"Elza Seyidcahanın rabitəsiz, qətlə yetirilmiş, “işgəncə”dən əzab çəkən, zarıyan “şeir”lərini illərdir ki, yüzminlərlə, bəlkə də milyonlarla həmvətənimiz müzakirə edir"
"Mənə elə gəlir ki, Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv olmasında fayda var. Bundan sonra heç kim, “mən it ilindən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm” deyib özünü ədəbi cameəyə və ondan bir qədər az real oxucu “kütləsi”nə sırıya bilməyəcək. Deyəcəklər ki, hə, nə olsun, Elza Seyidcahan da Azərbaycan Yazıçılar Birliyinin üzvüdür də...”"
Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, politoloq Elçin Mirzəbəyli Əməkdar artist Elza Seyidcahanın AYB-yə üzv seçilməsinə münasibət bildirərkən deyib. Elçin Mirzəbəyli bu sözlərinin ironiya deyil, “həqiqət payı” daşıyan zarafat olduğunu qeyd edərək, bildirib:
"Təəssüf ki, çoxları Elza Seyidcahanın AYB-yə üzvlüyündə gerçək ədəbiyyatın və ədəbiyyat adamlarının, əlahəzrət sözün, az qala hər kəsin gözünün içinə sıçrayan ironiyasını tuta bilmədi. Gecə-gündüz Elza Seyidcahanın söz yığınını sosial şəbəkələrdə paylaşanlar, votsap statusuna qoyanlar, bəh-bəhlə müzakirə edənlər də aşırı bir aqressiya ilə onun AYB üzvlüyünə etirazlarını bildirdilər. Söyüş, təhqir, lağlağı formasında, toplumun klassik linç ənənəsinə xas olan bir şəkildə yəni. Doğrusu, bütün bunların səbəbini anlaya bilmirəm. Elza Seyidcahanın rabitəsiz, qətlə yetirilmiş, “işgəncə”dən əzab çəkən, zarıyan “şeir”lərini illərdir ki, yüzminlərlə, bəlkə də milyonlarla həmvətənimiz müzakirə edir, paylaşır, votsapla bir-birilərinə göndərirlər, amma bu illər ərzində nədənsə yüzminlərlə, milyonlarla azərbaycanlının əsl ədəbiyyat nümunələrini müzakirə etdiyinin, paylaşdığının şahidi olmadım. Kimi dinləyir, oxuyur, müzakirə edir azərbaycanlılar? Söhbət çoxluqdan gedir.
Elza Seyidcahan bizim ölkəmizdə çoxluğun, bəlkə də əhalinin 80-90%-nin şairidir. Elza Seyidcahanı “ədəbiyyat fenomeninə” çevirənlər AYB-ni niyə “top atəşi”nə tuturlar ki? AYB sadəcə çoxluğun seçimini, zövqünü, daha doğrusu, zövqsüzlüyünü nəzərə alıb. Azərbaycan Yazıçılar Birliyi yaxın tarixində ilk dəfədir ki, kütlənin təşkilatına çevrilmək, onun istəyinə, prioritetlərinə uyğun fəaliyyət istiqaməti seçmək istəyib. Buna da imkan vermirsiniz.
Hələ bu harasıdır, Balaəlini də AYB-yə üzv etmək lazımdır. Növbəti qirultaylarda bəlkə sədr də seçilə bildi..." /Musavat.com /