Kəmalə Ağazadə: “Körpəsi boğularaq öldürülən qadının ayaqları çürüyür” - YENİLƏNİB + VİDEO
1652
02 Aug 2023 | 12:48

Kəmalə Ağazadə: “Körpəsi boğularaq öldürülən qadının ayaqları çürüyür” - YENİLƏNİB + VİDEO

“Məsələdən xəbərdarıq. Azyaşlı sığınacağa, ana isə xəstəxanaya yerləşdirilib”.

Bu barədə Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, komitə qadının müalicəsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlara başlayıb:

“Hazırda qadın Kürdəmirdə fəaliyyət göstərən tibb müəssisələrindən birinə yerləşdirilib. Vəziyyəti nəzərə alınaraq müalicəsinə başlanılıb. Onun müalicəsini Bakıda fəaliyyət göstərən tibb müəssisələrindən birində davam etdirməsi ilə bağlı danışıqlar aparılır. Məsələ nəzarətdə saxlanılacaq. Qadının qızı isə müvafiq qaydada sığınacağa təhvil verilib”.

12:24

Sığınacağa yerləşdirilən körpənin anası baxımsız vəziyyətdədir.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, qadın Kürdəmir şəhər sakini Ruhiyyə Mahmudovadır:

“Bir neçə gün öncə biz sığınacaqdakı uşaqlar üçün Nabranda yay düşərgəsi təşkil etmişdik. Bu məsələ ilə bağlı ilk şikayət də məhz həmin ərəfədə gəldi. Kürdəmir Rayon Polis Şöbəsinin inspektoru tərəfindən müraciət olundu. Uşağı birbaşa bizim yanımıza gətirdilər və gördüm ki, uşaqda davranış pozğunluğu var. Uşaq çox aqressiv idi və yemək, davranış məsələlərində ciddi nöqsanlar var. Məlum oldu ki, anası yataq xəstəsidir. Telefonda bəzi məsələlər mənə qaranlıq qaldığı üçün qadınla üzbəüz söhbət etmək üçün yanına, Kürdəmirə getdim. Danışan zaman qadın deyir ki, onu bu vəziyyətə 11 il əvvəl birinci həyat yoldaşından olan qızını boğaraq öldürən və özünü də məcburi nikaha vadar edən şəxs salıb. Qadın iddia edir ki, onu bu vəziyyətə salan hazırda məhkumluq həyatı yaşayan Qeyrət Süleymanov adlı şəxsdir. Qadının sözlərinə görə iki il öncə o, həbsxanaya bir neçə gün Q.Süleymanovun yanında qalmağa gedib.

Lakin onun bu dediklərini sübut edəcək heç bir sənədi yoxdur. Dediyinə görə, Q.Süleymanovun qardaşı arvadı Ruhiyyəyə çatdırıb ki, Qeyrətin sənə sözü var, mütləq həbsxanaya görüşünə get. O da gedib. Daha sonra bir dəfə də görüşə çağırıb və gəlməsə övladlarını öldürməklə təhdid edib. Ruhiyyə də məcbur olub getdiyini deyir. O görüş günü Q.Süleymanov tüpürcəyini şprisə çəkərək qadının ayaqlarına vurub. Bunu onu qısqandığı və yataq xəstəsi olması üçün edib. İki ildir qadının ayaqları çürüyür. Bu nə dərəcədə doğrudur, tibbi cəhətdən bu nə kimi fəsad verə bilər, bilmirəm. Bunu tibb işçiləri, ekspertiza dəqiq deyə bilər. Lakin qadının dizi bükülmür, ayaqları çürüyür. Artıq, demək olar ki, atrofiya olub. Mən inanmıram ki, bu ayaqlar bərpa olunsun.

Qadın deyir ki, birinci yoldaşından Zəhra və Vüqar adlı iki övladı var idi. Qızı boğularaq öldürülüb. Həmin məhkumluq həyatı yaşayan Q.Süleymanov 11 il öncə Ruhiyyə Mahmudovanın birinci evliliyindən olan 3 yaşlı qızını boğub öldürdüyü üçün 15 il müddətinə azadlıqdan məhrum edilib. Qadının dediyinə görə, o, uşağı boğub, boynunu sındırıb və çantaya qoyub. Qadının digər övladını da öldürməklə təhdid edib. Bu səbəbdən də Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin uşaq bizim sığınacağa yerləşdirilib”.

Kəmalə Ağazadə onu da qeyd edib ki, məsələ ilə bağlı bütün aidiyyəti qurumlara müraciət ünvanlayıb:

“Mən aidiyyəti qurumlara üz tuturam. Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyindən bu qadına kömək etmələrini rica edirəm. Bu qadının müalicəyə ehtiyac var. Bəlkə ona pensiya təyin etmək olar? Heç olmasa qanunla nə lazımdırsa, qurumların səlahiyyətləri nəyə çatırsa, bunu edək. Məsələ çox ciddidir”.

Link kopyalandı!
Son xəbərlər