“ABŞ Azərbaycanın Laçın yolunu həm kommersiya, həm humanitar, həm də şəxsi avtomobillər üçün "blokada" vəziyyətində saxlamasından narahatdır".
Bunu həftəsonu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. O bildirib ki, guya humanitar hərəkatların “dayandırılması” vəziyyəti “pisləşdirir” və sülh prosesində etimadın yaradılması səylərini “sarsıdır”: “Vaşinqton regionda sülhün Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsini ehtiva etməsi fikrini dəstəkləyir. Biz bu məqsədə çatan dialoqu alqışlayırıq”.
Qeyd edək ki, Bakı bir neçə dəfə Ağdam-Xankəndi yolu ilə Qarabağdakı erməni əhaliyə yardım imkanını təklif etsə də, erməni icmasını girov saxlayan separatçı-terrorçular bundan imtina edir. Yeri gəlmişkən, iyulun 22-də “Euronews”in jurnalisti Anelisa Borxes Laçın sərhəd-keçid məntəqəsini ziyarət edib. Axar.az xəbər verir ki, bu barədə jurnalist öz sosial şəbəkə hesabında status paylaşıb.
“Laçın dəhlizi. 22 iyul. İndi buradan Qırmızı Xaç Komitəsinin maşınları keçir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin ən mübahisəli hissəsidir. Ermənilər deyirlər ki, Azərbaycan onları mühasirədə saxlayır, baxmayaraq ki, azərbaycanlılar, sadəcə olaraq, sərhədlərinə nəzarət edir, humanitar yardımın keçməsinə icazə verirlər”, - o bildirib.
Qeyd edək ki, erməni mediası ya onun statusunu tam verməyib, ya da Borxesin “çox güman ki, Şuşada keçirilən qlobal forumun iştirakçılarından biridir” deyə, onun mövqeyini nəyəsə bağlamağa, bu cür şərləməyə çalışıblar. Əlavə edək ki, az öncə BMT yanında Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın Laçın nəzarət-buraxılış postunun qanunsuzluğu ilə bağlı iddiasını rədd edib. O zaman ABŞ nədən ilin-günün bu vaxtında “blokada”dan narahat olsun ki, üstəlik, Bakı humanitar təchizat üçün Ağdam yolunu da təklif edibsə və Brüsseldə bu variant dəstəklənibsə...
Bəhruz Məhərrəmov: “Cənab İlham Əliyevin yaratdığı yeni geosiyasi situasiya dəyişməyəcək”
Deputat Bəhruz Məhərrəmov Ali Baş Komandanın yaratdığı reallığın dəyişməyəcəyinə əmindir: “ABŞ Dövlət Departamenti sözçüsünün "Azərbaycanın Laçın yolunu həm kommersiya, həm humanitar, həm də şəxsi avtomobillər üçün “blokada” vəziyyətində saxlamasından" narahatlıq ifadə etməsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin Vaşinqton platforması ilə bağlı suallar meydana çıxarır. Əgər ABŞ reallığı və Azərbaycanın mövqeyini nəzərə almadan, habelə ən əsası Beynəlxalq Ədalət Məhkəməsinin qərarını heçə sayaraq separatçıların və Ermənistanın dediyini təkrar edirsə, bu artıq sülh prosesində Vaşinqtonun qərəzsiz və tərəfsiz olmasını şübhə altına alır. Bu mövqe 30 il sonra Vaşinqtonun “907-ci düzəliş” rüsvayçılığını təkrarlaması deməkdir. Dünyanın aparıcı güclərindən biri və BMT TŞ-nin daimi üzvü kimi ABŞ ədalətli davranmalı və beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır.
Bildiyiniz kimi, Brüssel prosesi çərçivəsində Avropa İtiffaqı Şurasının Prezidenti cənab Şarl Mişel özü məsələ ilə bağlı ədalətli mövqe ifadə edib. Beynəlxalq Ədalət Məhkəməsi ermənilərin humanitar fəlakət və blokada tələblərini əsassız sayaraq rədd edib, habelə cəmi iki gün öncə “Euronews”un jurnalisti Laçın sərhəd-keçid məntəqəsini ziyarət edərək Qırmızı Xaç Komitəsinin maşınlarının sərbəst keçdiyini, ermənilərin iddia etdiyi kimi, mühasirədə saxlanmadıqlarını və azərbaycanlıların, sadəcə olaraq, öz sərhədlərinə nəzarət etdiyini göstərərək bəyan etmişdi. Bütün bunların fonunda Vaşinqtondan səslənən bu fikirlər ABŞ-ın beynəlxalq hüquq normalarını və oturuşmuş beynəlxalq davranış qaydalarını pozmasıdır. Bildiyiniz kimi, 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə möhtərəm Prezident də bəyan etmişdi ki, “Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar”.
İndi təbii ki, bizi proseslərin sonrakı mərhələsi maraqlandırır. Biz Vaşinqton kimi tərəfdaşımızın reallığa ədalətli yanaşmasını arzu edirik, lakin əks ssenarinin mümkünlüyü halında belə, cənab İlham Əliyevin yaratdığı yeni geosiyasi situasiya dəyişməyəcək, Vaşinqton özü də tədricən regionda maraqları naminə bu reallığı həzm etməli olacaq".
Niyaməddin Orduxanlı: “Azərbaycan tam haqlıdır və...”
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı burada, ümumiyyətlə, blokadadan söhbət getmədiyini söylədi: “Amerika Azərbaycanın ermənilərə görə Laçın yolu ilə bağlı narahatlığını gizlədə bilmir. Çünki ermənilərə böyük sevgiləri var. Azərbaycan Xankəndidə yaşayan erməniləri blokadaya almayıb. Hər gün biz Laçın buraxılış məntəqəsindən onlarla erməninin Ermənistandan Xankəndinə və ya əksinə hərəkət etdiyini görürük. Hansı beynəlxalq hüquqa sığır ki, qonşu ölkədən gələnləri yoxlamayasan?! Amerika bir quşu belə yoxlamadan öz ölkəsinə buraxmır. İndi də Azərbaycan 30 ildir Azərbaycana düşmənçilik edənləri, Ermənistandan gələn və gedənləri yoxlayır. ABŞ-ın bu bəyanatını Azərbaycana olunan təzyiq kimi qiymətləndirirəm və elə həmin ABŞ-a sual vermək istəyirəm ki, uzun illərdir Azərbaycan ərazisi olan və yüz minlərlə vətəndaşı yaşayan Naxçıvanı Ermənistan tam blokadaya alıb və niyə bir dəfə də olsun bəyanat verməmisiniz?! Naxçıvan əhalisi qışda ən ağır və dözülməz şəraitdə saxlanılırdı. O zaman niyə humanizm və ya insan faktoru yadınıza düşmürdü? Bu cür ikili yanaşmadır ki, Azərbaycan xalqı ABŞ-dan ədalətli mövqe gözləmir. O Amerika ki, təcavüzə məruz qalan Azərbaycana sanksiya tətbiq etdi. Təcavüz edən Ermənistana dəstək verdi. Söhbət 907-ci düzəlişdən gedir. Rusiyanı Ukraynanın ərazisini işğal etdiyinə görə işğalçı adlandırır, sanksiya tətbiq edir, ancaq Azərbaycanın ərazisini işğal edən Ermənistana hər cür dəstək verir. Bunun adı nədir? Xalqımız Amerikadan bu suala cavab gözləyir. Vaşinqton regionda sülhün təminatını istəyirsə, haqqın yanında olmalıdır. Bakının Ağdam-Xankəndi yolu ilə Qarabağdakı erməni əhaliyə yardım imkanını təklif etməsini niyə dilə gətirmir? Axı erməni icmasını girov saxlayan separatçı-terrorçular bundan imtina edir. Bunu yaxşı bilirlər. Xarici jurnalistlərin Laçın buraxılış məntəqəsindən Qırmızı Xaç Komitəsinin maşınlarının keçdiyinə dair yaydığı məlumatları da “görmək” istəmirlər. BMT yanında Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın Laçın nəzarət-buraxılış postunun qanunsuzluğu ilə bağlı iddiasını rədd etməsi faktı da onu deməyə əsas verir ki, Azərbaycan tam haqlıdır və heç bir blokadadan söhbət gedə bilməz".