Goranboyda beynəlxalq arxeoloji ekspedisiya tədqiqatlar aparır
Cəmiyyət
1519
23 Jul 2023 | 20:20

Goranboyda beynəlxalq arxeoloji ekspedisiya tədqiqatlar aparır

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Fransa Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi tədqiqatların aparılmasına dair anlaşma memorandumuna əsasən, Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlara başlanılıb.

Beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində Azərbaycan alimləri ilə yanaşı, Fransa və İtaliyanın bir neçə elmi mərkəzindən olan mütəxəssislər iştirak edir.

Tarix üzrə fəlsəfə doktorları, arxeoloqlar Müzəffər Hüseynov, Bəxtiyar Cəlilov və onların fransalı həmkarı Culio Palumbinin rəhbərlik etdiyi beynəlxalq arxeoloji ekspedisiyanın apardığı qazıntıların ilkin nəticələrinə görə, Qaraçinar abidəsi İlk Tunc, Orta tunc, Antik və Orta əsrlər dövrlərini əhatə etməkdədir.

Əldə edilən maddi mədəniyyət nümunələri və mədəni təbəqə yatımının xüsusiyyətlərinə əsasən abidənin əsas hissəsi Erkən Tunc dövrünə aid edilir.

Arxeoloji qazıntılar zamanı abidənin İlk Tunc dövrü, Kür-Araz mədəniyyəti təbəqəsindən zəngin maddi mədəniyyət nümunələri ilə yanaşı, çiy kərpicdən dairəvi və dördkünc formada inşa olunan tikili qalıqları da aşkar edilib. İlkin tədqiqatlar göstərir ki, Qaraçinar qədim yaşayış yeri Kür-Araz mədəni təbəqəsinin qalınlığı baxımından Cənubi Qafqaz ərazisində qeydə alınan ən böyük abidələrdən biridir.

Yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı Kür-Araz mədəniyyətinin mənşəyi və inkişaf dinamikası haqqında yeni fikirlər söyləmək mümkün olmuşdur.

2023-ci ildə aparılan arxeoloji qazıntılar zamanı abidənin erkən tunc dövrünə aid mədəni qatlarından zəngin maddi mədəniyyət nümunələri-saxsı qab nümunələri, əsasən əkinçilik təsərüfatında istifadə olunan daş əmək alətləri, obsidian və çaxmaqdaşıdan hazırlanmış ox ucluqları, oraq dişləri və kəsici alətlər aşkar edilib.

Buradan əldə edilmiş sümükdən hazırlanmış iynə və bizlərə əsasən abidənin qədim sakinlərinin təsərrüfat və məişətində sümükişləmənin yüksək səviyyədə olduğunu söyləyə bilərik.

Qaraçinar qədim yaşayış yerində aparılan arxeoloji qazıntılarda iştirak etmək üçün İtaliyadan dəvət olunmuş topoqraf mütəxəssis tərəfindən abidənin geniş topoplanı və qazıntı sahəsinin 3D görüntüləri də hazırlanıb.

Abidədə aparılan tədqiqatlar zamanı müasir elmin tələblərinə uyğun metod və üsullardan istifadə edilib, fotoqrammetrik çəkilişlər aparılıb və beynəlxalq laboratoriyalarda analiz etmək üçün müxtəlif artefaktlardan nümunələr götürülüb.

Abidənin əhəmiyyəti nəzərə alınaraq burada arxeoloji işlərin gələcək illərdə də davam etdirilməsi qərara alınıb.

Link kopyalandı!
Son xəbərlər