“Döyüşlərdə yaralandım, həkimlər dedi ki, boğaz damarındakı qəlpəni çıxarsaq səsin batacaq, ondansa ölərdim”-FOTO
Cəmiyyət
2819
25 Aug 2023 | 13:40

“Döyüşlərdə yaralandım, həkimlər dedi ki, boğaz damarındakı qəlpəni çıxarsaq səsin batacaq, ondansa ölərdim”-FOTO

“Bu gün serial və filmlərə dəvət gəlsə çəkilərəm. Sözün düzü əvvəllər özüm də istəmirdim, amma indi istəyirəm. Hər şey qismətdən asılıdır. Qismət olsa çəkilərəm. Düzdür, bu sahədə də hər kəs öz yaxınını, öz dostunu çəkir. Bu da normaldır. Mən gedib heç kimə deyə bilmərəm ki, məni çəkin. Bu mənim xarakterimə tam yad bir xasiyyətdir. Şuşa Dövlət Musiqili Dram teatrında çalışıram, özüm mədəniyyət evində də tamaşalara quruluş verirəm. Teatr mənim həyatımdır. Ən böyük arzum Şuşada yaşayıb, yaratmaqdır. Kimlərsə o vaxt Şuşadan çıxanda nələrsə gizlədib. Mən heç nə gizlətməmişdim. Heç macal da tapmadım. Bütün arzularımı Şuşada qoyub gəlmişdim. Arzularım gözümdə qalmışdı. Ailəmlə, bir də xatirələrimlə Şuşaya gedib, orada yaşayacam. Hər dəfə dövlət tədbirlərində Şuşaya gedirik. İnanın ki, heç qayıtmaq istəmirəm”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şükufə Musayeva deyib.
 
Aktrisa qeyri-ciddi ssenarilərin və sənətçilərin olmasından da gileylənib.
 
“Tarixi mövzuda əsərlər yazılmalıdır. Qəhrəmanlarımız, şəhidlərimiz haqqında filmlər çəkilməlidir. Açıq-saçıqlığla gündəmə gəlmək, qeyri-ciddi senarili film və serialları çəkmək bizə heç nə qazandırmayacaq. Biz elə 44 günlük zəfərimizi işıqlandırsaq, bizə heç nə lazım deyil. Tarixi mövzulara üstünlük verməliyik” deyə sənətkar bildirib.
Aktrisa bildirib ki, həkimlər onu dəfələrlə ölümdən xilas edib.
 
“2 ilə yaxın o vaxtkı döyüşlərdə iştirak etmişəm. Şuşadan başlayıb Ağdərəyə qədər döyüşmüşəm. Ağdərədə ağır yaralandım. Bədənimdə 100-dən çox qəlpə var idi. Sifətim, alnım, gözümün ağının içinə də qəlpə düşmüşdü. Boğazımın damarında qəlpə qalıb. O vaxt həkimlər dedi ki, o qəlpəni çıxarsaq səs telinə toxunacaq. Dedim ki, ondansa mən ölərəm. Səsim olmayandan sonra mən niyə yaşayıram ki? Mən aktrisayam. Arzularım var idi, 1-ci Qarabağ müharibəsi mənim arzularımın üstündən xəttlər çəkdi. Müharibə həyatımı alt-üst etdi. Sonralar xeyrli gec ailə həyatı qurdum. Aldığım yaralar, travmalar ana olmaq imkanımı məndən aldı. Həmişə deyirdim ki, on uşağım olacaq, amma biri də olmadı. Yenə də Allahın böyüklüyünə şükürlər olsun. Bu gün də canımı vətənim yolunda qurban verməyə hazıram” deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər