Son illər ölkədə korrupsiyaya qarşı mübarizənin getdikcə gücləndiyini və onun coğrafiyasının genişləndiyini görürük. Nə baş verir? Bu günlərdə iki rayonda rüşvət faktı üzrə həbslər epizodik xarakter daşıyır, yoxsa bu, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində aparılan ardıcıl tədbirlərin davamıdır?
Görünən budur ki, ölkə ərazisində yeni idarəçilik üsulunun tətbiqinə hazırlığın getdiyi bir dönəmdə, öz ömrünü başa vurmaqda olan yerli İcra Hakimiyyəti orqanlarının rəhbərləri bir qədər təlaşdadırlar. Yerlərdə nüfuzunu itirmiş əksər İcra Hakimiyyəti rəhbərləri onlar üçün sonun yaxınlaşdığını hiss edib daha da “aqressivləşiblər”.
Bu günlərdə baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintiyə icazələrin verilməsi sahəsində baş verən korrupsiya hallarına qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Cəlilabad və Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatlarının Memarlıq və Tikinti şöbələrinin rəhbərləri və bələdiyyə sədrləri vətəndaşlardan rüşvət aldıqları üçün həbs olunublar.
Bu nə deməkdir? Bəs yerli İcra Hakimiyyəti aparatının başçıları rayon ərazisində Memarlıq və Tikinti şöbələrinin rəhbərlərinin və ya bələdiyyə sədrlərinin hansı əməllərlə məşğul olduqlarından xəbərsizdirlərmi? Qətiyyən yox.
Rəhbərlik etdiyi rayonda sahibkarlığa imkan yaratmaq, quruculuq işlərinə yaşıl işıq yandırmaq əvəzinə belə yaramaz əməllərə imza ataraq, vətəndaşları hakimiyyətdən, Prezidentdən narazı salmağa xidmət edən bütün İcra Hakimiyyəti rəhbərləri ən ali cəzaya layiqdirlər. Baxın, son illərdə neçə icra başçısı kürsüsünü itirdi, onlardan neçəsi həbs olundu. Əslində bu cəzalardan digər icra başçıları ciddi nəticə çıxarmalı idilər. Lakin görünən budur ki, onların bir çoxu tamahının əsiri olaraq heç nə ilə hesablaşmaq istəmirlər. Bu o deməkdir ki, belələrinin cəzası daha ağır olmalıdır. Xalqdan ayrı düşmüş və ona yuxarıdan aşağıya baxan yerli rəhbərlər nə düşünürlər. Bu adamlar Prezidentin insanlarla necə ünsiyyət qurduğunu görmürlərmi? Görmürlərmi, Prezident insanlarla görüş zamanı kimliyindən asılı olmayaraq onların hər birinə nə qədər diqqətlə və həssaslıqla yanaşır?
Son bir neçə ildə, respublikanın bir neçə rayonunda, tanınmış şəxslərin yas məclisində iştirak edərkən, başının dəstəsilə o məclisə gələn icra başçılarını görüb, onların insanlardan nə qədər uzaq düşdüyünə bir daha inandım. Yas məclisinə gəlib, insanların üzünə baxmamaq, onlarla sadəcə salamlaşmamağı necə izah etmək olar? Bir anlıq təsəvvür edirsinizmi, ölkə Prezidenti hansısa belə bir məclisə daxil olur. O, mütləq sağında, solunda olan hər kəslə məsafədən də olsa salamlaşacaq.
Bir sözlə, köhnəlmiş yerli idarəçilik üsulu artıq zamanla heç bir formada ayaqlaşa bilmir. Ona görə də Prezident bu ilin əvvəlində ölkədə yeni idarəçilik üsulunun tətbiqinin anonsunu verdi.
Bölgəyə rəhbərlik edən şəxs unutmamlıdır ki, o yerdə dövlətin Başçısını – Prezidenti təmsil edir. Deməli, onun bütün davranışı da Prezidentin adına layiq olmalıdır. Prezident dəfələrlə məmurlara deyib: - siz xalqın xidmətçilərisiniz. Bəs xalqın içərisinə gəlib, ona salam verməyən başçı xalqına necə xidmət edə bilər?
Fikrət Yusifov
Iqtisad elmləri doktoru, professor,
sabiq maliyyə naziri