Bizi sosial şəbəkələrdən izləyin:
Gələn il 12-14 mart tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq Bakı Su Həftəsi təşkil ediləcək.
Bu barədə "Caspian Event Oraganisers" şirkətindən bildirilib.
Bakı Su Həftəsi çərçivəsində Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının keçirilməsi planlaşdırılır. Tədbirin təşkil edilməsində əsas məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəmizə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, eləcə də bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.
Tədbir içməli suların emalı, su təchizatı və tullantı sular üzrə inşaat və qazma texnikası və avadanlığı, su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi, su təsərrüfatında İnformasiya və kommunikasiya texnologiyaları, suyun duzsuzlaşdırılması texnologiyaları, təbii fəlakətlərə qarşı tətbiq olunan texnologiyalar, laboratoriya avadanlıqları, tullantı və yağış suların axıdılması və emalı sistemləri üzrə bölmələri əhatə edəcək.
Bakı Su Həftəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən rəsmi dəstək göstərilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsindən bəhs edərkən bildirib ki, su təsərrüfatı sahəsində beynəlxalq tədbirin keçirilməsi Azərbaycanda bu sektora yeni texnologiyaların tətbiqinə zəmin yaradacaq, həmçinin yerli və xarici şirkətlər arasında əməkdaşlığın daha da genişlənməsi ilə yadda qalacaq.
"İnanıram ki, bu tədbir mütəxəssislərə, hökumət təşkilatlarına və biznes sektoruna bilik və təcrübə mübadiləsi, yeni ideyaları araşdırmaq və su ilə bağlı problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaq. Bakı Su Həftəsi çərçivəsində təşkil olunan konfrans, panel müzakirələri və sessiyalar su ehtiyatlarının idarə edilməsi, su təchizatı və bununla bağlı digər mövzular üzrə problemlərin aradan qaldırılması üçün praktik həllərin işlənib hazırlanması, eləcə də su ehtiyatlarından davamlı istifadə və idarə olunmasının vacibliyi barədə ictimaiyyətin məlumatlılığının artırılmasına kömək edəcək",- Z. Mikayılov qeyd edib.