“Elə bilirəm ki, övladlarımdan, ailəmdən ayrılmışam, 6 il az müddət deyil”-FOTOLAR
Cəmiyyət
2281
24 Aug 2023 | 16:22

“Elə bilirəm ki, övladlarımdan, ailəmdən ayrılmışam, 6 il az müddət deyil”-FOTOLAR

6 mövsümdür davam edən, reytinqli “Ata ocağı” serialı final edib. Bu haqda serialın baş ssenaristi Valeh Əhmədov Moderator.az-a açıqlama verib.
 
“2017-ci ildə “Ata ocağı” nın həm ssenarisini yazmağa, həm də çəkilişlərini etməyə başladıq. 2017-ci ilin payızından da elə efirdə yayımlanmağa başladı. 2 avqust Milli Kino günündə final etdik. Biz bunu planlaşdırmamışdıq, təsadüfən belə oldu. Final bölümünün məhz Milli Kino günündə yayımlanması bəlkə də Azərbaycan kinosunda kiçik bir izimizin olmasına işarə oldu. Serialın quruluşcu rejissoru Rüfət Şahbazov, kreativ prodüsseri Amiran Babayev idi. “Qələm qrup” ssenarini yazırdı. Maraqlı, çətin və sevincli günlərimiz oldu. Yayımlandığı müddətdə bir çox gündəm hadisələri, günlük yaşadıqlarımızı, krizisi, müharibəni, qələbəmizi, pandemiyanı əks etdirdi. Hekayəmizin biri teatrda baş verirdi, biz sənət camiyəsinə də teatr vasitəsilə öz rəğbətimizi, yaxşı mənada göndərmələrimizi edirdik. Komandanımız gecə-gündüz çalışdı. Bu həyəcanı, sevgini sevincli günləri birgə yaşadıq. “Ata ocağı” bizim hər birimizə böyük uğur gətirdi. 6 il, həftə içi hər gün “Xəzər” televiziyasında yayımlanırdı. İstənilən yerdə, istənilən məkanda sağ olsun izləyicilərimiz öz sevgilərini bildirirdilər. İstər şəhərdə, istərsə də ucqar kəndlərdə olsun. Serialımızın bir neçə kadrı, görüntüsü Türkiyə, Rusiya mediasında da yayımlandı, gündəm oldu. İzləyicilərdən təkliflər gəlirdi ki, bu serialı rus və digər dillərə də çevirin. Orada olan kadrları bir çox izləyicilərin əksəriyyəti real həyatda baş vermiş kimi görürdü. “Ata ocağı” çox simvolik bir ad oldu. Özü də düşünürəm ki, bir tarix oldu. Serial, film tarixində iz qoydu. Gələcək seriallar üçün bir tramplin, uğur yolu açdıq. Serialda çəkilən bütün sənətkarlara, gənc aktyorlara öz təşəkkürümüzü bildiririk. Ən böyük təşəkkürümüz isə siz tamaşaçılaradır” deyə Valeh Əhmədov bildirib.
“Ata ocağı” serialının Şəfiqəsi, xalq artisti Həmidə Ömərova da serial kollektivi üçün çox darıxacağını bildirib.
 
“ “Ata ocağı” serialının kollektivi üçün çox darıxıram. 6 il az müddət deyil. Bu 6 ildə biz “Ata ocağı” nda doğmalaşdıq, ailə olduq. O qədər gözəl, səmimi münasibətlərimiz var idi ki. Elə bilirəm ki, övladlarımdan, ailəmdən ayrılmışam. “Ata ocağı” mənim ikinci ailəm idi. Hərdən istəyirəm gedim Zabrata-çəkiliş məkanımıza. Deyirəm ki, tab gətirmərəm, getmirəm. Hələ özümü saxlayıram. Başda quruluşcu rejissorumuz Rüfət Şahbazov, prodüsserimiz Amiran Babayev, baş ssenari müəllifimiz Valeh Əhmədov olmaqla gözəl kollektivimiz var idi. Bütün kollektivimizə minnətdarlığımı bildirirəm ki, bu 6 ildə hamımıza unudulmaz günlər yaşatdı. Heç bir serialla müqayisə etmək istəmirəm, amma mənə elə gəlir ki, ən gözəl nizam-intizam, qayda-qanun qurulmuşdu bu kollektivdə. Kollektiv illərlə formalaşıb. Həm 6 il, həm də ondan əvvəl Rüfət də, Amiran da, Valeh də 15 ilə yaxındır serial sektorunda çalışıblar. Müxtəlif seriallarda işləyiblər, böyük təcrübə toplayıblar. O qədər böyük təcrübələri olub ki, bu artıq bir norma halını almışdı. Hər bir kəs işə çox məsuliyyətlə yanaşırdı. Anına qədər xatırlayıram. Yemək fasiləsi bizə verilirdi, namaz qılanlar qaçıb namazlarını qılırdılar, yeməklərini yeyirdilər. Vaxtımız çox məhdud idi. Biz ancaq özümüzü işə həsr edirdik. Bu kiçikdən tutmuş böyüyə qədər kollektivimizin hər bir üzvünə aiddir. Hara da gedirəmsə məni yenə də “Şəfiqə xala” deyə çağırırlar (gülür). Bu yəqin ki, hələ bir müddət unudulmayacaq. Hələ də məndən soruşurlar ki, “Ata ocağı”-nın davamı olacaq? Deyirəm ki, xeyr, bitdi. Təssüf ki. Bilirəm ki, Valehi də, Rüfəti də, Amiranı da kino, serial sektorunda yaradıcılıq uğurları gözləyir. Onlar o qədər istedadlıdırlar ki, incəsənətin müəyyən sahələrində özlərini sınayacaqlar. Onlara müxtəlif təkliflər gəlir, özləri də yeni layihələr üzərində işləməyi düşünürlər. İnşallah işləyəcəklər də. Gəncdirlər, enerjiləri tükənməzdir. Onların formalaşmış kollektivləri, insanlarla münasibətləri var. Onlara ancaq böyük yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, bu kollektiv hələ bundan sonra da nəinki Azərbaycan tamaşaçılarını, müxtəlif ölkələrin kino tamaşaçılarını yeni-yeni sanballı, özünəməxsus əsərlərlə, ekran işləri ilə sevindirəcəklər. Bu an Şəfiqə nə deyərdi?! Necə ki, Şəfiqə o evdən çıxmaq istəmirdi, inanın ki, serialın final epizodlarını çəkəndə mən də eynən o hissləri keçirirdim. Necə ki, Şəfiqə heç cür ata ocağını tərk etmək istəmirdi, təkcə mən yox, kollektivimizin heç bir üzvü “Ata ocağı” nı tərk etmək istəmirdik. Siz hesab edin ki, biz “Ata ocağı” nı tərk etməmişik. O illərlə zəhmət çəkdiyimiz lentlərdə, videolarda yaşayır. Eyni zamanda da qəlbimizdə. Hər birimizin “Ata ocağı” serialı haqqında çox gözəl xatirələri var” deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər