Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və təşkilat məsələləri müzakirə olunub.
Yeni “Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq, BAXCP-nin yenidən dövlət qeydiyyatına alınması ilə bağlı məsələni müzakirə edən İdarə Heyəti bununla bağlı açıqlama qəbul edib.
Açıqlamada deyilir:
“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının İdarə Heyəti partiyanın yenidən dövlət qeydiyyatına alınması münasibətilə BAXCP-nin bütün üzvlərini və tərəfdarlarını təbrik edir. BAXCP İdarə Heyəti ümid edir ki, yeni “Siyasi partiyalar haqqında” qanun ölkədə güclü hüquqi dövlət quruculuğunun, inkişaf və təhlükəsizliyin əsasını təşkil edən siyasi partiyaların inkişafına, çoxpartiyalı siyasi sistemin və siyasi rəqabətin güclənməsinə yol açacaq.
BAXCP iqtidarı siyasi islahatları dərinləşdirməyə və yeni Konstitusiya qəbulu istiqamətində müzakirələr açmağa çağırır.
BAXCP yenidən dövlət qeydiyyatına alınmış bütün siyasi partiyaları təbrik edir, milli maraqlardan çıxış edən siyasi partiyalarla ədalətli, qanunçuluq və demokratiya prinsiplərinə əsaslanan cəmiyyət quruculuğunda əməkdaşlıq etməyə, kənardan yönləndirilməyən və proqram vəzifələri uyğun olanlarla siyasi bloklar qurmağa, hakimiyyət tərəfindən həyata keçiriləcək, xalqımızın daha yaxşı və təhlükəsiz yaşamasını təmin edəcək siyasi, iqtisadi, hüquqi islahatlara, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində hələ də davam etməkdə olan işğala son qoymaq üçün hökumətin Konstitusiya çərçivəsində qəbul etdiyi istənilən qərara dəstək verməyə hazır olduğunu bildirir.
BAXCP hesab edir ki, yalnız əməkdaşlıq zəruri hallarda xilasımız olan milli birliyə gəlməyi təmin edə bilər”.