dəyişikliklər bəzi terminlərin, adların dəqiqləşdirilməsinə və fondun daha effektiv işləməsinə xidmət edir.
Növbəti 4 qanun layihəsi Azərbaycanın ümumdünya poçt xidmətinin bəzi beynəlxalq sənədlərinə qoşulması ilə əlaqədardır. Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Nəzrin Əliyeva “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol”a qoşulmaq haqqında, “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”a qoşulmaq haqqında, “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na qoşulmaq haqqında, “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokoluna qoşulmaq barədə qanun layihələri barədə danışan Nəzrin Əliyeva sənədlərin beynəlxalq poçt xidmətlərinin keyfiyyətinin artırılmasına və təkmilləşdirilməsinə yönəldiyini, həmçinin bu sahədə mövcud olan uyğunsuzluqların və qeyri-dəqiqliyin aradan qaldırılması məqsədinə xidmət etdiyini vurğulayıb.
“Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı T. Mirkişili qeyd edib ki, sənəddə lisenziyanın verilməsi şərtlərinin Azərbaycanın qanunları ilə, icazələrin verilməsi şərtlərinin isə ölkənin qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblər əsasında tənzimlənməsi təklif olunub.
“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu deyən Tahir Mirkişili diqqətə çatdırıb ki, layihə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsini nəzərdə tutur.
“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu bildirən komitə sədri sənəddə fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılmasının nəzərdə tutulduğunu söyləyib.
“Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçirilməsinin təsbit edildiyi diqqətə çatdırılıb.
Sonuncu məsələ ilə bağlı komitə sədri bildirib ki, “Poçt haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) rəqəmsal inkişaf (o cümlədən poçt) və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi nəzərdə tutulub.
Millət vəkilləri komitənin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərlə bağlı hesabatını qənaətbəxş sayıblar, qarşıdakı payız sessiyası üçün iş planı təsdiqləyiblər, gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.