Bakıda qanunsuz fəaliyyət göstərən pendir anbarı aşkarlanıb
1554
04 Aug 2023 | 20:30

Bakıda qanunsuz fəaliyyət göstərən pendir anbarı aşkarlanıb

Bakıda qanunsuz fəaliyyət göstərən pendir anbarının fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi, N.Gəncəvi küçəsində fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Nəcbəddin İsmayıl oğluna məxsus anbarda yararsız pendir məhsullarının qablaşdırılması və etiketlənməsi ilə bağlı daxil olan vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, anbarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qanunvericiliyə uyğun olaraq etiket və markalanması olmayan 220 kq saçaq pendir, 90 ədəd 250 qramlıq mozzarella pendiri, ümumi çəkisi 145 kq sosiska məhsulu, 350 kq pendir, 56 kq süzmə şor, istifadə müddəti bitmiş 7 ədəd 16 kiloqramlıq qatıq aşkarlanıb.

Həmçinin, məhsulların divar və döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, işçi heyətin dolablar, sanitar məişət avadanlıqları ilə təchiz edilmiş soyunub geyinmə sahəsi və xüsusi geyimlərlə (saç toru, önlük, xalat, əlcək və s.) təmin edilmədiyi, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı açıq zibil qutularında saxlanıldığı məlum olub. Sosiska məhsullarının müşayiətedici sənədləri və işçilərin dövri tibbi müayinədən keçmələrinə dair sənədlər yoxlamaya təqdim edilməyib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Link kopyalandı!
Son xəbərlər