Feldmarşal Paulyusu Nürnberq tribunalına təslim etmiş diplomat - Ənvər Məmmədovun 100 yaşı tamam oldu
2493
16 Aug 2023 | 11:56

Feldmarşal Paulyusu Nürnberq tribunalına təslim etmiş diplomat - Ənvər Məmmədovun 100 yaşı tamam oldu

Dünən xalqımızın fenomenal övladlarından birinin - Ənvər Nazim oğlu Məmmədovun 100 yaşı tamam oldu.

Əslində bu şəxsiyyəti iki baxımdan fenomenal insan saymaq olar: 1. Onun bu yaşa sağ-salamat çatması; 2. Keçdiyi həyat yolu, fəaliyyəti.

Sovet dövlət xadimi, diplomat və jurnalist Ənvər Nazim oğlu 15 avqust 1923-cü ildə Bakıda anadan olub. Onun atası Məmmədov Nazim Rauf oğlu repressiya qurbanı olub: 1949-cu ildə həbs edilib, həbsxanada vəfat edib və ölümündən sonra bəraət alıb. Ənvər müəllimin anası Olqa Alekseyevna İvanova makinaçı və kargüzar işləyib.

7-ci sinfi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi kimi çalışıb. 1941-ci ilin iyununda aviasiya məktəbinə kursant kimi qəbul olunub, ancaq zədəsi səbəbindən onu məktəbdən kənarlaşdırıblar.

O, Bakıya qayıdıb və tələbə kimi sovet ordusunun baş qərargahının kəşfiyyat idarəsinin hərbi tərcüməçilər kurslarına göndərilib. Sovet-alman müharibəsinin iştirakçısı olub. 1943-cü ildə yaralandığı üçün ordudan tərxis olunaraq SSRİ Xarici İşlər Xalq Komissarlığına işə göndərilib. 1944-1945-ci illərdə Sovet İttifaqının İtaliyadakı səfirliyinin mətbuat attaşesi vəzifəsində çalışıb. Beynəlxalq hərbi tribunalın sovet hissəsinin tərkibində Nürnberq məhkəmələrində iştirak edib.

RIAN_archive_577312_Writer_Nikolai_Gribachev_and_political_analyst_Enver_Mamedov.jpg (196 KB)

Bəlkə də onun həyatının ən parlaq səhifələri məhz Nürnberq prosesinin canlı şahidi, hətta iştirakçısı olmasıdır.

Ənvər Məmmədov SSRİ Xarici İşlər Nazirliyi sistemində 1950-ci ilin fevralına qədər müxtəlif vəzifələrdə çalışıb. 1953-cü ildə Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib.

1956-cı ilə qədər ABŞ, İngiltərə və Latın Amerikası yayımları üzrə redaksiya şurasının baş redaktoru olub.

1956-cı ildə o, Xarici İşlər Nazirliyinə qayıdıb, 1959-cu ilə qədər SSRİ-nin Vaşinqtondakı səfirliyində müşaviri olub. Uzun illər SSRİ-nin ABŞ-dakı səfiri olmuş, sonradan Sov.İKP MK-nın katibi təyin edilmiş Anatoli Dobrıninin memuarında Ənvər Məmmədov haqqında xoş sözlər var.

1959-1960-cı illərdə Məmmədov Sovet İnformasiya Bürosunun baş redaktoru, agentlik sədrinin birinci müavini olub.

1961-ci ildə o, “Novosti” mətbuat agentliyinin (APN) idarə heyəti sədrinin birinci müavini təyin edilib.

1962-1985-ci illərdə SSRİ-nin Dövlət Televiziya və Radio Verilişləri Şirkəti sədrinin birinci müavini vəzifəsində çalışıb.

127736_src.jpg (48 KB)

1986-1992-ci illərdə APN-də siyasi müşahidəçi, məsləhətçi və RİA-da məsləhətçi olub.

Hazırda o, “RİA Novosti”nin baş redaktorunun müşaviridir.

Ənvər Məmmədov ingilis, alman, italyan və fransız dillərini bilir.

Fəaliyyəti ərzində o, 7 orden, 10 medalla təltif edilib.

Ənvər Məmmədovun oğlu Georgi Məmmədov bir ara Rusiyanın Kanadadakı səfiri olub.

Həmvətənimiz olduqca zəngin karyera sahibidir və çox maraqlı adamdır. O, hərbi kəşfiyyatçı və diplomat olduğu üçün bəziləri kimi mediada “ulduz”a çevrilməyi üstün tutmayıb, başına gələn və şahidi olduğu əhvalatları bəzəyə-bəzəyə danışmağı sevməyib. Ancaq təsəvvür edin ki, Stalindən tutmuş bu gün Rusiyanı idarə edən Putinə qədər son 80 ildə ölkədə fəaliyyət göstərmiş bütün siyasi xadimlərlə şəxsi tanışlığı, ünsiyyəti olan 100 yaşlı veteranın çinədanında nələr, nə söhbətlər var.

Bununla belə, 2015-ci ildə o, Nürnberq məhkəməsinin 70 illiyində bu proseslə bağlı bəzi detalları təfərrüata varmadan jurnalistlərə danışıb.

Bu xatirə II dünya müharibəsinin ən məşhur simalarından biri olan feldmarşal Fridrix Vilhelm Ernst Paulusla bağlıdır.

envpaul.JPG (46 KB)

Ə.Məmmədovun Nürnberq prosesi ilə bağlı xatirəsi: “Məni səfirlikdən (İtaliyadakı) Moskvaya çağırdılar və dedilər ki, Nürnberqə tərcüməçi kimi getməliyəm. Dedilər ki, Nürnberq beynəlxalq məhkəməsində bizim Xalq Komissarlığının rəsmi nümayəndəsi olmayacaq və biz, Londondan olan diplomatımız Oleq Troyanovski ilə birlikdə nominal tərcüməçi olduq. ... Troyanovski hakim İ.Nikitçenko ilə işləyirdi və məni məhkəmədə SSRİ-ni təmsil edən, o vaxtlar Ukraynanın baş prokuroru olan R.Rudenkoya (sonradan SSRİ-nin baş prokuroru olub) təqdim etdilər... Sonra mənə və bir yoldaşıma Paulusu Nürnberqə çatdırmaq üçün çox məxfi əmr verildi. O, SSRİ-dən Almaniyanın sovet işğal zonasına gətirilmişdi.

Mən bu əməliyyatın təfərrüatlarına varmayacağam - bu, Nürnberq məhkəmələri haqqında kitablardan birində ətraflı təsvir edilib - amma mən Paulusu heç kəsə sezdirmədən Amerika ordusunun iki sərhəddəki postlarından keçirdim və onu Nürnberq məhkəməsinə təslim etdim. O özü bundan xəbərsiz idi”.

enver_mamedov.jpg (20 KB)

Ənvər Məmmədov Nürnberq məhkəməsi ilə bağlı suallara tam doğru cavab verməyin vaxtının hələ çatmadığını deyib. Güman ki, bu SSRİ-nin həmin proses zamanı baş verən hadisələrdə tutduğu mövqeyə və yol verdiyi günahlara dairdir. Necə olmasa da, indiki Rusiya özünü SSRİ-nin varisi elan edib və onun cinayətlərindən indiki RF-yə də pay düşə bilər.

Uzun illər Moskvada böyük vəzifələrdə yaşasa da, doğma ölkəsi ilə əlaqəsi tamamilə qopmaq üzrə olsa da, Ənvər Məmmədov azərbaycanlı olduğunu unutmayıb. Bir dəfə o, telejurnalistlər qarşısında çıxış edərkən onun görünüşünə, Paulyusa bənzədiyinə təəccüblənən jurnalistlərə deyib: “Mən beləyəm, Sibir azərbaycanlısıyam”.

Rusiyada, eləcə də dünyada “sibirli olmaq” salamlığın və gümrahlığın təcəssümü sayılır. Ənvər Məmmədovun uzun ömür yaşaması göstərir ki, o, həqiqətən “sibirli sağlamlığı”na malikdir. /Musavat.com/

Link kopyalandı!
Son xəbərlər