“Azərbaycan polisi peşəkarlığına görə bir sıra Avropa ölkələrinin təhlükəsizlik orqanlarını üstələyir” - FOTO
Cəmiyyət
1946
01 Jul 2023 | 17:45

“Azərbaycan polisi peşəkarlığına görə bir sıra Avropa ölkələrinin təhlükəsizlik orqanlarını üstələyir” - FOTO

“İyulun 2-si ölkəmizin həyatında önəmli yer tutan, qanunlarımızın keşiyində dayanan, dövlətimizə və xalqımıza sədaqətlə xidmət edən Azərbaycan polisinin peşə bayramıdır”.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.

Qeyd edək ki, Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

A.Qafarovun sözlərinə görə, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan Azərbaycan polisi ötən 105 il ərzində şərəfli bir yol keçib:

“Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 2 il ərzində böyük vətənpərvərliklə müstəqil dövlətimizin milli maraqlarının və qanunlarının keşiyində duran Daxili İşlər Nazirliyi Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində də inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr, zəngin təcrübə qazanıb.

Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Ulu öndərin bu diqqət və qayğısı, həmçinin daxili işlər orqanlarının şəxsi heyətinin milli ruhda formalaşması istiqamətində atılan addımlar öz bəhrəsini verib. 

Belə ki, ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə məhz milis olub.

Bu döyüşlərdə 1695 polis əməkdaşı və nazirliyin hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə Nazirliyin 67 nəfər əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb. Eyni zamanda müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti uğurlu olub. 

Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən yüzdən artıq polis əməkdaşı və hərbi qulluqçu həlak olub, minlərlə əməkdaşımız xəsarət alıb. 

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev də daim Azərbaycan polisinə diqqət və qayğı göstərib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.

Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur”.

O qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 50-ə yaxın ölkənin polis strukturları ilə işgüzar münasibətlər yaradıb:

“Son illər ərzində polis əməkdaşları müxtəlif  ölkələrdə keçirilən təlim və treninqlərdə öz peşəkarlıqlarını və ixtisaslarını artırır, digər ölkələrin hüquq-mühafizə orqanlarının təcrübəsini öyrənir, ən müasir texnologiyaları uğurla tətbiq edir və dünyanın 144 ölkəsi arasında “Polis orqanlarının etibarlılığı” və “Mütəşəkkil cinayətkarlıq” göstəriciləri üzrə öndə gedən yerlərdən birini tutur.

Bu gün şəxsi heyətin peşə hazırlığı zamanın yeni təhdid və çağırışlarına cavab verən səviyyəyə yüksəlib və bu sahədə ardıcıl iş aparılır. Bunun nəticəsidir ki, son 20 ildə 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.

Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb.

Azərbaycan polisi yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün Azərbaycan dövləti tərəfindən  görülən qabaqlayıcı tədbirlərdə də ön sıralarda dayananlar idi. Pandemiya ilə mübarizədə ön sırada dayanan Azərbaycan polisi vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət apardı.

 

Polis əməkdaşlarının pandemiya dövründə nümunəvi fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev həmin dövrdə: “Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq”, - deyə bildirib. Polislərimiz pandemiya dövründə qaydalara nəzarət etməklə yanaşı, ehtiyacı olan vətəndaşlarımıza köməklik göstərməklə də böyük humanistlik nümayiş etdirirlər.

Pandemiya  dövründə elan edilən xüsusi karantin günlərində polislərimiz öz səhhətlərini təhlükəyə ataraq vətəndaşlarımızın virusa yoluxma riskini azaltmaq üçün əllərindən gələni etdilər”.

“Son illərdə DİN-in Daxili Qoşunların fəaliyyətində də böyük irəliləyiş və inkişaf öz əksini tapıb. Ölkə rəhbərliyinin qayğısı ilə əhatə olunan hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu yaxşılaşır, silah-sursat təminatı, avtomobil və zirehli texnika parkı yenilənir.

Bütün bunların nəticəsidir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları da ön cəbhədə iştirak edərək mərdlik, qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərdilər.

Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında Azərbaycanın haqq işinin müdafiəsində fəal iştirak etdilər. Nəticədə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları arasında 66 nəfər şəhid oldu, 346 hərbi qulluqçu yaralandı, dörd nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü.

Son illərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Sabunçu, eləcə də Ağstafa və Ağcabədi rayonlarında yeni inşa olunan “N” saylı hərbi hissələrinin açılışlarınsa iştirak etməsi, eləcə də hər il Polis Günü ərəfəsində onlarla əməkdaşı dövlət mükafatlarına layiq görməsi və bütün şəxsi heyəti təbrik etməsi bir daha ölkə rəhbərinin daxili işlər orqanlarına göstərdiyi xüsusi diqqət və qayğının əyani təzahürüdür.

Azərbaycan polisi Birinci Qarabağ savaşında olduğu kimi, 44 günlük Vətən müharibəsi zamanı da torpaqlarımızın azad olunması işində Ali Baş Komandan İlham Əliyevin əmrində, xalqın isə hər bir nümayəndəsinin yanında oldu. Müharibə dövründə tətbiq edilən komendant saatı günlərində polis və Nazirliyin hərbi qulluqçuları tərəfindən Bakı şəhəri ilə yanaşı, cəbhəyanı bölgələr ictimai asayiş 24 saat tam təmin edildi.

Bu gün uzun illər azad olunmağını gözləyən torpaqlarımızda polis əməkdaşları hərbi qulluqçularımızla birlikdə asayişi qoruyur düşmən təxribatlarının qarşısını almaq üçün ayıq-sayıq xidmət aparır. Azad edilən şəhər, rayon, qəsəbə və kəndlərimizdə təhlükəsizliyin, həmçinin, ictimai asayişin qorunub-saxlanılmasına görə birbaşa məsuliyyəti Azərbaycan polisi daşıyır.

Bu gün daxili işlər orqanlarında xidmət etmək arzusunda olan gənclər üçün də münbit şərait yaradılıb. Mütəmadi olaraq Nazirliyin rəhbərliyinin iştirakı ilə paytaxt və bölgələrdə sıra baxışları keçirilir. Burada dünyagörüşlü, texnologiyaların sirlərinə bələd, vətənpərvər, müstəqilliyimizi, milli maraqlarımızı uca tutan gənclər ədalət prinsipləri əsasında daxili işlər orqanlarında xidmətə qəbul olunurlar.

Öz andına həmişə sadiq olan və dövlətçiliyin keşiyində əzmlə dayanan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək”, - deyə DİN rəsmisi əlavə edib. 

Qeyd edək ki, Azərbaycan daxili işlər orqanlarının şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdi. Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək verilən bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdi.

44 günlük Vətən müharibəsində Daxili Qoşunların 66 əməkdaşı şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan Polisinin çevikliyinin, peşəkarlığının Bakıda fəaliyyət göstərən marketlərin birində  terror aktı, terrorçuların operativ şəkildə zərərsizləşdirilməsində gördük. 

Ötən il Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin  89,7%-i açılıb. Ağır və xüsusilə ağır cinayətlərin 85,3%-i, şəxsiyyət əleyhinə qanun pozuntularının  98,2%-i, açılb. Statistik göstəricilərə göstərir ki, Azərbaycan polisi peşəkarlığına görə nəinki regionun, o cümlədən bir sıra aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını üstələyir. Belə ki, ölkəmizin kriminal indeksi  Litva, İspaniya, Macarıstan kimi Avropa İttifaqı ölkələrindən daha aşağıdır.

Link kopyalandı!
Son xəbərlər