Surət Hüseynovun aeroportda ürəyi dayanıb, xəstəxanaya aparılanda döyünməyə başlayıb - YENİLƏNİB
3162
31 Jul 2023 | 18:01

Surət Hüseynovun aeroportda ürəyi dayanıb, xəstəxanaya aparılanda döyünməyə başlayıb - YENİLƏNİB

Səhhəti qəfil pisləşən sabiq baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.

Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb.

Xəstəxanada olan yaxınlarının sözlərinə görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq Moskvadan Moldovaya getmək üçün İstanbuldakı yeni hava limanına gəlib.

O, elə aeroportda infarkt keçirib, ürəyi dayanıb. İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib.

Surət Huseynovun səhhəti stabildir, angioqrafiya (anju) olunacağı bildirilir, eyni zamanda, böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir.

15:30

 
“Hələ dəqiq bilinmir, nə baş verib”.
 
Bu sözləri “Qaynarinfo”ya Surət Hüseynovun Kamran adlı kürəkəni bildirib.
 
Onun sözlərinə görə, Surət Hüseynov hazırda İstanbulda xəstəxanaların birindədir:
 
“Onun reanimasiyada olduğu bildirilir. Hələ ki oraya gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər, komaya düşüb”.
 
Surət Hüseynovun kürəkəninin sözlərindən belə anlaşılıb ki, keçmiş baş nazirin səhhəti qəfil pisləşib. Çünki onun səhhətində problemlərin olduğu müşahidə olunmayıb.
 
“Vallah, bilinmir, qəfil olub, deyəsən. Bir oraya gedək çıxaq, ondan sonra dəqiq biləcəyik. Hələlik heç nə deyə bilmirik”, - Surət Hüseynovun kürəkəni söyləyib.
 
14:21
 

Sürət Hüseynov komaya düşüb.

Bu barədə “Qaynarinfo”ya sabiq baş nazirin yaxınları məlumat veriblər.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

13:56

Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun yaxınları bildirib.
 
Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmadan vəfat edib.
 
Qeyd edək ki, Gəncədə anadan olan 64 yaşlı Surət Hüseynov Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991), Baş nazirin müavini (1993) vəzifələrində olub. Silahlı dəstələr yaratmaqla hakimiyyəti ələ keçirməyə cəhd edən S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb.
 
1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.
 
Ölkəni tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.  2004-cü il martın 17-də Prezident İlham Əliyevin Əfv Fərmanı ilə həbsdən azad olunub.
 
Bundan sonra Türkiyə başda olmaqla xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.
 
Link kopyalandı!
Son xəbərlər