Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı: prosedur qaydalar
Cəmiyyət
2356
28 Aug 2023 | 10:45

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı: prosedur qaydalar

 

 

 

 

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.

 

 

Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində qeyd olunan mıəsələlər üzrə qeydiyyat işini aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər.

 

 

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, bir qayda olaraq, müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binada (otaqda) həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binalardan (otaqlardan) kənarda da aparıla bilər. 

 

 

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 

 

 

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının elektron qaydada həyata keçirildiyi hallar istisna edilməklə, qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir. Qeydiyyatı elektron qaydada aparılan vətəndaşlıq vəziyyəti akt qeydləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. 

 

 

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan vəzifəli şəxs müvafiq qeydin həmin qeyd üzrə razılığı tələb olunan digər şəxslərlə razılaşdırılmasının yoxlanılmasını təmin edir. Nikahda olan valideynlərdən doğulmuş uşağın doğumunun qeydə alınması üçün valideynlərdən biri müraciət edərsə, bu halda güman edilir ki, o digərinin razılığı ilə hərəkət edir. Müraciət edən şəxs tərəfindən yalan məlumat təqdim edilməsi gələcəkdə həmin akt qeydinin ləğvi üçün əsasdır.

 

 

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları Azərbaycan Respublikasının dövlət dilində yazılır.

 

 

23.09.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi” haqqında Fərman imzalamışdır.

 

 

Hazırda Ədliyyə Nazirliyinin informasiya sistemlərinin digər qurumların informasiya resursları ilə inteqrasiyası nəticəsində doğum və ölüm faktlarının avtomatlaşdırılmış qaydada, vətəndaşın müraciəti gözlənilmədən qeydə alınması imkanı yaradılmışdır.

 

 

Belə ki, tibb müəssisəsində doğum faktı baş verdikdə bu barədə məlumat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə ötürülür və uşağa avtomatlaşdırılmış qaydada təkrar olunmayan və həyatının sonunadək dəyişməyən fərdi identifikasiya nömrəsi (FIN) verilir.

 

 

Bu uşaqları eyniləşdirməyə, doğumu qanunvericiliklə müəyyən olunmuş müddətdə qeydə alınmayanları vaxtında aşkarlamaya, doğumun dövlət qeydiyyatının məcburiliyi barədə bildiriş göndərilməklə valideynləri qeydiyyat şöbəsinə dəvət etməyə, qeydiyyatdan yayınanları inzibati məsuliyyətə cəlb etməyə əsas verir.

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15.07.2022-ci il tarixli 269 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Ailə məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na dəyişikliklər olunmuşdur. Belə ki, doğumun, ölümün və atalığın müəyyən edilməsinin dövlət qeydiyyatı qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə getmədən elektron müraciət əsasında həyata keçirilə bilər. Şəxsin arzusundan asılı olaraq müvafiq şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən çap olunaraq vəzifəli şəxsin imzası ilə təsdiq edilməklə kağız daşıyıcıda da təqdim edilə bilər.

 

 

Doğumun, ölümün və atalığın müəyyən edilməsinin elektron qeydiyyatı zamanı elektron şəhadətnamə informasiya sistemində generasiya olunur və Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müraciət edən şəxsin elektron kabinetində yerləşdirilməsi üçün “MyGov” Elektron Hökumət Portalına ötürülür. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır.

 

 

Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə doğumun qeydə alınması barədə elektron qaydada müraciət daxil olduqda qeydiyyat üçün zəruri olan sənədlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar həmin informasiya sistemində aşkar edilmədikdə onları əks etdirən sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində və ya konsulluq idarəsində dövlət qeydiyyatına alınır. Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən doğum haqqında akt qeydində müvafiq dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir.

 

 

Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır.Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan 13 məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

 

 

Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.

 

 

Hazırda hər bir vətəndaş çox rahat və sadə şəkildə evdən çıxmadan elektron xidmətlərdən istifadə edə bilirlər.

 

 

 

Kamran İbrahimov

Şabran rayon qeydiyyat şöbəsinin rəisi

kiçik ədliyyə müşaviri

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər